Seymur Həzidə «zəfər çalan» ədalət bir məmurun ayağına necə atıldı…
Yəqin ki, bir çoxlarınız Xəzər Universitetinin rektorunun qızı olduğu güman edilən xanımın(əminəm ki, bu ifadə sizi yormayacaq) döyülməsini əks etdirən videolara tamaşa etmisiniz. Gecə saat 4-5 radələrində beş-altı gəncdən ibarət qrupun 2 ən fəalı nərmənazik bir qızı gah maşının içində, gah da bayıra çıxararaq döyürlər. Etiraf edim ki, mən əvvəlcə o səhnələrə axıradək baxa bilmirdim, lap şablon ifadə kimi qəbul edin, özümü pis hiss edirdim. Sonda bu mövzuda yazı yazmaq istəyi qalib gəldi. Baxdım…
Etiraf edim ki, əvvəlcə bu haqda qeyri-ciddi yazmaq istəyirdim. Sücet, daha doğrusu zərərçəkən tərəfin hərəkətləri, əvvəlcə şikayət etməsi, sonra ərizəni geri götürməsi, televiziya və mətbuatın, eləcə bəzi yazarların hadisəyə muzdlu yanaşması və s. məsələyə satirik üslubda yanaşmanı qaçılmaz edirdi. Hətta müşahidələrim mənə bu işin gedişində ağlasığmaz, absurd məqamların olacağını deyirdi. Məsələn, ?məlum olacaqdı ki, polisə şikayət edən Hamlet Isaxanlı deyil, ona oxşayan bir kişidir, yaxud da prosesin gedişində iştirakçılardan birinin o birisi ilə yaxın qohum olduğu ortaya çıxacaq və s. Lap hind filmlərində olduğu kimi…
70-80-ci illərin unudulmaz hind filmlərini yəqin ki, xatırlayırsınız. Qəhrəmanlar yalnız filmin sonunda ata-anasının, bacı-qardaşının kim olduğunu bilirdi. Məsələn, Çopranı atası bilən Şaka, tapançanı təpəsinə dirədiyi Caqavarı öldürmək istədiyi anda anası özünü yetirib, – “oğul, bu sənin atandır” deyirdi. Bəhs etdiyim video və onun ətrafında cərəyan edənlərin o filmlərdən fərqi yalnız sonda ədalətin zəfər çalmaması idi…
Bu səbəbdən fikrimdən vaz keçdim, yalnız başlığı saxladım, çünki yuxarılarla əlaqəsi, ya da qohumluğu olan bir məmura görə qanunlar növbəti dəfə tapdanmışdı…
Köməksiz, gücsüz qıza qarşı bu qədər amansızlığa heç zorakılıq dolu Hollivud filmlərində rast gəlmək mümkün deyil. Qərbin Azərbaycan mentaliteti deyilən şeyi olmasa da, qadına hörmət edirlər, ən azı ona görə ki, o sadəcə qadındır, zərif cinsin nümayəndəsidir.
Gəncin amansızcasına qızı döyməsi videosunda ən çox nəyə üzüldüm, bilirsinizmi?.
Qızı ölənə qədər döyməkdə israrlı olan gənci heç kim durdurmaq istəmirdi. Hadisə baş verən yerdə azı on-on beş gənc var idi. Onların özünü aparmasından bəlli olurdu ki, oğlan qızı ölənədək döysə belə, müdaxilə olmayacaqdı. Videodan göründüyü kimi, gəncin özü sonda yoruldu və pəs etdi… Xəzər Universitetinin rektorunun qızı olduğu güman edilən gənc xanım daha dözümlü çıxdı, zərbələrə davam gətirə bildi…
Eşitdiyimə görə, döyən gənc dünən azadlığa çıxdı. Buna çoxdan hazırlıq gedirdi. Bundan əvvəl isə, Xəzər Universitetinin rektoru ANS-ə açıqlama verdi ki, döyülən mənim qızım olmayıb. O sadəcə hansısa sarışın , özü də onun qızına bənzəyən Katya adlı bir qızın əvəzindən gedib polisə deyib ki, heç bir şikayətimiz yoxdur. Lap başqası olsun, heç dəxli var?..
Gecənin qəhrəmanı Zaur adlı gəncin azadlığa buraxılması üçün bu vəhşiliyi, yəni Xəzər Universitetinin rektorunun qızına bənzəyən xanımın (bilirəm, bu ifadənin təkrarından bezdiniz, odur ki, son dəfə işlədirəm – X.Ə.) döyülməsi səhnəsini ictimaiyyətə nəsə başqa cür təqdim etmək lazım idi. ANS-in “Hesabat” verilişindəki “təqdimat”ın nöqtəsinə-vergülünə dəymədən təqdim edirəm, buyurun: – “Həqiqətən də 8 gün əvvəl baş vermiş bir hadisənin, ötən gün, Azərbaycan üçün xüsusilə əhəmiyyətli bir gün olan TANAP-ın təməlqoyma mərasimi keçirilən vaxtda ictimailəşdirilməsi, təsadüfə oxşamır. Xuliqanlıq hərəkətləri ilə bağlı görüntülərin ölkədə beynəlxalq əhəmiyyətli layihə və tədbirlərin ərəfəsində ortaya atılması da, xaricdən idarə olunan qüvvələrin işi olduğunu istisna eləmir. Bu məsələdə faktla yanaşı, ortanı qatmaq istəyən qüvvələrin olduğu da aydın görünür. Hər halda hüquq mühafizə orqanları görüntünü ilk yayanı da tapacaqlar”…
Inanın ki, buna şərh vermək çox çətindir. Normal ölkələrdə köməksiz bir qızı döyənin imicini.., ölkənin imici ilə eyniləşdirən curnalisti dəlixanaya göndərərdilər.
Azərbaycani canı qədər sevən Seymur Həziyə isə, adam döymə cəhdini belə sübut edə bilmədilər, amma 5 il iş verdilər. Yəqin ki, “sillə vurma” videosu olsaydı, ömürlük verərdilər…