logo-lemonde

“Dəbdəbə arxasında korrupsiyalaşmış avtoritar idarəçilik…”

Fransa mediası Azərbaycandakı korrupsiya və repressiyalardan yazır

 
 
«Le Monde»: «Bakıya gedənlərə otellərdəki gizli kameralar barədə xəbərdarlıq edilir»
 
Fransa prezidenti Fransua Ollandın Bakıya işgüzar səfərindən sonra bu ölkənin, eləcə də bütövlükdə Avropanın ən nüfuzlu qəzetlərindən biri sayılan “Le Monde” ardıcıl olaraq, Azərbaycandakı real vəziyyət barədə məqalələr yayımlayır. Sözügedən məqalələrdə xüsusən, iyun ayında Bakıda keçiriləcək Avropa Oyunları fonunda bu ölkədə insan haqlarının durumu, repressiyalar, korrupsiyadan bəhs olunur.
Məsələn, “Bakıda idman vitrini…” başlıqlı məqalədə müəllif əvvəlcə Bakıda keçiriləcək turnir haqda məlumat verərək bildirir ki, iyunun 12-dən 28-nə qədər davam edəcək Avropa Oyunlarında 50 ölkədən 6000 idmançı yarışacaq. Onlar idmanın 20 növü üzrə rəqabət aparacaq:
“Qətər kimi bu ölkə də öz imicini yaxşılaşdırmaq üçün beynəlxalq idman tədbirlərinin təşkilinə başlayıb. Bakıda iyunda Avropa Oyunları, gələn il ”Formula-1" yarışı, 2017-ci ildə Islam Həmrəylik Oyunları, 2020-ci ildə futbol üzrə Avropa çempionatının dörddə bir mərhələsinin dörd oyunu keçiriləcək. Azərbaycan hökuməti daha çox böyük idman tədbirlərinin təşkili ilə öz nüfuzunu yaxşılaşdırmağa ümid edir.
Belə böyük tədbirlərinin təşkililə bağlı təcrübə keçmək üçün son iki ildə yüzlərlə beynəlxalq ekspert cəlb olunub.
 
Bakıdakı turnir 50-dən artıq ölkədə yayımlanacaq.
 
Əgər birinci Avropa Oyunlarının təşkili uğurla başa çatsa, Azərbaycan 2024-cü ildə keçiriləcək Olimpiadaya ev sahibliyi etmək üçün iddiasını irəli sürə bilər.
“Azərbaycan dünyanın avtoritar ölkələrindən biridir. Rusiya, Qətər kimi Azərbaycanın da pulu var və idman turnirlərini təşkil etməklə özünə beynəlxalq nüfuzu satın almağa çalışır”, – deyə FIFA-ya yaxın mənbə bildirib.
Monokodakı kimi, Bakıda da “Formula-1" çərçivəsində avtomobil yarışları təmirdən sonra şəhərin mərkəzi yollarında keçiriləcək.
“FIFA, UEFA, Beynəlxalq Olimpiya Komitəsi – pul hamıya lazımdır! Azərbaycanın dövlət neft şirkəti olan SOCAR UEFA-nın, Rusiya nəhəngi olan ”Qazprom" Çempionlar Liqasının sponsorudur", – deyə mənbə əlavə edib".
 
“Azərbaycanlı oliqarx vəd versə də, yerinə yetirmədi…”
 
