Rusiyanın populyar siyasətçilərindən biri, LDPR lideri Vladimir Jirinovski Dövlət Dumasının bugünkü iclasında “erməni soyqırımı”nı dəstəkləyən qüvvələrə qarşı çıxıb. Virtualaz.org saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Jirinovski bəzi deputatların “erməni soyqırımı”nın 100 illiyi münasibətilə verdiyi xüsusi bəyanatı sərt tənqid edib.
“Bu bəyanat nəyə həsr olunub? Burada kimsə başsağlığından danışır, başsağlığı verir. Başsağlığını yalnız konkret fiziki şəxsin ölümü ilə bağlı verərlər. Dəfn, yas mərasiminə gedin, başsağlığını da orada verin. Burada isə söhbət 100 il bundan əvvəl olmuş hadisələrdən gedir. Siz bu halda başsağlığı verə, bu haqda danışa bilməzsiniz. Ola bilsin ki, yalnız həmrəylikdən danışmaq və ya təəssüflənmək mümkündür. Biz 100 il əvvəlki hadisələrlə bağlı bütün hiss və duyğularımızı ifadə etmişik.
“Qardaş Ermənistan” haqda yazıb danışmağa da heç bir əsas görmürəm. Çünki qardaş dövlətlər və qardaş xalqlar olmur. Bunu Ukraynanın timsalında da gördük. Ukraynadakı ruslar və Rusiyadakı ruslar bir-birinə nəinki qardaş olmadılar, hətta əksinə, düşmənə çevrildilər.
1991-ci ildə ən çox rusu məhz Ermənistandan qovub çıxarmışdılar. Ermənistan bu gün ən monoetnik ölkədir. Ruslar və digər xalqların nümayəndələri hər yerdə var, yalnız Ermənistandan başqa. Ona görə də orada “qardaş Ermənistan” yazmaq lazım deyil. Hə, yaxşı ölkədir, amma bəyanatın mətninə daha quru və ütülü fikirlər yazmaq olardı. Ermənistana başqa ölkələrdən təhlükə olmasaydı, o, Rusiya ilə bu qədər yaxşı münasibətlər saxlayardımı? Mən buna əsla əmin deyiləm. Ermənistanı Finlandiyanın qonşuluğuna köçürün, ondan sonra görün orada necə sərt antirus əhval-ruhiyyə olacaq. Yəni burada məsələnin məğzi coğrafiyadadır, kiminsə kiməsə qardaş olmasında yox” – deyə Jirinovski bildirib.


