Türkiyədə Cəmil Həsənlinin kitabı nəşr edildi

Ankaradakı “Bilgi” nəşriyyatında azərbaycanlı tarixçi alim, professor Cəmil Həsənlinin “Tarafsızlıktan soğuk savaşa: Türk-sovyet ilişkileri: 1939-1953″ adlı kitabı nəşr edilib. Kitab C.Həsənlinin daha əvvəl Moskvada çap edilmiş əsərinin türk dilinə tərcüməsidir. Bu, tanınmış alimin Türkiyədə indiyə qədər çap edilmiş üçüncü kitabıdır. Onun Türkiyədə işıq üzü görən son əsəri 2 ay əvvəl ABŞ-ın Harvard Universiteti tərəfindən də nəşr edilib.

C.Həsənli APA-ya açıqlamasında kitabla bağlı materialları Azərbaycan, Gürcüstan, Rusiya və ABŞ arxivlərindən topladığını deyib: ”Birgə işlədiyim fondlar vasitəsilə Ermənistan arxivlərindən də xeyli material əldə etdim. Bu kitabda mən Ikinci Dünya müharibəsi zamanı dünyada nüfuz qazanmaq üçün böyük dövlətlərin apardığı mübarizənin pərdə arxasını əks etdirmişəm. Kitabda ilk dəfə 1944-45-ci illərdə türk boğazları ilə bağlı hazırlanan rus layihələri gün işığına çıxarılıb. Maraqlıdır ki, o layihələrdə sovetlərin boğazlarda nüfuz qazanmasının yolunun Türkiyə ilə yaxın münasibətlər qurmaqdan ibarət olduğu xüsusi qeyd edilirdi. Ancaq praktik addımlar layihələrə uyğun gəlmirdi. Bu kitabımda mən ilk dəfə Türkiyəyə qarşı irəli sürülən torpaq iddialarını sənədlərlə ortaya qoymuşam. Indi ermənilər tez-tez Türkiyəyə qarşı torpaq iddiaları irəli sürürlər – o vaxtın sənədləri göstərir ki, ermənilər Türkiyəyə qarşı hər hansı iddianı gündəmə gətirmək üçün Moskvaya yazdıqları bütün məktublara “sizin verdiyiniz tapşırığa əsasən”,- sözləriylə başlayırdılar.
Bu da onu göstərir ki, ermənilərin bütün iddiaları Kreml tərəfindən dəstəklənirdi. Araşdırmalarım göstərdi ki, Türkiyənin o vaxtkı sovet təzyiqlərinə göstərdiyi müqavimət tarixə örnəkdir”.