“Azərbaycanın ikili oyunları” başlıqlı digər məqalədə müəllif yazır ki, rəsmi Bakı Avropa Oyunları vasitəsilə Qərblə münasibətləri sıxlaşdırmağa çalışır. Amma bu ölkədə dəbdəbəli görüntülərin arxasında korrupsiyalaşmış avtoritar idarəçilik dayanır.
Iyunun 12-də başlayacaq Avropa Oyunlarının açılışına həsr olunmuş tədbirdəki şounu vəzifəli şəxslərdən başqa heç kim görmədi. Tədbir ictimaiyyətin iştirakı olmadan, faktiki bağlı qapılar arxasında keçirildi.
Təyyarə biletləri, 5 ulduzlu otellərdə otaqlar, böyük restoranlarda şam yeməkləri… Martın ortalarında Avropanın 20 media orqanı Bakını – “Küləklər şəhəri”ni təbliğ edən materiallar hazırlamaq üçün Azərbaycana dəvət olunmuşdu. Onların bütün səfər xərcləri ödənilmişdi. Azərbaycanı bu yolla müsbət təqdim etməyə çalışırdılar. 
Avropa Oyunları neft-qazla zəngin Azərbaycan üçün hər şeydən əvvəl özünə imic yaratmaq və bunu dünyaya göstərmək baxımından bir fürsətdir.
Qətər kimi Azərbaycanı da idarə edənlər düşünür ki, idman nüfuz yaratmaq üçün sürətli vasitədir.
Bir neçə ildir ki, Madridin “Atletiko” klubunun futbolçularının köynəyində “Azərbaycan – Odlar Yurdu!” yazılırdı. Son vaxtlar isə həmin yazı “Bakı 2015 – Avropa 
Oyunları" ilə əvəz olunub.
2013-cü ildə azərbaycanlı oliqarx Hafiz Məmmədov Fransanın “Lans” futbol klubunu almışdı. O, vəd versə də, lazım olan maliyyəni ödəmədi.
Bakıda bir müddət əvvəl gənclərdən ibarət qadın futbol yığmalarının dünya çempionatı keçirilmişdi. Həmin turnirin açılış mərasimində Cennifer
Lopes, Şakira kimi ulduzlar çıxış etmişdilər.
Dünyanın gözündə parlamaq üçün Bakı çox çalışır. Burada London taksilərinə, Parisdəki qəzet köşklərinə, ABŞ-dakı kimi böyük otellərə rast gələ bilərsən. Hava limanından şəhərə aparan yol Disneylendə bənzəyir – oxşar binalar, reklam lövhələri, texniki xidmət stansiyaları; mərkəzdə alov şəklindəki üç hündür bina Dubayı, metro stansiyalarının bəziləri Luvr muzeyinin girişini xatırladır.
Yeni tikilən 68 min tamaşaçı tutumlu stadion Münhendəki “Allians Arena”nın (“Bavariya”nın stadionu) eynisidir. Bu stadionu Avropa Oyunlarına qədər hazır eləmək üçün artıq iki il yarımdır ki, təxminən 6000 adam 2000 nəfərlik qruplara bölünməklə gedə-gündüz işləyir.
Şəhərin mərkəzindəki Neftçilər prospektində yolun kənarını Palma ağacları bəzəyir, dəmir eyvanlı “Four Season” oteli, “Dior”, “Dolce & Gabbana”, “Gucci”, “Burberrn”, “Valentino” kimi brend mağazalar da burada yerləşir.
 
“Ilham Əliyev hakimiyyəti atasından miras alıb”
 
Amma şəhərin mərkəzindən azacıq kənarda mənzərə tamamilə fərqlidir. Dağılmış divarlar, sınıq pəncərələr…
Olimpiya hovuzunun yaxınlığında yaşayanlar yaxın vaxtlarda köçürüləcək. 47 yaşlı neftçi Rəfael Şükürov deyir ki, mülkiyyətlərinin müqabilində onları təmin edəcək qədər pul ala bilmələri üçün hökumət təmsilçilərini gözləyirlər: “Biz burada qala da bilərdik, çünki evimiz şəhərin mərkəzinə yaxındır, amma…” Şükürov daha artıq danışmaq istəmir, xüsusən də prezident və 2012-ci ildə Bakıda “Eurovision” keçirilən ərəfədə yerli sakinlərin başına gələnlər haqda… O zaman “Eurovision”un keçirildiyi “Kristal zal”ın tikintisinə 200 milyon dollar pul xərclənmiş, həmin ərazidə yaşayan insanlar evlərindən zorla çıxarılmışdı. Burada prezidentin ambisiyalarına heç nə mane olmurdu…
53 yaşlı Ilham Əliyev eyni zamanda Milli Olimpiya Komitəsinin prezidentidir. O, 2003-cü ildən ölkəni dəmir yumruqla idarə edir. O, prezident kürsüsünü vaxtilə Azərbaycanda KQB-yə rəhbərlik etmiş atası Heydər Əliyevdən miras alıb. Sovet Ittifaqının dağılmasından sonra 1991-ci ildə müstəqillik qazanmış bu ölkədə paytaxtın demək olar ki, hər tinində Heydər Əliyevin şəkli asılıb.
2009-cu ildə referendum keçirərək, Konstitusiyada bir nəfərin ardıcıl iki dəfədən artıq prezidentliyinə olan qadağa aradan qaldırıldı. Bu dəyişiklik Ilham Əliyevə 2013-cü ildə Ilham Əliyevə ardıcıl üçüncü dəfə prezident olmaq imkanı yaratdı.
Azərbaycanda tanınmış sülalərdən biri də Paşayevlərdir. Paşayevlər klanının rəhbəri isə Ilham Əliyevin həyat yoldaşı Mehriban Əliyevadır. 50 yaşlı
Əliyeva ixtisasca göz həkimidir.
 
