Türkiyə baş naziri Ahmet Davutoğlu Rusiya və Fransa prezidentlərinin Yerevanda keçirilən erməni qətliamının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirakının Minsk Qrupunun tərəfsizliyinə kölgə salacağını bildirib, Anadolu xəbər agentliyi yazır. Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Fransua Olland 1915-ci ildə baş vermiş hadisələrin 100 illiyinə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün Yerevana gedib.
“Biz Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsində vasitəçilik edən Minsk Qrupunun Ermənistanın məsələdən sui-istifadə edən davranışları qarşısında obyektiv qalacağını gözləyirik,” Davutoğlu deyib.
Agentlik xəbər verir ki, Putinin 1915-ci ildə baş vermiş erməni qətliamını “soyqırım” adlandırmasına toxunan Davutoğlu bildirib ki, o, Türkiyə xarici işlər naziri Mevlut Cavusoglu ilə əlaqədədir və “lazımi addımlar” atılacaq.
“Tariximizi pozan və təhqir edən istənilən mövqe, bütün hallarda bizim etibarımızı da pozacaq,” Davutoğlu bildirib.
Fransa və Rusiya 1992-ci ildə yaradılmış Minsk Qrupuna sədirlik edən üç dövlətdən ikisidir. Digər həmsdr dövlət isə ABŞ-dır.
Fransa prezidenti Fransua Ollandın sabah Azərbaycana səfər edəcəyi gözlənilir. (BBC azeri)


