Artur Rəsizadə özü haqqında nə yazardı?

Azərbaycanlı oliqarxlar Artur Rəsizadənin haqqında nə deyirlər?

Düzlərin, əyri hökuməti…

Idarə edənlərin hamısı yaxşıdırsa, bəs ölkə niyə pis idarə olunur? Əslində, Azərbaycanda yerində yaxşı oturmağın sirrini bilmək var. Bu yerində oturanların hamısı düz oturubsa, onda cəmiyyətdə bu qədər əyrilik hardandır? Yoxsa münasibətlərin, sözün əxlaqsızlığını cəmiyyətə Iranda və Türkiyədə fəhlə işləyən həmvətənlərimiz, Rusiyada erməni fermasında donuz güdən kəndli gətirib? Bazarda kartof, soğan satan, rus polisi zopaladıqca o biri çiynini irəli verən  həmvətənlərimiz hər şeyi axarından çıxarıblar…
Mən kimisə qınamıram. Çoxarşınlı məmləkətdə qiymətlər qalxa bilir, bircə dəfə yumurta ucuzlaşıb…
Rus çarı I Nikolay deyirdi: Mən hamıya mənim idarəçiliyimi tənqid etməyi qadağan edirəm, həmçinin imkan vermərəm ki, onu tərifləsinlər də. Azərbaycanda isə tənqid qadağandır, tərif etmək isə üzdə qalmanın bir formasıdır. Düzdür, yumurta müşavirəsindən sonra təlaşa düşən məmurlar düşünürdülər, həqiqətənmi bundan sonra oğurlamaq mümkün olmayacaq. Amma bu çaşqınlıq uzun çəkmədi. Ola bilsin ki, mümkün olacaq, amma yeni süpürgələr lazım gələcək,- düşündülər. Çünki əvvəlki rüşvətalma formaları və vasitələri artıq köhnəlib. Bir də oliqarx nazirlər bir-birlərinə zarafatla “onsuz da baş nazirimiz hamımızın əvəzindən oğurlamır. Onun oğurlaya biləcəyini də biz oğurlayırıq”, deyirlər.

Vicdanlılıq və qanunun ortaqlığı…

Görəsən, 15 ildən çox Baş nazir işləyən Artur Rəsizadə yaşadığı dövrün olanlarını və qalanlarını necə qələmə alardı?
Indi Gürcüstanda məmurların 98 faizi rüşvət almır. Bunun nə qədər dəqiq olduğunu demək çətindir. Amma müxtəlif ölkələrin Gürcüstanda apardığı sorğular da bunu subut edir. Məsələn,  rəyi soruşulan sürücülərin yalnız 1 faizi yol polisinə rüşvət verdiyini bildirib. Azərbaycanda bu rəqəmin neçə faiz olduğunu deyə bilmərəm. Amma baş nazir Artur Rəsizadə ölkədə rüşvət almayan, ən azı haqqında belə, danışılmayan on nəfər yüksək vəzifəlilərdən biridir. Yenə Gürcüstana qayıtmaq  istəyirəm. Saakaşvili bunu özü ilə bağlayırdı və deyirdi: “Mən rüşvət alıram ki, kimsə də alsın?”.
Məsələyə bu baxımdan yanaşaq, ölkənin ikinci adamı kimi (Konstitusiyaya görə) Artur Rəsizadə rüşvət almırsa, ona tabe olan nazirlər, komitə sədrləri, özünün müavinləri və digər nazirlərin müavinləri 800-1000 manat maaşla necə milyonçu olurlar? Axı 76 yaşlı baş nazir 15 ildir bu vəzifədə çalışır, illik qazançı 23 min manatdır (Aylıq əmək haqqı 1925 manatdır). Amma Azərbaycanın varlıları sırasında bəzi bələdiyyə sədrlərindən də sonrakı yerlərdən birini tutur.
Gürcüstan möcüzəsinin arxasında həbslər dayanmır, inzibatçılıq da elə bir rol oynaya bilmədi. Çox sadə bir yolla ölkədə rüşvətxorluğun kökünü kəsdilər: nazirlərin, bütün səviyyədə məmurların hamısında vicdan qanunla birləşib. Sözün qısası, Gürcüstanda bu rüşvətsiz həyat tərzi vicdanlılıq meyarları üstündə dayanır. Artur Rəsizadənin gözütoxluğu əslində yaxşı çağırışdır. Amma yumşaqlığı və zəifliyi, vəzifəsindən irəli gələn cavabdehlik mexanizmini qura bilməməsi bu mühüm amili cəmiyyətin malına çevirə bilmir.

