Vəkil dostumla çinar ağacının kölgəliyində oturmuşduq. Istiydi. Çinarlarsa uzağı 20 ilin çinarlarıydı. Çox hündürə qalxmadığından bu yaşda çinarlar çox istidə çox da sərinlik yarada bilmir. Iki çinar yanaşı idi, biri o birilərdən bir az aralı. Dostum məni çinarlarla tanış eləyirdi.
– Çinarın çoxlu növü var, Bu, Göyçay çinarıdı. Birbaşa Göyçaydan gətirib əkmişəm. Bu birini, – ikinci çinarı göstərir, – əkməmişəm, özü çıxıb. Qubadan “KAMAZ”la torpaq gətirtmişdim, o torpaqdan göyərib çıxıb. Gör hara qalxıb! – Başımı qaldırıb yuxarıya baxıram, demək olar, çinarlar ikisi də bir boydadır, əkilən də, özü bitən də. – O çinarı, – aralıdakı çinarı göstərir, – mənə Gəncədən gətirmişdilər – Gəncə çinarıdı.
– Gəncə çinarı olmağına Gəncə çinarıdı, – mən deyirəm, – yeri Gəncə çinarının yeri deyil; Gəncə çinarı ağac içinə əkilməz, ayrı əkilər. Görürsən, bu çinarlar düz qalxır, o daha çox yanlara yayılır.
– Düzdür, onu əkəndə yanlışa yol vermişəm, ağac içinə əkmişəm, yanlışımı gec anlamışam, indi istəsəm də, düzəldə bilmərəm. Bu, az qala, bir hakimin yanlış hökm verməyi kimidir. Ancaq sənə deyim, bizdə hakimlər bütün hökmləri düz çıxarırlar. Bilirsən, niyə? Çıxaracaqları hökmün pulunu, ya da sifarişini qabaqcadan aldıqlarına görə. Buna görə də bizim hakimlar mənim kimi naşı bağbanlar deyil, onlar harda nə “əkdiklərini” gözəl bilirlər. Istəyirsən, bir samovar qaynadım, çinar kölgəsində samovar çayı! Bəh, bəh, bəh! – Dostum bunu deyib beş addım aralıdakı samovara doğru gedir.
– Bu istidə samovar nədi, – deyirəm, – bircə butulka pivə olsa, ax, bircə butulka!..
– Çoxa yox, bir butulkaya söz verirəm, – deyərək, – dostum evə yönəlir. Gedə-gedə özüylə danışırmış kimi deyir: – Dünəndən soyuducuda iki butulka qalıb, biri sənin, biri mənim.
Susuzluq mənə güc gəlib, tezcə butulkalardan birini başıma çəkirəm. Butulkanı boşaldıb ikiəlli bərk-bərk sıxır, soyuq pivə butulkasıyla əllərimin susuzluğunu yatırmaq istəyirəm. Pivə sevgisində məndən də ötə gedən dostum yenə də özüylə danışırmış kimi dillənir:
– Elmi ateizmi Məşədi Ibad sayağı yarısınacan yox, başdan-ayağa oxumuşam, o dünyadakı cənnət-cəhənnəm söyləmələrini eləcə söyləncə sayıram, ərəbcə desək, əfsanə. Ancaq buna ürəkdən inanıram: pivəni düzəldən ilk adam kim olubsa, onun yeri mütləq cənnətdir. Elə olmasa, bilirsən nə olar? O dünya da bu dünyanın tayı olar: əyri düzü kəsər, yaxşı-yamanın yeri bilinməz. – Yarısından çoxunu içdiyi butulkanı stolun üstündə fırlada-fırlada deyir: – Bax, mən hüquqçuyam, vəkiləm, özüm də elə-beləsindən yox, biliklisindən, güclüsündənəm. Kimdi başdan-ayağa bulaşığa batmış bu ölkədə mənim kimilərinə dəyər verən?! Aylarla əlləşib, məhkəmədə çox çətin bir işi uduram. Bilirsən nə olur? O çağlar özümü dünyanın ən güclü, ən dəyərli adamı sayıram. Zarafat deyil, axı, mən bütün biliyimi, bütün bacarığımı işə salmaqla çətin bir məhkəmə işini uduram. Bununla da kimlərisə sevindirirəm. Elə özümə də bir yandan pul, o biri yandan sevinc qazandırıram. Elədə adam isti yay günlərində doyunca pivə də içə bilir. Hələ üstəlik, dostları da doyunca pivəyə qonaq eləyə bilirsən…- Nədən gileylisən? – deyə onun dəyişib tutqunlaşmış üzünə baxıram. Butulkanı başına çəkib, son damcısınadək içir, sonra stolun üstünə qoyub, ikiəlli tutaraq deyir:
– Elə çağlar az olur, lap az – sevincli, pullu çağlar. Bilirsən, niyə? Deyək, çox böyük çətinliklə, hakimin azacıq vicdanı varsa, birinci instansiya məhkəməsini udursan. Qanunçuluq baxımından sən sonrakı məhkəmə instansiyalarını da udmalısan. Ancaq haralarasa ötürülən pullar öz işini görür: ikinci, üçüncü instansiyada… uduzursan. Udurkən uduzmaq!- bu bilirsən nə deməkdi?!
