Əliyevin danışdıqları və reallıqlar

Ölkə başçısının dedikləri ilə yürütdüyü siyasət arasında kəskin ziddiyyət var

 
Ölkə başçısı Ilham Əliyev dünən Diasporla Iş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun açılışında yeritdiyi siyasətə zidd açıqlamalar verib. Məsələn, Ilham Əliyevin ölkənin iqtisadi vəziyyətində danışarkən bildirib ki, dövlət iqtisadi baxımdan zəif olanda təsir altına düşür.
Azərbaycanın “qüdrətli iqtisadiyyatı” barədə iddialara rəğmən ölkənin iqtisadi cəhətdən xeyli zəif olduğunu sübut etmək üçün təkcə son bir neçə ayda baş verənləri misal gətirmək kifayətdir. Manatın devalvasiyası, neftin ucuzlaşması nəticəsində dövlət qurumlarında kütləvi ixtisarlara start verilməsi, büdcəni doldurmaq üçün inzibati üsullara əl atılması və s. iqtisadiyyatı güclü olan dövlətə xarakterik hallar deyil. Monopoliya və korrupsiyanın hökm sürdüyü ölkədə hansı güclü iqtisadiyyatdan danışmaq olar? Ilham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanda hətta yumurta satışı da monopoliyaya alınıb. Hər halda ortada dillər əzbəri olan “yumurta müşavirəsi” faktı var.
Ilham Əliyev daha sonra iddia edib ki, Azərbaycan iqtisadiyyatının 30 faizi neftdən asılıdır. Belədirsə, nədən neftin ucuzlaşması ölkədə ciddi böhrana səbəb olub? Əgər Azərbaycanda qeyri-neft sektoru inkişaf edibsə, niyə ölkə başçısı yerli istehsaldan nümunə göstərə bilmir?
Ilham Əliyev daha sonra bəyan edib: “Biz demək olar ki, işsizliyi aradan qaldıra bilmişik, işsizlik 5 faizə enib. Yoxsulluq da 49 faizdən 5 faizə enib”. Deyilənlər doğrudursa bəs ehtiyac üzündən intihar edənlər, “qul bazarları”nda çalışan yüzlərlə insan kimdir? Bəlkə onlar “dağılmış Almaniya”nın vətəndaşlarıdır? “Radikallaşma sabitliyə zərbədir. Yoxsulluq, işsizlik isə radikallaşmaya zəmin yaradır” deyir Ilham Əliyev. Ölkədə isə narazılıq pik həddə deyilmi? Qarabağ əlilləri hüquqlarını bərpa etmək üçün ən radikal üsula – özünü yandırmağa əl atmırmı? Bu vəziyyətin yaranmasında hakimiyyət məsuliyyət daşımırmı? 
Ilham Əliyev demokratiyadan da danışıb: “Biz ölkəmizi azadlıq, demokratiya yolunda inkişaf etdirməli, müstəqilliyimizi gücləndirməliyik. Bizim seçimimiz demokratiya, sülh, multikulturalizm, əməkdaşlıqdır”.
Amma yürütdüyü siyasət nəticəsində ölkədə 100-dən artıq siyasi məhbus var. Azərbaycanın üzv olduğu qurumlar dəfələrlə bu problemi həll etməsi üçün ölkə başçısına çağırış ediblər. Lakin Ilham Əliyev bunun əksinə olaraq siyasi məhbusların sayını artırmaq yolunu tutub. “Analoqu olmayan demokratiya yolu”dur bu.
Azad