Bizim kralın ailəvi dostu, tıpkı onun kimi hakimiyyəti atasından təhvil almış Bəşər Əsəd axır ki, dünən növbədənkənar parlament seçkisi keçirməyə razılaşdı!Bu, Suriya müxalifətinin diktator qarşısında ilk və əsas tələblərindən biri idi. Amma Bəşər Əsəd başından bəri inadla buna qarşı çıxırdı. Iki ayağını bir başmağa dirəmişdi, Nuh deyirdi, “peyğəmbər” demirdi, xalqın səsi ilə deyil, özünün iradəsi ilə formalaşan parlamenti güzəştə getmək istəmirdi. Qəzəbli və azadlıq arzusu ilə coşan xalq da işi belə görüb valı dəyişmişdi, artıq yalnız növbədənkənar parlament seçkisi yox, Əsədin qeyd-şərtsiz istefasını istəyirdi. Amma deyəsən, artıq adamın ağlı başına gəlib. Növbədənkənar parlament seçkisi keçirməklə kəfəni yırtmağa, özünü xilas etməyə çalışır. Doğrudur, bu, minlərlə insanın qanı bahasına başa gəldi, ancaq yenə də olsun, ziyanın yarısından qayıtmaq da xeyirdir.
Bilirsiniz ki, Azərbaycan müxalifətinin də Bəşər Əsədlə bir almanın yarısı olan Ilham Əliyev qarşısında ilkin tələblərindən biri məhz hazırkı saxta, təyinatlı parlamenti buraxmaq, yeni və demokratik parlament seçkisi keçirməkdir. Bizim kral dostu Bəşər kimi, hələlik bu tələbi eşitməzdən gəlir, dinləmək və yerinə yetirmək istəmir.
Amma məncə, Bəşər Əsəd Suriyada növbədənkənar parlament seçkisinə qərar verməklə əslində həm də Ilham Əliyevə mesaj verib. O mesaj budur: “Əziz dostum və qardaşım Ilham Əliyev, dirəşməyin heç bir mənası yoxdur, bizim tiranlar dünyasında artıq fərqli küləklər əsir, ona qarşı dayanmaq çətin məsələdir. Mən bir səhvdi elədim, çabaladım, çabaladıqca daha dərin batdım. Əziz dostum və qardaşım, sən sən ol, mənim səhvimi təkrarlama, bir halda ki, enində-sonunda xalqın istədiyini ona verəcəksən, onu başından ver getsin, özünü millətlə daha da pis eləmə, daha da üz-göz eləmə”. Ilham Əliyevin bu mesajı alıb-almadığını yaxın günlərdə görəcəyik.
Niyə, cənab yaptokratlar, niyə?
Fəzail Ağamalını ciddiyə almaq üçün insan dəhşətli dərəcədə qeyri-ciddi olmalıdır. Amma onun dünən dediyi “Azərbaycan 15 ildə gəlib Almaniya, Fransa və ya ABŞ-mı olmalıdır?” sözlərini yalnız öz dilindən eşitsəydik, əlbəttə, bütün digər fikirləri kimi boş verib keçə bilərdik. Di gəl ki, oxşar “tezisi” biz digər rejim mənsublarından və yandaş mirzələrindən də tez-tez eşidirik.
Ölkədəki hüquqsuzluğu, ədalətsizliyi, feodal idarəetməsini bu mənasız fikirlə malalamağa çalışanlara “15 ildə Azərbaycanı Almaniyaya, Fransaya, ABŞ-a çevirmədiniz, cəhənnəm ki, heç olmasa Gürcüstana da çevirmək olmazdımı?” deyib də, söhbəti bağlamaq olar. “15 ildə heç olmasa, Makedoniya, Xorvatiya, Albaniya da olmaq olmazdımı?” deyib də, onların tezisini alt-üst etmək mümkündür.
Amma mən bu çürük arqumentə sığınıb, Əliyevçi rejimin əl-üzünü yumaq istəyənlərdən tamam başqa bir sualın cavabını istəyirəm: niyə 15 ildə bu hakimiyyətin təpəsində oturan adamların büdcə oğurluqları ilə, korrupsiya ilə topladıqları sərvətin, aldıqları villaların dəyəri istənilən alman, fransız, amerikan milyarderinin kapitalını vurub keçə bilir də, 15 ildə Azərbaycanı Almaniyaya, Fransaya, ABŞ-a çevirmək mümkün olmur? Niyə Ilham Əliyev istəsə Obamanı pulla basdıra bilər, amma ölkəsini Obamanın ölkəsi səviyyəsinə qaldıra bilməz? Niyə, niyə, niyə? Bəs jurnalisti öldürəndə qatil niyə tapılmır?
Sırağagün Bakıda 26 yaşlı oğlan qətlə yetirilib. Polis həmən qollarını sıvayıb, gəncin qatilini axtarmağa başlayıb. Qatil cəmi bir gün sonra – yəni, dünən yaxalanıb. Məlum olub ki, o, Ayvaz Almuradov ad-soyadlı bir jurnalistdir, “Xüsusi təhqiqat” adlı qəzetin əməkdaşıdır.
Polisin çevikliyini, əlbəttə, alqışlayıram. Amma bu sualı vermədən də keçə bilmirəm: qatil jurnalist olunca bir günə tapırsınız da, qətlə yetirilən jurnalist olunca 6 ildir niyə tapa bilmirsiniz?
Doğrudanmı, Elmar Hüseynovu öldürməsələr, amma Elmar Hüseynov özü kimisə öldürsəydi, yenə qatili tapmağa 6 il vaxt lazım olacaqdı? Elmar Hüseynov qətl qurbanı yox, qatil olsaydı da, onu tapmaq bu qədər vaxt aparacaqdımı?