«Azadlıq» yalanı kəsən balta, «Azərbaycan»isə həqiqəti kəsmək istəyən küt bıçaqdır
Biz bu hakimiyyəti və ona züy tutanları ifşa etməkdən yorulduq. Bunlar isə ifşa olunmaqdan, pərt duruma düşməkdən qətiyyən utanmırlar. Bəli, bunlar siyasi həyasızlığın analoqsuzluq zirvəsini fəth ediblər.
Rejimin bütün əlaltıları “erməni” şüarı ilə silahlanıb. Bunları tənqid edən, ölkədəki korrupsiyaya etiraz bildirən, mitinq keçirən, siyasi məhbuslara azadlıq istəyən hər kəsi “ermənipərəst” ediblər. Ötən yazımızda “Yeni Azərbaycan” qəzetinə əsl ermənipərəstin kim olduğunu başa salmışdıq. Belə ki, rejimin “Yeni Azərbaycan”ı “Azadlıq” qəzetini ermənilərlə işbirliyində ittiham etmişdi. Biz isə erməni ilə işbirliyində olanların, erməniyə “şot” verənlərin, ermənipərəstləri maliyyələşdirənlərin dəqiq ünvanını yazmışdıq. Amma “Yeni Azərbaycan”ın ifşası “Azərbaycan” qəzetinə o qədər ləzzət edib ki, onlar da “Azadlıq”ı ermənilərə bağlayıblar. Bəli, bunlarda utanmaq hissi olmadığına görə, nə qədər lazımdırsa oynaya bilirlər. Hətta “musiqi” olmadan da tullanıb-düşməyə qadirdilər. Yəni bu adamlar siyasi manyaka çevriliblər.
“Azərbaycan” qəzeti yazır ki, “Azadlıq” sapı özümüzdən olan baltadır, erməniliyin maraqlarını müdəfiə edir və s.
Əvvəla, illərdi “ermənilər acından ölür” təbliğatını aparan da, erməniləri dünyanın sahibinə çevirən də bu hakimiyyətdir. Gah deyirlər ki, ermənilərin qəpiyi də qalmayıb, gah da ermənilərin Avropanı, ABŞ-ı, “Azadlıq” qəzetini maliyyələşdirdiyindən yazırlar. Özləri də çaş-baş qalıblar, ancaq başqa yol yoxdur. Başa düşmürlər ki, ölümcül xəstəliyi daşıyan adam öz diaqnozunu başqasının adına dəyişsə də nəticə dəyişməyəcək. Yəni bu ölkədə siyasi məhbusların, korrupsiyanın, monopoliyanın, hüquqsuzluğun, məmur oğurluğunun olduğunu gizlətmək mümkün deyil. Hakimiyyət və onun əlaltıları isə dəvəquşu taktikası işlədirlər. Başlarını torpğa soxub, arxlarının bayırda qaldığını unudurlar.
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bir neçə gün öncə müsahibəsində bildirmişdi ki, antiQərb ruhlu məqalələrin yazılması vətənpərvərlikdən doğur və heç kimin göstərişi deyil. Amma vətəndaşın və dövlətin talan edilməsi, ermənipərəst Rusiyaya səcdə edilməsi, məhkəmələrin sifarişli qərarlar çıxarması, ölkənin məmurlar arasında bölüşdürülməsi “Azərbaycan” qəzetini narahat etmir və belə məqamlarda vətənpərvərlik hissi “istefa” verir. Yəni bunlar həyasızcasına başqalarına şər atmağı, yalanlara həqiqət donu geyindirməyi vətənpərvərlik kimi qələmə verirlər.
Guya “Azərbaycan” qəzeti və onun rəhbərliyi “Azadlıq”ın vəziyyətindən xəbərsizdir? “Azadlıq” sifarişlə yazılar yazsaydı, əməkdaşlarımız aylarla maaşsız qalmaz, maddi sıxıntılar içərisində çırpınmazdı. Yəni sifarişlə işləyənlər “Azərbaycan” qəzetinin durumunda olanlardı. Insanların ölümündən pul qazanan qəzet, insanların yaşaması üçün çarpışan qəzeti sifariş yerinə yetirməkdə ittiham edir.
Balta məsələsinə gəlincə, “Azadlıq” həqiqətən də sapı bu xalqdan, dövlətdən ibarət olan baltadır. Və bu balta yalanın, yaltağın, böhtançının, oğrunun başını vurmaqda görəvlidir. Təbii ki, dövlətin və millətin maraqlarını mişarlayanlar “Azadlıq” baltasını qəbul edə bilməzlər. Biz nə edək ki, “Azərbaycan” qəzeti ictimai rəydə küt bıçaq təsiri də bağışlamır.
Əmin olun ki, sizin küt bıçağınız bizim baltamızı kəsə bilməyəcək. Təkcə ona görə yox ki, bu bıçaq kütdür, həm də ona görə ki, bu bıçağın sapından tutanlar iflicdilər.
Ən maraqlısı isə budur ki, bu adamlar bu qədər şər-böhtandan, bu qədər qanunsuzluğa haqq qazandırdıqdan sonra, cəmiyyət içinə çıxa bilirlər, insanların gözünə görünürlər.
Görünür, ermənipərəstlərə pul xərcləyənləri müdafiə edib, erməniləri ifşa edənləri şərləmək də YAP-sayağı vətənpərvərliyin tərkib hissəsidir.


