Dərmanlara qiyməti Tarif Şurası qoyacaq

Nazirlər Kabinetinin tətbiq etdiyi qayda bazara nə vəd edir?
 
Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil edilib. Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”na dəyişiklik edilib.
NK-nın yeni qərarına əsasən, dərman vasitələrinin ekspertiza xidmətlərinin və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil edilib.ÿ
Qeyd edək ki, həmin siyahıya əsasən 40 mal və xidmətin qiyməti Tarif Şurası tərəfindən müəyyən edilir.
Maraqlıdır ki, ölkədə dərman biznesi yalnız hakimiyyətə yaxın şəxslərin əlindədir. Bazardakı qiymətləri də onlar diqtə edir. Ona görə bu bazarda qiymətlərin vahid mərkəzdən tənzimlənməsi ədalət prinsiplərinin qorunması ilə bağlı bəzi şübhələr yaradır. Bəlkə də prosesin əvvəlində bazardakı qiymətlərin enməsi müşahidə olunsa da, daha sonra bu proses nəzarətdən çıxada bilər. Eyni zamanda o məqamda nəzərə alınmalıdır ki, Azərbaycanda satışa çıxarılan xarici dərmanların bir çoxunun dəyəri istehsal olunduğu ölkədə 7-8 dəfə ucuz olur. Amma Azərbaycanda bu dərmanlar fantastik qiymətə satılır. Bu isə o deməkdir ki, vahid qiymətin tətbiqi kompleks islahatların aparılmasını zəruri edir.
Daha bir sual adi vətəndaşların dərman biznesindəki gələcək rolundan gedir. Sıradan vətəndaşlar bu bizneslə məşğul ola biləcəklərmi?
Bu və başqa suallara ekspertlərlə aydınlıq gətirməyə çalışdıq.
 
 
Samir Əliyev: “Bazarda öncə qiymət artmını şərtləndirən amillər aradan qaldırılmalıdır” 
 
Iqtisadçı Samir Əliyev bildirdi ki, vahid qiymətin tətbiqi bazarda dərmanların dəyərinin ucuzlaşmasına və ən azı müəyyən müddət artmamasına gətirib çıxaracaqdır. Ekspertin sözlərinə görə, bəlkə də bu ilk baxışdan cəlbedici görünür. Amma bu bazarda öncə qiymət artımını şərtləndirən amillər aradan qaldırılmalıdır: “Araşdırılmalıdır ki, Azərbaycanda dərmanın qiyməti istehsal olunan ölkədən fərqli olaraq dəfələrlə artıq satılır. Bunun da səbəbi çox sadədir. Öncə onu vurğulamaq lazımdır ki, gömrük sistemində ciddi problemlər var. Ikinci problem bu sahədə inhisarın olmasıdır. Heç kimə sirr deyil ki, dərman inhisarçı şirkətlər tərəfindən ölkəyə gətirilir. Ona görə vahid qiymət sistemi tətbiq etməkdənsə, iqtisadi rıçaqlar vasitəsilə elə bir şərait yaradılmalıdır ki, dərmanlar ölkəyə gələn zaman çox baha başa gəlməsin. O baxımdan vahid qiymətin tətbiqi o qədər də effektiv addım deyil”.
S,Əliyev hesab edir ki, vahid qiyməti vətəndaşlar üçün daha vacib olan dərmanlar üçün tətbiq etmək olardı. Amma bu qərarın bütün dərmanlara şamil edilməsi bir sıra problemlər yarada bilər: “Əgər ölkədə növbəti devalvasiya baş verərsə, dərmanların qiyməti necə olacaq? Azərbaycanda dərmandan asılılıq çoxdur. Qiymət artımının qarşısını almaq üçün bu addım ilk mərhələdə effekt verə bilər. Amma çıxış yolu bu deyil”.
Sadə vətəndaşların ölkəyə dərman gətirməsinin və bu bizneslə məşğul olmasının əvvəlkitək qadağan olunduğunu deyən S.Əliyev qeyd etdi ki, sadə vətəndaş yalnız istifadə üçün məhdud sayda dərman gətirə bilər.
 
 
Eyyub Hüseynov: “Dərman bazarı get-gedə tam inhisara alına bilər” 
 
Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirdi ki, dərman pereparatları elə bir maldır ki, istehlakçı onu istəyi ilə deyil, məcburiyyətdən alır. Manatın devalvasiyasından sonra təmsil etdiyi təşkilata müraciətlərin sayının artdığını deyən E.Hüseynov vurğuladı ki, bəzi apteklər əhaliyə dərman satmağı məhdudlaşdırıb: “Azad Istehlakçılar Birliyi Səhiyyə Nazirliyinə və Iqtisadiyat Nazirliyinə təkliflər verib. Bu təkliflərdə dərmanların qiymətinin tənzimlənməsində iştirak etməyimizi də irəli sürmüşük. Qiymətlərin vahid mərkəzdən tənzimlənməsi bir neçə nəticəyə gətirib çıxara bilər. Biz gözləyirik ki, bununla dərman bazarı get-gedə tam inhisara alına bilər. Inhisarçılar bir müddət qiyməti sabit saxlasa da növbəti mərhələdə dərmanların qiymətinin sürətli bahalaşması baş verə bilər. Eyni zamanda bizim təşkilat olaraq iştirak etmədiyimiz siyasətin müəyyən edilməsi zamanı ölkəyə külli miqdarda keyfiyyətsiz dərman gətirilə bilər. Yalnız liberal bazar şəraitində keyfiyyətli maldan və ucuz qiymətdən danışmaq olar”.
Hikmət