Hakimiyyətin vətənpərvərlik standartı

Avropa Parlamentini «ermənipərəst» adlandıranlar, Putinin erməni sevgisi qarşısında susdular

YAP hakimiyyəti bu illər ərzində xeyli “yenilik”lərə imza atdı. Bu “yenilik”lərin ən uğurlusu isə vətənpərvərlik adı altında alver etmək oldu. “Bizim Qarabağ boyda dərdimiz var” deyə-deyə Qarabağ qazilərini intihara məhkum etdilər, şərləyib həbsə atdılar. Yaxud Qarabağ amilindən yararlana-yararlana Qarabağı işğal edənlərlə və bu işğala “yaşıl işıq” yandıranlarla səmimi münasibət qurdular.
Ən əsası isə vicdanlı, ləyaqətli, vətənpərvər insanlara “ermənipərəst” damğası vurub, özləri ermənilərə hesab verdilər. Yəni bu hakimiyyət saxta vətənpərvərlik şousu ilə insanları uyudub, dövlətin və millətin maraqlarını heçə saydılar. YAP hakimiyyətinin əsl siması bütün dünyaya da agah oldu və hakimiyyətin avtoritar siyasəti tənqid olunmağa başlandı.  Heç bir arqumenti olmayan hakimiyyət Qərbi də ermənipərəstlikdə ittiham etdi və xarici siyasətdə də saxta vətənpərvərlikdən yararlanmağa başladı. Amma zaman ən böyük hakim olduğuna görə, bütün gerçəklikləri üzə çıxardı. Bugünlərdə məlum oldu ki, Azərbaycan hakimiyyətinin  “erməni” arqumenti yalnız hakimiyyət kürsüsünü qorumaq üçün qüvvədə imiş.
Belə ki, bugünlərdə Avropa Parlamenti qondarma “erməni soyqırımı”nı tanıdı. Təbii ki, Avropa Parlamentinin bu qərarı ədalətsiz idi və biz də buna öz etirazımızı bildirdik. Amma onu da qeyd etdik ki, hakimiyyətin bu canfəşanlığı soyqırımla bağlı deyil. Sadəcə olaraq Avropa Parlamenti Azərbaycan hakimiyyətindən siyasi məhbuslara azadlıq, insan haqlarına hörmət tələb etdiyi üçün hakimiyyət məlum qətnamədən fürsət kimi yararlanmağa  çalışır. Bir neçə gün keçdi və bizim yazdıqlarımız təsdiqini tapdı. Bəli, Azərbaycan hakimiyyətinin “böyük qardaş” hesab etdiyi Rusiya prezidenti Putin də soyqırım abidəsini ziyarət etdi. Onu da qeyd edək ki, Putin bundan öncə də dəfələrlə bu abidəni ziyarət edib. Amma saxta vətənpərvərlər baş verənləri görmək istəmir. Avropa Parlamentini asıb-kəsənlər, Rusiyanın addımı qarşısında susublar. Ancaq Rusiya hər gün ermənipərəst olduğunu sübut etməkdədir və bunu bilməyən də yoxdur.
Xatırlayırsınızsa, Avropa Parlamenti məlum qərarı verəndə prezidentin köməkçisi Əli Həsənov bildirmişdi ki, Avropa Parlamenti ilə münasibətlərə yenidən baxıla bilər.  Hakimiyyətyönlü qəzetlər, saytlar isə Avropanı ikili standartlar yürütməkdə, inkişafmızı gözü götürməməkdə, erməni lobbisinin təsirində olmaqda ittiham etdi. Millət vəkilləri od püskürdü, Novruz Məmmədov kəskin “tvit”lər yazdı və s.
Belə bir mənzərə yaratmağa çalışdılar ki, guya vətənpərvərlik hissi bunları boğur, tarixin saxtalaşdırılması YAP hakimiyyətinin heysiyyətinə toxunur. 
Bəs, indi niyə heç kimin səsi çıxmır? Milli Məclisdə, hökumət mətbuatında Putin niyə “ermənipərəst” adlandırılmır? Əli Həsənov Rusiya ilə münasibətlərə yenidən baxmaq haqqında niyə düşünmür? Yaxud Serbiyaya 100 milyonlarla maliyyə yardımı edilib, aşağı faizlərlə kredit verilib, iqtisadi layihələr həyata keçirilib və s. Indi Serbiyaya, Vatikana, Rusiyaya qarşı niyə hakimiyyət komandasının qəzəbi hiss olunmur?
Avropada korrupsiya, ədalətsizlik axtaranlar, Rusiyanın bu riyakarlığına niyə ad qoymurlar? Yaxşı olardı ki, Ilham Əliyev növbəti müşavirəsində Rusiyanın bu ermənipərəstliyinə barmaq silkələsin.
Diqqət edin. Azərbaycan hakimiyəti hansı ölkələrdə dəyəri 100 milyonlarla ölçülən xeyriyyə layihələri həyata keçiribsə, həmin ölkələr “erməni soyqırımı”nı tanıyıb. Sanki Azərbycan hakimiyyəti ölkənin milyardlarını ermənilərin təbliğatına görə xərcləyib.
Indi dünyada erməni axtarışına çıxanlar bütün tənqidləri erməni amili ilə bağlayanlar, Avropanı hədəf seçənlər özlərində cəsarət tapıb, topun lüləsini o biri tərəfə çevirsinlər.
Səbrsizliklə gözləyirik, Avropa Parlamentinin qətnaməsinə görə yaxasını cıranlar, Putinin ermənipərəstliyini rəsmiləşdirsinlər.
Tez-tez “Yeni Azərbaycan” qəzeti “Azadlıq” qəzetini ermənipərəstlikdə ittiham edir, erməni dəyirmanına su tökməkdə günahlandırır. “Azərbaycan” qəzeti də eyni “ssenari”ni davam etdirir. Həmişə də özlərinə haqq qazandırırlar ki, onlara heç kim göstəriş vermir və vətənpərvərlik hissinin təsiri altında yazırlar.
Indi şəffaf mənzərə yaranıb. Bu “vətənpərvər”lər baş verənlərə sərt münasibət sərgiləsinlər. Putinin ermənipərəstliyindən, Rusiya ilə münasibətlərə yenidən baxmağın vacibliyindən yazsınlar. Amma yaza bilməyəcəklər. Çünki, bunların vətənpərvərlik hissi də “kitayski”di.  
Niyə susursuz? Ermənilərlə birgə addımlayan “Azadlıq”dı, yoxsa Rusiyanın ermənipərstliyinə haqq qazandıran “Yeni Azərbaycan?”
Bir sözlə, baş verənlər bir daha təsdiqlədi ki, tarixin təhrif olunması, erməni təbliğatının qalib gəlməsi qətiyyən hakimiyyəti narahat etmir. Əgər “erməni soyqırımı”nı tanıyan ölkə YAP hakimiyyətindən demokratiya, siyasi məhbuslara azadlıq, şəffaf seçki tələb etmirsə, həmin ölkə “Qarabağ ermənilərə məxsudur” deyə də bilər. 
Akif