Tapıntılar ölkəsi

elnurastanbeyli@gmail.com
 
Bu şən, hər yanı gülşən ölkəmizdə demək olar, hər gün nə isə tapılır. Ya qədim insan məskəni, ya yeni neft yatağı, ya da nəsə başqa bir şey.
Məsələn, lap təzəlikcə alimlərimiz uca millət, sevgili xalqımızı muştuluqladı ki, bəs deməzsiniz, Əhməd Şövqi Təbrizi adlı şairimizin divanı tapıldı. Şövqi Təbrizi Şah Ismayıl Xətainin oğlu Sam Mirzənin katibi – münşisi vəzifəsini icra edib, sonradan mühacirət edərək 1547-ci ildə Kabildə dünyasını dəyişib. Düzü, bu mühacirət faktı diqqətimi çəkdi, öyrənməyə çalışdım nə məsələdir. Amma düz-əməlli bir bilgi əldə edə bilmədim. Hər halda maraqlıdır, gərək səbəbini axtarmağa davam edim.
Əhməd Şövqi Təbrizinin divanına gəlincə, məncə, yaptokratiyanın bizə tutduğu divanın yanında onun adını belə tutmaq günahdır. Qoy Şövqi Təbrizi dirilib gəlsin, divan necə olur öz gözləri ilə görür.
Yenə lap təzəlikcə informasiya portalları Bakıda qanunsuz məscid tapıldığını xəbər verdilər. Qanunsuz məscid e! Üstəlik, tapılıb! Təsəvvür edirsinizmi, elə bil məscid iynə-filandır, günlərlə, həftələrlə, bəlkə aylarla tikilir, minarəsi qoyulur, oradan gündə neçə kərə azan verilir və günlərin bir günü bizim şanlı hakimiyyət orqanları nəhayət, onu tapırlar. Halbuki, yaxınlarda Bakıətrafı qəsəbələrin birində yaşayan yerlim zəng eləmişdi, deyirdi, evinin dam örtüyünü dəyişmək istəyib, köhnə örtüyü söküblər, yeni örtük vurmağa başlayanda isə haradansa sahə müvəkkili peyda olub, deyib özbaşına şəkildə dam örtüyünü dəyişə bilməz, gərək filan qədər görüm-baxım eləsin. Yerlim məndən məsləhət istəyirdi ki, nə etsin. Mən də dedim, bundan sonra da gedib yapçılara səs versin.
Əlhəmdülillah, başqa tapıntılarımız da var, gah oxuyuruq məşhur milyarderimizin qardaşının evindən narkotik tapıldı,  gah hansısa klubumuzda “lipa” tapılır, gah ofşor şirkətlər tapılır, gah da deyənlər tapılır: “Oğurlasınlar, amma iş də görsünlər”.
Bir tərəfdən də Xoşqədəm xanım tapa-tapa gedir. 
Dünənsə daha bir sevindirici tapıntı haqda oxuduq. Belə ki, ölkəmizdə yeni qaz mənbəyi tapılıb – Masazırda. Bu münasibətlə bütün avropalılara gözaydınlığı verir, onları səmimi-qəlbdən təbrik edirəm, könül rahatlığı ilə yaptokratiyanı öpüb bağırlarına basmağa, gözlərinin üstündə gəzdirməyə davam edə bilərlər. Bizim onları lazım gəlsə, 200 il qızdırmağa qazımız var, yetər ki, Pol Aqramunt kimi demokratiya düşmənlərini bizdən əskik eləməsinlər. Qalan hər şey düzələr.
Əlbəttə, bəzi anti-milli ünsürlər, ünsür də deməzdim, elementlər çalışırlar ki, ölkəmizdəki bu cür qiymətli tapıntıları gözdən salsınlar. Onlar gözləyirlər ki, Azərbaycanda ədalətli məhkəmə qərarı çıxaran hakim, yaxud seçkini saxtalaşdırmayan müəllim, rüşvət almayan məmur, həqiqəti göstərən telekanal, xəstənin cibindən əvvəl ağrıyan yerinə baxan həkim də tapılsın. Belələri, əlbəttə, heç vaxt öz arzularına çatmayacaqdır. Iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Bizim öz yolumuz var. Heç kim bizimlə diktat dili ilə danışa bilməz. Artıq əminliklə deyə bilərik ki, Azərbaycan regionun ilk kosmik sənaye ölkəsidir.
Yeri gəlmişkən, arzu edək ki, kosmosda həyat tapılsın, yapçılar da bir-birlərinin ayağını tapdaya-tapdaya köçüb getsin ora, bizim canımız da onlardan qurtulsun. Şəxsən mən bu ümidlə xeyli dözə bilərəm. Kosmosda həyat tapılacaq, yapçılar daha buranı bəyənməyib tökülüşəcəklər ora. Beləcə, işıqlı günlər gələcək. Şair demişkən, “hələ yaşamağa dəyər bir az da”. Görürsünüz ki, ən kədərli situasiyalarda da gələcəyə nikbin gözlərlə baxmaq üçün həmişə bir bəhanə var. 
Məndən məsləhət: ümidinizi itirməyin, dərin-dərin düşünün, yaxşı-yaxşı fikirləşin – bəlkə siz də bu ölkədə yaşamaq üçün heç olmasa, bircə səbəb tapa bildiniz.