Əsəd geriyə ilk addım atdı

Suriya diktatoru ümumi əfv verdi; Ağ Ev “ya dərhal islahatlar, ya da istefa” dedi

Obama və Ərdoğan Suriyadakı son vəziyyəti müzakirə etdi

Ərəb dünyasını bürüyən inqilab küləyinin əsdiyi Suriyada Bəşər Əsəd rejimi xalq üsyanının qarşısını silah yolu ilə almağa çalışsa da, tək yolun islahatlar və insanların tələblərinə cavab vermək olduğunu anladı.

Dinc aksiyaların zorakı yollarla yatırılması cəhdlərinin bir şeyə yaramadığını görən Bəşər Əsəd xalqa müraciət edərək ölkədə köklü islahatların keçiriləcəyinə dair vəd verdi. Həmin vədlər arasında ümumi əfvin elan olunması, demokratik intitutların inkişafı və ədalətli seçkilərin keçirilməsi vardı. Çünki məhz iki aya yaxındır ki, Suriyanın şəhər və qəsəbələrində aksiya keçirən etirazçıların əsas tələblərinin önündə bunlar dayanırdı.

İyunun 21-də isə Suriya diktatoru xalqa müraciətində dediyi kimi ümumi əfv elan edib. Əfv 2011-ci ilin iyun ayının 20-nə qədər cinayət törətmiş bütün şəxslərə şamil olunacaq. Bəşər Əsədin digər vədlərinə nə zaman əməl edəcəyinə dair isə müxtəlif versiyalar var. Bəzi ekspertlər Suriya diktatorunun artıq legitimliyini itirdiyini və xalqın ona güvənmədiyini bildirir. Bir qrup siyasi şərhçilər isə hesab edir ki, Bəşər Əsəd etirazçıların tələblərini gecikdirmədən yerinə yetirsə ölkədəki böhrandan çıxış imkanları arta bilər.

Ağ evin mətbuat katibi Cey Karni jurnalistlərə verdiyi açıqlamasında bəyan edib ki, Bəşər Əsəd ya dərhal islahatlara başlamalı, ya da hakimiyyətdən getməlidir:“ABŞ administrasiyası əmindir ki, Suriyada sözlər və islahatların hansısa mərhələdə başlayacağı barədə vədlər yox, fəaliyyət lazımdır”.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla telefon əlaqəsi saxlayan ABŞ prezidenti Barak Obama arasında Suriyadakı son vəziyyət və Bəşər Əsədin verdiyi islahat vədləri müzakirə olunub. Telefon danışığı zamanı Suriya xalqının qanuni tələblərinin yerinə yetirilməsi baxımından islahatların gecikdirilmədən reallaşdırılması, dinc aksiya iştirakçılarına qarşı zorakılıqlardan imtina olunması xüsusi vurğulanıb.

İnformasiya şöbəsi