Əliyevlər və Karleone klanı
 
Avropa Oyunlarına hazırlıq məqsədilə tikinti və yenidənqurma işlərinə 995 milyon, həmçinin digər xərclər üçün 150 milyon avro nəzərdə tutulub. Bu, rəsmi məlumatda səslənən rəqəmdir. Amma qeyri-rəsmi milyardlardan söhbət gedir.
“Bu investisiya şəhərə qoyulmalıdır və istənilən halda, həmin işləri görmək planlaşdırılırdı”, – deyə Avropa Oyunlarının icraçı direktoru Saymon Kleqq bildirib.
Azərbaycan hökuməti turnirdə iştirak edəcək bütün idmançıların xərclərini ödəməyi öz üzərinə götürüb.
Dünya bazarında neftin kəskin ucuzlaşması ilə fevralda Azərbaycan manatı da dəyərini itirdi.
“Ölkənin neft ehtiyatları tükənməz deyil. Hasilat getdikcə azalır”, – deyə iqtisadçı Qubad Ibadoğlu bildirib.
Ölkədə ümumdaxili məhsulun 40 faizi, ixracın 92 faizi, büdcə gəlirlərinin də dörddə üçü “qara qızıl”ın hesabınadır
Azərbaycan dünyanın ən korrupsiyalaşmış ölkələrindən biridir. “Transparency International”ın şəffaflıq indeksində Azərbaycan 175 ölkə arasında 126-cı yeri tutur. “WikiLeaks” saytının yaydığı ABŞ diplomatlarına məxsus teleqramlarda Əliyevlər “Xaç atası” filmindəki Karleone klanı ilə müqayisə olunurdu.
Azərbaycanda baş verənlər barədə kifayət qədər məlumatlı olan Hüquq müdafiəçilərinin Beynəlxalq Federasiyası bu ölkəyə gedənlərə xəbərdarlıq edir ki, qaldıqları otellərdə ehtiyatlı olsunlar. Çünki otel otaqları gizli kameralarla dolu olur. Ona görə, hətta yatanda, vanna otağında olanda da bunu nəzərə alsınlar.
Bakıda 27 yaşlı gənclə görüşüb söhbətləşdik. O, adının çəkilməməsi şərtilə burada baş verənlər haqda danışdı: “Mən insan haqlarının müdafiəsilə məşğul olan qeyri-kommersiya təşkilatında çalışırdım. Bu gün super-marketdə iş tapmışam. Mənim çalışdığım təşkilatın rəhbərini həbs ediblər. Ona qarşı vergidən yayınma, mənimsəmə kimi ittihamlar irəli sürülüb. Absurd ittihamlardır”.
Azərbaycan hökuməti “Ərəb baharı” və Ukraynadakı Maydan hadisələrindən qorxusuna görə repressiyaları davam etdirir.
Azərbaycan hökuməti QHT-ləri susdurmaq məqsədilə qanunvericiliyə bir sıra dəyişiklik eləyib. Bu gün Azərbaycanda yüzlərlə fəal dəmir barmaqlıqlar arxasına salınıb. “Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatı Azərbaycandakı Avropa Oyunlarını boykot etmək barədə çağırış edib.
Lakin idman təşkilatları bu ölkədə insan haqları və demokratiya məsələlərini qaldırmaqdan çəkinirlər. 
Azərbaycan “Sərhədsiz reportyorlar” təşkilatının reytinqində söz azadlığının vəziyyətinə görə, dünyada 180 ölkə arasında 162-ci yeri tutur.