Prezident Administrasiyası önündə kanalizasiya aksiyası
Dünən səhər tezdən yenə Prezident Administrasiyasının qarşısına xeyli etirazçı toplaşmışdı. Kifayət qədər əsəbi və təlaşlı olan 40-a yaxın etirazçı xanımın çoxu onlardan bir gün əvvəl keçirilən aksiyalardan xəbərsiz idilər. Bununla belə, bu xanımlar da öz hərəkətlərilə Ictimai Palatanın kursunu davam etdirirdilər. Yox, bu insanlar təkrar parlament seçkisi tələbilə Prezident Administrasiyasının önündə deyildilər. Heç “Korrupsiyaya son qoyulsun!” şüarı da əllərində, dillərində deyildi. Bu xanımlar Xırdalan şəhərindən paytaxtın mərkəzinə gəlmişdilər. Tələbləri isə onları məhv olmaq həddinə çatdıran problem və bu problemə qarşı məmur biganəliyilə bağlı idi.
Xırdalan şəhəri, Nizami küçəsinin yüzlərlə sakini 3 ildən artıqdır ki, kanalizasiya suları əhatəsində olduqlarını bildirərək, bu üfunətdən nicat tapmaq üçün prezidentdən kömək umurdular. Adam az qalırdı ki, dövlət başçısının durumuna acısın… Axı lokal kanalizasiya problemini həll etmək uzağı, yerli bələdiyyənin, icra orqanlarının işi olmalıdır. Amma nə edəsən, təkəlçiliyin belə acı zarafatları da var; bələdiyyə səviyyəli uğurlara şərik çıxdığın kimi, elə o səviyyədə problemə də cavabdehlik daşımalısan!
3 gündən sonra…
Prezident Administrasiyasında şikayətçiləri qəbul etdilər, 5 dəqiqəlik danışıqdan sonra onları Artur Rəsizadənin idarəsinə – Nazirlər Kabinetinə yola saldılar. Burada da qəbul qısamüddətli oldu. Xırdalanlılara vəd verildi ki, 3 günə problemlərinin aradan qaldırılmasına yardım göstəriləcək.
3 günə problem həllini tapmasa, şikayətçilər yenidən Prezident Administrasiyası önündə toplaşacaqlar.

Nizaminin adını necə batırırlar?
Bu qədər insanı Prezident Administrasiyasınadək gəlməyə məcbur edən problemlə yerində tanış olmaq qərarına gəldik. Nizami küçəsi Xırdalan şəhərinin kənarında, Quşçuluq yaşayış massivində yerləşir. Küçə bir neçə dalandan ibarətdir. Buradakı evlər əsasən, son 10-15 ildə salınan birmərtəbəli özütikililərdir. Dahi şairin adını daşıyan küçənin zəif asfalt örtüyü çoxdan darmadağın olub. Bu küçəylə addımlamaq təkcə yolun narahatlığına görə olsaydı, nə vardı ki… Bəlkə də mübaliğə sayılacaq, ancaq Nizami küçəsi ilə arxayınlıqla addımlamaq üçün əleyhqaz geyinmək mütləq şərtdir. Yayın istisində küçənin ortası ilə kanalizasiya suları səhər-axşam demədən axırsa, başqa cür burada necə nəfəs alasan? Nizami küçəsində yaşayanlar əleyhqazdan istifadə etmir, ancaq kanalizasiya üfunəti təkcə iyinə görə yox, özü ilə gətirdiyi min bir problemlərə görə də sakinlərin nəfəsini kəsməkdədir.
Evlər zibil içində batır

Küçənin onlarla evi kanalizasiya sularında batıb. Artıq 5 ev kanalizasiya sularının ucbatından yaşanmaz hala düşüb, onu yiyələri atıb gedib. Küçə ilə axan sular aşağı tərəfdə qamışlı bataqlıqda cəmlənir. Batan evlər də bu üfunət gölməçənin sahilindədir. Sakinlərin sözlərinə görə, gölməçədə su hər gün artmaqdadır.
Xırdalanda qurbağaların “konserti”
“Biz bilmirik şəhərdə yaşayırıq, yoxsa Afrika cəngəlliklərində. Axşamlar qurbağalar bizə ”konsert” verir. Iydən nə evdə otura bilirik, nə də çöldə. Evlərimizə ağla gələn və gəlməyən həşəratlar daraşıb. Ağcaqanadlar ümumiyyətlə, bizdə qan qoymayıb. Artıq ilanlar da evlərə daraşıb”, – deyə küçə və onun ətrafındakı antisanitariya vəziyyətini sakinlər belə izah edir.
Qorxu
Nə qədər qəribə olsa da, prezidentə, baş nazirə öz adları, imzaları və pasport göstəricilərilə şikayət edən xırdalanlılar qəzetdə adlarının dərc olunmasını istəmirdilər. Onlar bu qorxunu Abşeronun icra başçısının təzyiqlərilə əlaqələndirirlər. Kanalizasiya problemilə bağlı şikayətlərdən sonra icra hakimiyyətinin nümayəndəsi əraziyə gələrək camaata barmaq silkələyib: “Evlərinizin sənədi yoxdur, çox o yan-bu yan edəcəksiniz, gəlib evlərinizi uçuracağıq”.
Sakinlər etiraf edir ki, hədə-qorxu ilə yanaşı, bəzi pozitiv vədlər də olub, lakin 3 ildir onları kanalizasiya üfunətindən qurtaran yoxdur.
Bəs bu problem necə yaranıb?
Sakinlərin baş nazirin müavini Abid Şərifova yazdığı müraciətdə bu suala konkret cavab var. Bildirilir ki, 3 il əvvələdək sakinlərin öz hesabına çəkdiyi kanalizasiya xətti normal işləyib. Normal xətti və əhalinin normal həyat tərzini yeni tikilən məşhur ticarət mərkəzi “Riyad” pozub. “Riyad” tikilərkən Nizami küçəsindən gedib əsas xəttə qoşulan kanalizasiya borusu dağıdılıb, onun üstü betonlanıb. Sakinlərin etirazından sonra “Riyad” rəhbərliyi yeni xətt çəkəcəyinə söz verib. Ancaq bu, elə söz olaraq da qalıb. Bundan sonra kanalizasiya suyu yaşayış binalarının yaxınlığında çökəkliyə yığılaraq üfunət gölməçəsini yaradıb.
Onların harayı
“Yaranan üfunətin ucbatından evimizə qonaq çağırmağa da utanırıq. Uşaqlarımız müxtəlif qaşınma xəstəlikləri tapıb. Hər gün özümüzü spirtləyirik ki, qurd-quş canımıza daraşmasın. Bizim bütün həyatımız risk altındadır. Çox xahiş edirik ki, bizim dərdimizə diqqət ayırsınlar. Axı bura şəhərdir, xarabaxana yox…” – bunu da Xırdalan sakinləri dedi.
Natiq