Birdən bayaqdan görmədiyimi görürəm: iki butulkanın hərəsi bir zavodda doldurulub. Sən demə, hərəmiz bir zavodun pivəsini içmişik. Mən bunu ona deyəndə hələ də əlində tutduğu boş butulkanı bir xeyli o üz, bu üzə fırladıb ağır-ağır danışmağa başladı.
– Sən bayaq pivənin qiymətindən söz saldın, biri 1 manata çox bahadır dedin, isti yay günləri, adamlar, pulsuzluq, pivədə suyun çoxluğu, nələr… Bunlar hamısı doğrudur, ancaq bu ölkədə bundan ayrı necə ola bilər? Bu zavodun direktoru mənim müştərim olub – vəkil kimi. Deməli, belə. Bir soydaşımız Rusiyada xeyli pul toplayandan sonra ölkəsinə qayıdır. Çox böyük rüşvət verməklə yer alır, zavod tikir. Zavod tikilib başa gələnədək pul vermədiyi yer qalmır. Yerindən duran gəlir: ver! Zavod tikilib qurtarır, qalır açılışı. Vergi açılış üçün 100 min manat istəyir. Adamı od tutur, tanışlıqla məni tapır. Vəkil kimi məndən kömək istəyir: “Bəlkə vergini məhkəməyə verim” – hələ ortada bir qacanc yox, açılış üçün məndən 100 min manat istəyirlər”. Onun başına ağıl qoymağa çalışıram: “Bura səninçün Amerika, Avropa deyil, ağlını başına yığ…”. Bundan sonra o, yuxarılara, daha doğrusu, Prezident Administrasiyasına yol axtarır. Xeyli pul alandan sonra onu gərəkən adamla görüşdürürlər. Adam ona bildirir: prezident bizə verginin işinə qarışmamaq tapşırığı verib. Onda o, yeri gəlmişkən, daha bir problemə toxunur: gömrükdə adamları soyurlar, bu soyğunçuluğa son qoymaq olmazmı? Adam bayaqkı soyuqqanlılıqla bildirir: prezident bizə gömrüyün işinə qarışmamaq tapşırığı verib.
Qardaş bundan sonra ayılır, işin nə yerdə olduğunu anlayır. Yüz min manatı götürüb vergiyə gedir. Acıqlandıqlarından orda ona yeni qiymət oxuyurlar: 150 min! Qardaş “eşşəyə minmək bir ayıb, düşmək iki ayıb” deyiminə yüklənib, evə dönür. 150 mini verəndən sonra zavodun qırmızı lenti kəsilir. Dostum əllərini daraqlayıb seyrəlməkdə olan saçlarına çəkdi. Görünür, düşüncəli olduğundan onun böyrü üstə qoyduğu butulka diyirlənib stolun üstündən yerdəki daş örtüyünün üstünə düşdü. Daşla toqquşmadan butulka çilik-çilik oldu.