Diktator korluğu

Tunisin devrilmiş diktatoru Zeynal Abidin Bin Əli və arvadı, “qorxunc kraliça” Leyla Trabelsinin hər birinə 35 il həbs cəzası kəsilib. 23 illik hakimiyyət, kef-damaqda keçən illər, divangirlik, cahangirlik və 35 illik məhbəs. Bu da qudurğanlığın sonu.

Əsas həbs müddəti deyil, özünü, az qala bütün insanlığın qeyri-məhdud səlahiyyətli hakimi sayanların bir anda necə çarəsiz duruma düşməsi, adidən adi birisi kimi sıravi bir qardianın qoluna qandal taxdığını məlul-məlul müşahidə eləməsidi.

Ümumiyyətlə, adam diktatorların düşüncə tərzini heç cür anlaya bilmir. Axı həyat göstərir ki, müasir dünya nizamını pozmaq indi təbiətin qanunlarına zidd getmək kimi bir şeydi. Məgər bu ər-arvad – birinci kişi-birinci xanım 23 il baş kəsəndə, qan tökərək yaşayanda, insanların qanını şüşəyə tutanda, xalqı xof, vahimə içində saxlayanda bir gün fələyin çərxinin tərsinə dövran eləyəcəyini anlaya bilmirdilərmi?

Ən sonunda bıçaq sümüyə dirəndiyi vaxt xalq ayağa qalxıb cadugər birinci xanıma, onun əlində oyuncağa çevrilmiş diktatora üsyan qaldıranda, üsyançıları qırğına verəndə bunun sonunun yaxşı olmayacağını bilmirdilərmi? Bilmirdilər! Çünki bilmək yetənəyinin də tükəndiyi bir gün olur. Göz bağlanır və daha heç nəyi görmək imkanı qalmır. Vay o günə düşənlərə!

Eyni şey Hüsnü Mübarəkin də başına gəlib. Öncə uzun illərin diktatorluğu, qəddarlıq, fövqəladə rejim, insanların qorxu içində saxlanılması, xalq qiyamı, dinc qiyamçıların gülləbaran edilməsi, Qərbin təzyiqi və sonunda acı, rüsvayçı məğlubiyyət. O da heç nə görmürdü sanki. Bütün dünya üstünə yeriyirdi, anladırdı, başa salırdı, ağıllı ol,- deyirdi, ya get, ya köklü islahatlara başla,- deyirdi, xeyri olmurdu. Indi Mübarək Misir Məhkəməsinə tam etibar edir və səbirlə məhkəmənin verəcəyi qərarı gözlədiyini söyləyir. Görəsən nə oldu ki, Mübarək məhkəməyə etibar eləməyə başladı? Axı öz dövründə məhkəmələr oyuncaq bir qurum idi. Ya rüşvət, ya sifarişlə hökm verirdilər. Amansız xərçəng də bu yandan bədənini bürüyüb diktatorun – diktatorların özü insanlığın mədəsində xərçəng ikən. Bəs onun üzündən metastaz vermiş cəmiyyətin taleyi necə olacaq? Axı bəd xassəli şişi kəsib atmaqla iş düzəlmir…

Eyni yolu Salehi də getdi. Dünya bir yana oldu, Salehi bir yana. Indi küçə iti kimi öldüsü-qaldısı sözə çevrilib.

Qəzzafi də o cığırlarla, hətta cığırları yol qədər böyüdərək gedir. Daha qanlı, daha dəli. Sanki adam kor olub və anlamır ki, onunla savaş aparılmır, sadəcə siçan-pişik oynanılır. Bir yandan dolayı yollarla öz əski silahlarını ona sırıyaraq əlindəki qızılı əridirlər, bir yandan da xalqın tərəfini tutmaqla onun fatihəsini verirlər.

Dünyanın super dövlətlərinin qələmini qırdığı diktator özünü cırsa da, nəyəsə nail ola bilməz. Çünki onların arxasında xalq dayanmır, xalq kimi zənn etdikləri isə sabun köpüyüdü. Bir güclü üfürməylə dağılıb hava kimi görünməz olacaqlar. Təəssüf ki, diktatorlar bunu da anlamır, özlərini ərköyün uşaq kimi aparır, bütün dünyadan küsür, umu-küsülü kimi gəzir, bəzən acıq verir, onların acığını yerli xalqdan, etirazçılardan çıxır, ancaq anlamırlar ki, oyun bitib, artıq atılıb-düşməyin mənası yoxdu. Fəqət bu başı batmışların heç biri vaxtında papağını qabağına qoyub üsulluca yolla çıxıb getmir, həm özlərinə, həm özgələrinə sitəm eləyirlər.

Bu bilməməzlik ciddi bir mərəzdən xəbər verir. Heyf ki, tibb elmi bu xəstəliyə bir ad qoymayıb. Mən buna diktator korluğu deyərdim. Allahlıq iddiası ilə qarışdırmamalı. Diktator korluğu diktaturanın son çağlarında, hər şey bitmiş sayılanda başlayır və ən yaxşı halda ipdən asılmaqla başa çatır. Kimə deyirsən?..