Obama «soyqırım» demədi

ABŞ prezidenti Barak Obama 1915 olaylarının 100-cü ildönümü ilə bağlı açıqlamasında «soyqırım» sözünü işlətmədi. Bunun əvəzinə ötən il olduğu kimi, «böyük fəlakət» dedi. ABŞ lideri hesab edir ki, 1915-ci ildən başlayaraq erməni xalqı Osmanlı İmperiyası tərəfindən sürgün və qətl edilib: «Nəticədə ermənilərin tarixi torpaqlarındakı mədəniyyətləri və mirasları məhv edildi. Qorxunc zorakılıq nəticəsində 1.5 milyon erməni həyatını itirdi. 1915-ci ilin dəhşətləri məlum olan kimi ABŞ səfiri Henri Morgenthau ABŞ hökumətinə həyəcan siqnalı verdi. Həmçinin Osmanlı liderlərinə qarşı çıxdı. Belə səylər nəticəsində böyük fəlakət gerçəyi ortaya çıxdı».
 
Obama 1915-ci il olayları ilə bağlı mövqeyini mütəmadi olaraq ortaya qoyduğunu, fikirlərinin dəyişmədiyini diqqətə çatdırıb: «Həqiqətlərin tam və ədalətli şəkildə qəbul edilməsi hamımızın xeyrinədir. İnsanlar və millətlər keçmişin acıları ilə hesablaşaraq, onları qəbul edərək daha çox güclənə, daha ədalətli və xoşməramlı gələcək qura bilərlər. Tarixin bu qaranlıq səhifəsinə işıq tutmağa çalışan Papa Fransiskin, həmçinin türk və erməni tarixçilərin fikirlərini alqışlayırıq».
 
100-cü ildönümündə qurbanları anmaq üçün erməni xalqının yanında olduğunu deyən Obama «Acı çəkənləri unutmayajağımıza söz veririk. Bu acı mirasdan dərs çıxarmağa çalışacağıq» – deyə, bildirib.
 
Gültəkin