İran prezidenti Mahmud Əhmədinejadın idman və gənclər naziri vəzifəsinə irəli sürdüyü namizəd parlamentdən keçməyib. İyunun 21-də İran parlamenti Mahmud Əhmədinejadın idman və gənclər naziri vəzifəsinə namizədi Həmid Səccadinin məsələsinə baxıb.
Səsvermədən əvvəl Əhmədinejad parlamentdə çıxış edib və deputatları Həmid Səccadini dəstəkləməyə çağırıb. Müzakirələr zamanı Həmid Səccadinin lehinə də, əleyhinə də danışanlar olub. Çıxışlardan sonra səsvermə keçirilib. 247 deputatın qatıldığı səsvermədə 137 deputat Həmid Səccadinin əleyhinə, 87 deputat lehinə səs verib, 23 nəfər isə bitərəf qalıb.


