«Uşaqlarımızın təhsili qanunsuz olubsa, bu köçürülmə qərarına imza atan nazir də cavab verməlidir»
Tələbə və valideynlər Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçirdilər
Keçən ilin sentyabrında Təhsil Nazirliyinin qərarı ilə fəaliyyətini dayandırın Azərbaycan Beynəlxalq Universitetinin (ABU) tələbələri və onların valideynləri ötən gün Nazirlər Kabineti önündə aksiya keçirib. 50-yə yaxın insanın iştirak etdiyi aksiyada valideynlər övladlarının təhsil hüququnun pozulduğunu bəyan ediblər.
Şimaldan gələn bəla
Etirazçıların “Azadlıq”a bildirdiyinə görə, onları iki məsələ narahat edir. Birinci problem təhsilini başa vuranlar, lakin diplom ala bilməyənlərlə bağlıdır. Ikincisi isə təhsili yarımçıq qalanlar barədədir. Yeri gəlmişkən, ikincilərin sayı daha çoxdur. Onların da bir çoxu ABU-ya Dağıstan, Moskva, Ukrayna universitetlərindən köçürülənlərdir.
Yazıçıya dərdlərini yazdılar
Valideynlərin baş nazirin müavini Elçin Əfəndiyevə ünvanladıqları müraciətdə bildirilir ki, ABU-da ciddi qanunsuzluqlara yol verilib və bunun nəticəsində yeniyetmələrin psixikasında mənfi izlər yaranıb, onların gələcəyə inamı qırılıb: “Baş verənlər onlarda vətənpərvərlik hissinə zərbə vurub, ”Uşaqlar bizim gələcəyimizdir” fikrini şübhə altına almalarına səbəb olub. Yüzlərlə gənc işsiz-gücsüz, avara qalıb. Bu isə təbii ki, biz valideynləri düşündürməyə bilməz”.
Mehriban Əliyeva – sonuncu ünvan
Müraciətdə, həmçinin məzunlara diplom verilməsi, təhsili yarımçıq qalanların başqa universitetlərə köçürülməsi kimi tələblər də öz əksini tapıb. Müraciətə 300 nəfər imza atıb. Problem isə 6-7 min insanı əhatə edir.
Nazirlər Kabinetində valideynlərin müraciətini qəbul ediblər, məsələ ilə yaxınlarda Təhsil Nazirliyinin maraqlanacağını deyiblər. Valideynlər isə bu vədə inanmırlar. Onlar deyir ki, uzun müddətdir Təhsil Nazirliyində, Prezident Administrasiyasında dərdlərini söyləsələr də, heç bir addım atılmır. Yaxın günlərdə onlar birinci xanım Mehriban Əliyevanın qəbuluna düşmək niyyətindədirlər.
Təhsil Nazirliyi də qanunsuzluğa ortaq sayılır
Təhsil Nazirliyindəki son həbslərə toxunan valideynlər “Azadlıq”a bildiriblər ki, təhsildə qanunsuzluğun aradan qaldırılmasında hökumət səmimidirsə, o zaman bütövlükdə bu sektorda baş verən qanunsuzluqların heç birinə göz yumulmamalıdır.
Övladlarının başqa universitetlərə köçürülməsi barədə qərarları göstərən valideynlər həmin sənəddə təhsil nazirinin müvafiq əmrinə diqqət çəkərək, bu məsələdə ən böyük məsuliyyətin nazirliyin üzərinə düşdüyünü vurğulayıblar.
“Bu köçürülmələrin hamısı təhsil nazirinin əmrilə olub. Uşaqlarımızın təhsili qanunsuz olubsa, bu köçürülmə qərarına imza atan nazir də cavab verməlidir”, – deyə Həşim Qubadov adlı valideyn bildirib.
Sevginaz Bayramova adlı şikayətçi isə övladı dövlət imtahanı verərkən Təhsil Nazirliyinin təmsilçisi Elyar Vahabovun da iştirak etdiyini, imtahanla bağlı protokolu imzaladığını vurğulayaraq soruşur: “Qanunsuz təhsil alan adamların imtahanında nazirlik işçisinin nə işi vardı?”
Təhsil məzənnələri
Valideynlər bir sıra korrupsiya faktlarından da danışıblar. Məsələn, onların sözlərinə görə, Təhsil Nazirliyindəki “işbazlar” vasitəsilə 3 min manata ABU-nun diplomunu almaq, 1,5-2 min manata isə başqa bir özəl ali məktəbə köçürülmək olar.
Natiq