Şahları yanı üstə çevirən baş nazir…

Artur müəllim şahmat taxtında çox şahları yanı üstə qoyub. Azərbaycan KP MK-da keçirilən şahmat yarışlarının qalibi olub. Indi müavinləri və bir çox oliqarx Nazirlər Kabinetinə girəndə özlərini onun yerində görürlər. Tez-tez yaxın jurnalistləri vasitəsi ilə qəzetlərə informasiya sızdırır, “baş nazir gedir”,- deyə car çəkirlər. Bu çağırışa bəziləri inanıb köməkçiyə “Bir öyrən, ”Baş nazir filankəs filankəsov” sözləri qızılı hərflərlə neçəyə yazılır” tapşırığı da verirlər.
Artur müəllimin getməsi xəbərini hamı eşidir. Prezidentdən savayı. Prezident “get” deyəndə getdi, səhhətinə görə, sonra  “qayıt” dedi, qayıtdı, yaxşı sağlamlığına görə.

Ömürlüyündən bəzi məqamlar:

Artur Tahir oğlu Rəsizadə 1935-ci ildə Gəncə şəhərində anadan olub. Ixtisasca mühəndis-mexanikdir. Qısa fasiləni nəzərə almasaq, 15 ildir ki, Azərbaycanın Baş naziri vəzifəsindədir. 1996-cı ilin mayında Baş nazirin birinci müavini olan cənab Rəsizadə, elə həmin ilin noyabrında Baş nazir vəzifəsinə təyin edilib. Ömürlüyünün ən qaranlıq məqamı 1990-cı ilin yanvar hadisələri ilə bağlıdır. Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Artur Rəsizadə Bakıya qoşun yeridilməsi ilə bağlı Moskvaya göndərilmiş 4 teleqramdan üçünə qol çəkib. Birini Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov imzalayıb. Artur müəllimin dediyinə görə, həmin teleqramların Bakıya qoşun yeridilməsinə az dəxli olub. Bu teleqramlar Bakıya girən qoşunların ərzaqla, yanacaqla, nəqliyyatla təminatına aiddir. Yəni, texniki məsələdir. Düzdür, Artur Rəsizadə bu teleqramlara imza atdığını nə təsdiq, nə də təkzib edir. Tutaq ki, teleqramlar texniki olub, mübahisə etmirik, bəs Bakıya yeridilən qoşuna bir azərbaycanlı kimi niyə  müqavimət göstərməyib. Qol çəkməzdi, bu da ən yaxşı müqavimət forması kimi dillərə düşərdi.
Ikinci məqam 2003-cü ilin avqustunda Ilham Əliyevin Baş nazir təyinatı ilə bağlıdır. Yaşı və səhhətinə görə Baş nazirlikdən öz razılığı ilə getdi və baş nazirin müavini oldu. I.Əliyev prezident seçiləndən sonra, 2003-cü ilin noyabrında yenidən “öz postu”na qayıtdı.
Üçüncü məqam Artur müəllimin adı ilə bağlıdır. Milli Məclisin üzvü Rəfael Hüseynovun yazdığına görə, bu adın verilməsi Voyniçin “Ovod” romanı ilə bağlıdır. Valideynlərinin bu romana məhəbbəti övladlarını Artur adlandırmağa sövq edib. Amma bir məsələ də maraqlıdır. Artur müəllim Hüseyn Cavid nəslindəndir. Cavid əsərlərindəki  qəhrəmanlar “Ovod”dakı Arturdan heç də təsirsiz deyillər. Bəlkə 37-ci illərin repressiya qorxusu buna imkan verməyib. Əmisi Şamil Rəsizadə 1988-ci ildə qazaxlılara məsləhət görürdü ki, “bir kənddi də, verin getsin erməniyə!”. Amma demokratik ölkələrdə, elə bizim ölkədə olduğu kimi ata oğula, qardaşoğlu əmiyə görə məsuliyyət daşımır.
