19 iyun. Saat 16:45. “Nərimanov” kinoteatrının qarşısı. Həmkarlarla müşahidə aparırıq. Polis “Nərimanov” bağını dörd bir tərəfdən mühasirəyə alıb, quş quşluğu ilə nəinki parka və parkın ətrafına, heç meydanın 50 metrliyinə belə, səkə bilmir. Bir xanım kinoteatrın qarşısından bağa sarı keçmək istəyir – hiss olunur ki, kimisə gözləyir, sərin yer kimi ağacın altına meyllənir. Polis onun qarşısını kəsir:- O tərəfə keçmək olmaz!
– Niyə?
– Olmaz, qadağandır!
– Axı, o tərəfdə adamlar dayanıb?
– Orda adam yoxdur, polislərdir.
Polisin bu cavabı bizi güldürsə də, xanımı əsəbiləşdirir. Parkın böyür-başında dayanan mülki geyimlilərə işarə edib etirazını bildirir:- Nə təhər yoxdu? Görmürəm bəyəm, var axı!
– Ay xanım, sizə dedim ki, orda gördüklərin adam-zad deyil, hamısı polisdir.
Həmkarım, “Xanım, 15-cə dəqiqə gözləyin, onda görəcəksiniz ki, o tərəfdə gördükləriniz doğrudan da adam deyillər”, – deyə söz atır, sonra polisə yaxınlaşırıq, gülə-gülə vəsiqələrimizi çıxarırıq, “biz də adam deyilik, jurnalistik” deyib, “adam-zad olmayan” tərəfə keçirik…
***
19 iyun. Saat 17:00. Nərimanov metrosunda, parka çıxışın yaxınlığındayıq. Parkda obyekt işlədən sahibkarlar fikirli-fikirli durublar. Hələ ki, sakitlikdi. Sahibkarlar bizə yaxınlaşır:
– Camaatı niyə buraxmırlar parka?
– Icazəsiz mitinqdir, ona görə.
– Belə şey olar? Onsuz da yığışıblar da ətrafa, buraxsınlar, dünya dağılmaz ki!
Bir az təəccüblənirik, bir az da “axır ki, dilə gəldilər” deyə pıçıldaşırıq. Soruşuram:
– Camaat bağa girsə, mitinq başlayar. Mitinqin olmasını istəyirsiz?
– Mitinq-zad bilmirəm, amma hamı yorulub, parka girən kimi çay içmək istəyəcəklər. Bayaqdan adamlara göz atıram, vallah, yarımca saata 300 manat elə çaydan tutmaq olar?
***
17:05. Durduğumuz yerdəyik, hələ də sakitlikdi. Kənara göz atıram, allah-allah, AzTV-dən tutmuş “AzərTac”a qədər, bütün iqtidaryönlülər burdadır. Sahibkar haqlıdı, gözəyarı sayıram – mülki geyimli polislərlə iqtidaryönlü mediada çalışanlar parkdakı çayxanaları doldurmağa bəs eləyər.Dostlardan biri dillənir:
– Bunlar elə bilir ki, mitinq “Nərimanov”da olacaq, ona görə tökülüşüb gəliblər. Daha demirlər ki, aldanıblar, mitinqlər ayrı yerlərdədir.Iqtidaryönlü həmkar qımışa-qımışa müdaxilə edir:
– Guya mən bilmirdim ki, mitinq burda olmayacaq?
Maraqla dostumuza baxıram:
– Bilirdinsə, bəs, burda nə gəzirsən?
– Iqtidaryönlü material üçün burdan yaxşı məkan tapmaq olar?
***
Yerimizi dəyişməmişik. Artıq saat 18:30-u keçib. Bilə-bilə ki, mitinqlər başqa yerdə keçirilir, yenə də camaatı parka buraxmırlar. Səbəbini də izah etmirlər. Guya mitinq əhalinin istirahət hüququnu əlindən alırmış. Bəs, bazar günü dincəlmək üçün bağa gələnləri, mitinq başa çatandan sonra belə, niyə içəri buraxmırlar?
Gənc ailə yaxınlaşır – ata qucağında çağa tutub, bir az böyük o biri uşaq isə anasının əlindən yapışıb.Polislər onların qarşısını kəsir:
– Parka girmək olmaz!
– Uşaq karusel istəyir, 15 dəqiqəyə çıxırıq, – atadan qabaq ana dillənir.
– Saat səkkizdən sonra açılacaq, 1-2 saatdan sonra gələrsiz.
Polisin bu cavabından uşaq ağlamağa başlayır, qadınsa əsəbiləşir. Tükü də tərpənməyən, hətta bu qadağadan məmnun olduğu sezilən ata geri dönür.Ana əl çəkmir:
– Polisdən xahiş elə, buraxsın. Uşaq ağlayır, axı!
Gənc ata gülümsəyir:
– Yaxşı oldu, onsuz da pulumuz yox idi…



