Kimdir ermənipərəst?

Yaxud «Yeni Azərbaycan»ın bumeranq effektli güllələri

Azərbaycan hakimiyyəti yalnız ölkənin sərvətlərini talamaq nümunəsi göstərmədi, həm də sübut etdi ki, yalanın, böhtanın, ləyaqətsizliyin sərhəddi yoxdur. Illərdi ermənilərlə iş birliyində olan, ermənipərəstlərə milyonlar xərcləyən, Qarabağı erməniyə hədiyyə edən Rusiyanın nökərinə çevrilən, ermənilərə Bakıda hesab ödəyən, erməni truppasını ölkəyə dəvət edən bu hakimiyyətdir. Amma utanmadan vətənini sevənləri, millətin sabahını düşünənləri, erməniylə döyüşdə sağlamlığını itirənləri “ermənipərəst” adlandırırlar. Fərariliyin, qorxaqlığın, oğurluğun simvoluna çevrilənlər ləyaqətli, vicdanlı insanları şərləməklə məşğul olurlar. 
Hakimiyyətin əlaltısı rolunda çıxış edən “Yeni Azərbaycan” qəzeti növbəti dəfə “Azadlıq” qəzetini hədəf seçib və “”Azadlıq" qəzetinin ermənilərlə işbirliyinin növbəti sübutu" başlıqlı yazı dərc edib.  Guya, “Azadlıq” qəzeti qondarma erməni soyqırımından, Çanaqqala zəfərindən yazmayıb, bu məsələlərə biganə qalıb. 
Əvvəla, “Azadlıq” qəzetində ən az oxunan məqalə, “Yeni Azərbaycan” qəzetində ən çox oxunan məqalədən 10 dəfə çox oxunur. Yəni ölkə ictimaiyyəti kimin xaqlın, kimin erməninin təmsilçisi olduğunu gözəl bilir. Azərbaycan xalqı “Yeni Azərbaycan” kimi qəzetlərdən həm də qab-qaşıq bükmək üçün istifadə edir. Çünki, bu qəzetlər hakimiyyətin yalanlarına rəng qatmaq, öz adlarını özgələrinə qoymaq üçün fəaliyyət göstərirlər.
Ikincisi, “erməni soyqırımı” ilə bağlı ən samballı məqalə  bir neçə gün ard-arda “Azadlıq” qəzetində dərc olundu. Milli Şuranın sədri Cəmil Həsənli geniş məqaləsi ilə erməni yalanlarını darmadağın etdi və bu məqalə ciddi rezonans yaratdı. Cəmil Həsənlinin “Azadlıq” qəzetində dərc olunan məlum məqaləsinin oxunma sayı “Yeni Azərbaycanın” bütün materiallarının oxunma sayından çox oldu. Yəni ictimaiyyətə və dünyaya ən samballı cavab “Azadlıq” qəzetindən yayıldı.
Amma Azərbaycanı geriyə aparmaq yolunda israrla çalışan “Yeni Azərbaycan” qəzeti bir dəfə də olsun Rusiya prezidenti Putinin erməni sevgisinə etiraz edə bilmədi. Bu qəzetin səhifələrində hakimiyyətin Vatikana, Serbiyaya, Fransaya maliyyə yardımlarına irad tutulmadı. Ancaq Heydər Əliyev fondu Vatikanda, Fransada 100 milyonluq layihələr həyata keçirib və əvəzində bu ölkələr “erməni soyqırımı”nı tanıdı. Bəli, ən böyük ermənipərəstlik, erməni sevdalısı olanlara Azərbaycanın milyonlarını xərcləməkdi. Yaxud erməniyə güllə atan Qarabağ qazilərini intihara sövq etmək, şərləyib həbs etməkdən böyük ermənipərəstlik varmı?
“Yeni Azərbaycan” qəzeti bugünə qədər ölkədəki korrupsiyadan, yaltaqlıqdan, ədalətsilzikdən yazıbmı? Yaza bilməz. Çünki, bu qəzet də bu şər maşınının təkərciyidir.
Bugün Əli Kərimlinin rəhbərlik etdiyi partiyada 10-larla Qarabağ qazisi var, 100-lərlə müharibə iştirakçısı var.  Amma “Yeni Azərbaycan”ın mədh etdiyi hakimiyyət komandasında sərvət ovçuları, fərarilər, harınlar təmsil olunub.
Kimdir ermənipərəst? Qarabağ qazisinə, şəhid ailəsinə sığorta pulu verilməsini tələb edənlər, yoxsa erməniyə Bakıda “şot” verənlər?
Bütün dünya bilir ki, ən böyük erməni himayədarı Rusiyadır. Bütün dünya həm də onu bilir ki, Azərbaycan hakimiyyətinin səcdə etdiyi dövlət də Rusiyadır. 
Ölkəni bütün zəfərlərdən məhrum edib, hər gün məğlubiyyət üzərində xoşbəxtlik quranların Çanaqqala sevgisi hardan doğub? 
Bir həqiqət aydındır ki, Azərbaycan hakimiyyəti üçün nə Çanaqqala, nə tarixin təhrifi, nə də Qarabağın önəmi yoxdur. Hakimiyyət kürsüsünü qoruyub saxlamaq üçün nə tələb olunursa, prioritet odur.
Ən böyük ermənipərəstlik isə ölkənin yeganə müstəqil mətbuatını ermənilərlə işbirliyində ittiham etməkdir.  Ermənilər istəməzdi ki, bu ölkədə “Azadlıq” adlı bir qəzet olsun və ölkəni təhdid edən məqamları işıqlandırsın. “Yeni Azərbaycan” isə ermənilərin xoşuna gələcək addımları atmaqdadır. Bu məqalələri yazan adamların rahatlıqla çörək yeyə bilməsi, ailəsinin üzünə dik baxması, gecə sərbəst yatması necə mümkün olur? Bu qədər şərin şələsi ilə yükləndikdən sonra yaşamaq necə mümkün olur?
“Azadlıq” özünü çoxdan sübut edib. “Azadlıq”a damğa vurmağa çalışanlar da “kimlik”lərini sübut etməkdədilər.  
Ən böyük faciə isə budur ki, hakimiyyət və onun əlaltıları “erməni” arqumentinə möhtac qalıblar. “Erməni” ifadəsi ilə silahlananların isə gülləsi bumeranq effekti verməkdədir. Özünüzü niyə güllələyirsiniz?
Akif