Yetmiş altı yaşlı baş nazir xatirələrini ürəkdən yazsaydı, bəlkə əldən-ələ gəzərdi. Bəlkə belə başlardı: “Yaşadığım dövrün vicdanı oldum. Amma bir vaxtlar ”bəşərin vicdanı, eşqi, ürəyi partiyamızdır” və mən də onun üzvüydüm. Harada işləmişəm, ürəkdən çalışmışam. Kiminləsə qeybət etməkdənsə, şayiələri müzakirə etməkdənsə, şahmat oynamağa üstünlük vermişəm. Şahmat taxtında çox vəzifəlilərin şahını taxtdan salmışam. MK çempionu olmuşam. Heç vaxt həyatdakından fərqli olaraq vəzifəsinə, yaşına görə bilərəkdən heç kimə uduzmamışam. Şahmatda piyadanın şah olmaq imkanı həmişə qalır.
Hakimiyyət uğrunda mübarizənin öz qanunları var. Saray çəkişmələri həmişə olub.
Mən bu mübarizədən uzaq bir adamam. Birinci olmağı heç vaxt qarşıma məqsəd qoymamışam. Ölkənin birinci adamlarının mənə inamı da buradan irəli gəlir. Məsələn, Sov.IKP MK-da Suslov adlı bir katib vardı. Ən uzun ömürlü katiblərdən biriydi. Ölkədə hamı ondan çəkinirdi. Amma hamıya bəyan edirdi ki, birinci katib olmaq istəmir. Fikir verin: Stalinlə, Xruşşovla, Brejnevlə işləmişdi.
Deyirlər, indiki hakimiyyətə məndən yararlısı yoxdur. Çünki  heç bir şeyə qarışmıram, heç bir mühüm məsələlərin həllində öz mövqeyimi ortaya qoya bilmirəm. Ölkənin ikinci adamı kimi siyasi fiqur deyiləm, siyasi ətrafım və özəl siyasi mövqeyim yoxdur. Prezident olmaq haqqında fikirləşmək belə istəmirəm. Siyasətdə iddiasızlığın son olduğunu bilirəm, amma yalançı vədlər verib populyar olmaqdansa, sakit mövqe tutmağa üstünlük verirəm. Bəlkə də bu səviyyədə olan yeganə məmuram ki, dəfələrlə getmək haqqında ərizə yazmışam. Qalmağı məsləhət görüblər, qalmışam.
Təşəbbüskar olmadığımı mənə irad tuturlar. Nəyə gücüm çatdığını bilirəm.
Uzun müddət vəzifədə qalmağımı işimlə bağlamayanlar da çoxdur. Mənim birinci olmaq məqsədim yoxdur. Ona görə birinci adamlar üçün ziyansızam, əlavə münaqişə, söz-söhbət yaratmıram. Hakimiyyətdə, bu, müsbət haldır. 
Bir çox nazirlər, hətta komitə sədrləri özlərini məndən səlahiyyətli aparırlar. Belələri otağıma gələndə yerimə müştəri gözü ilə baxırlar. Hiss edirəm ki, bəziləri “bəsdir vəzifəni bu qədər gözdən saldın, get təsbehini çevir”,- deyirlər.
Azərbaycan Konstitusiyasının 105-ci maddəsinin birinci bəndində deyilir ki, ölkə prezidenti vaxtından əvvəl vəzifəsindən getdikdə üç ay ərzində növbədənkənar prezident seçkiləri keçirilir. Bu halda yeni prezident seçkilərinədək prezident səlahiyyətlərini Baş nazir icra edir.
Bəziləri deyir, yaxşı iqtisadçıyam, amma Baş nazir kimi ölkədəki iqtisadi siyasətə, iqtisadi proseslərə müdaxiləm görünmür. Niyə nazirlərlə, komitə sədrləri ilə geniş müşavirə keçirmirəm. Bizim nazirlər, komitə sədrləri işdən daha çox, özlərindən yuxarıdakıları tərifləməklə məşğuldurlar. Birdən yanılıb məni də tərifləyərlər, utanaram.
Məni hərdən Prezident Administrasiyasının ikinci işlər idarəsinin müdiri adlandıranlar da var. Düzdür, hərdən nazirlərin işdə olub olmadığını yoxlayıram.
Elə iri əmlakım, varidatım, vəzifədə qohumum da yoxdur.
Mətbuatdan televiziyadan uzaq adamam.
Həyat şüarım belədir: uduzmamaq və riskli addımlar atmamaq.

Surxay Hüseynli