Kənd Təsərrüfatı Nazirliyi və Azəryolservisdə maxinasiyalar

Hesablama Palatasının hesabatında bu dövlət qurumlarının da “paxırı açılıb”

 
Hesablama Palatasının hesabatında Kənd Təsərrüfatı Nazirliyi və “Azəryolservis”də aparılan yoxlamalarla bağlı maraqlı faktlar yer alıb. Hesabatda deyilir ki, KTN-in mərkəzi aparatının saxlanmasına və digər tədbirlərə ayrılan vəsaitin istifadəsinin auditi aparılarkən müəyyən olunub ki, büdcə layihəsinə təkliflər təqdim edilərkən bəzi xərclər üzrə real tələbat və əvvəlki illərin icra göstəriciləri nəzərə alınmayıb.
Ilin sonuna bəzi xərc maddələri üzrə icra səviyyəsi aşağı olub. Bir sıra hallarda əsas göstərilmədən  hər ay iş vaxtı normasından artıq işlədiklərinə görə artıq əməkhaqqı ödənilib. Ali təhsili olmadan müxtəlif illərdə inzibati vəzifələrə qəbul olunmuş 9 işçiyə ixtisas dərəcələri verməklə əməkhaqqı, müavinət və mükafat ödənilib.  5 halda artıq məzuniyyət haqqı ödənilib, pensiya yaşına çatdığına görə dövlət qulluğuna xitam verilmiş şəxs yenidən  şöbə müdiri vəzifəsinə təyin edilərək ona aylıq vəzifə maaşı və digər əlavələr hesablanaraq ödənilib, intizam tənbehi tətbiq edilən əməkdaşlara kollektiv mükafatlandırma zamanı  mükafat verilib, mövcud normalara əməl edilməməsi nəticəsində artıq ezamiyyə və yanacaq xərcinə yol verilib. Vahid Büdcə Təsnifatının tələblərinə riayət edilməyərək vəsaitlərin təyinatı dəyişdirilib. Satınalmalarla bağlı müvafiq qanunvericiliyin tələblərinə əməl edilməyərək bəzi hallarda satınalma prosedurları ilə əlaqədar tender komissiyası tərəfindən iclas protokolları tərtib olunmayıb. Kotirovka sorğusunun şərtləri müəyyənləşdirilməyib və normativ-hüquqi aktlarla müəyyən edilən formada tərtib edilməyib, təklif olunan malların qiymət kotirovkaları müvafiq formada təqdim edilməyib. Satınalmaların şərtlər toplusu qanunun tələblərinə uyğun hazırlanmayıb və satınalan təşkilatda saxlanması təmin olunmayıb. Müvafiq icra  hakimiyyəti orqanının razılığı olmadan satınalma müqavilələrində dəyişiklik edilərək malların həcmi artırılıb. Satınalma proseduru tətbiq olunmadan vəsait xərclənib.
Kənd təsərrüfatı avadanlıqlarının alınması zamanı vəsait artıq ödənilib. Gömrük rüsumu malların dəyərinə əlavə olunmadan xərcə silinib. 2013-cü ildə  bağlanan satınalma müqaviləsi üzrə avadanlığın alınması təmin olunmayıb. Beynəlxalq tədbirlərin keçirilməsi ilə əlaqədar bəzi  xidmətlərin yerinə yekirilməsi üçün təsdiqedici sənədlər olmadan vəsait ödənilib. Yemək və ziyafət  xərcləri üçün mövcud normalara əməl olunmayıb, bağlanmış müqavilələrdə  xidmətlərə görə  vəsait ödənilib, bəzi xidmət və mallara görə vəsait təkrar ödənilib və tədbir üçün alınan  avadanlıqlar uçota alınmadan xərcə silinib. Daimi fəaliyyətdə olan inventarizasiya komissiyası yaradılmayıb, nazirliyin balansında olan əmlakın və öhdəliklərin inventarizasiyası aparılmayıb. Əsas vəsaitlər balans  hesabları üzrə düzgün mədaxil edilməyib. 2011-12-ci illərdə  balansda olan əsas vəsaitlərə illik köhnəlmə normaları düzgün tətbiq edilməyib. Maddi-məsul şəxslərlə müvafiq bağlanmayan, onlarda olan maddi qiymətlilərin uçotunun aparılması təşkil edilməyib, bəzi hallarda uçota alınmalı aktivlər xərcə silinib, audit dövrünün əvvəlinə və sonuna  məcburi sosial sığorta haqları üzrə debitor borcu olub.
Hesabat dövründə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-yə Gədəbəy-Qızıltorpaq-Qonaqlı yolunda Fındıxlı çayı üzərində körpünün yenidən qurulması, Goran-Naftalan avtomobil yolunun əsaslı təmiri, Şəmkir-Gədəbəy avtomobil yolunun 42-ci km-də Çolpan çayı üzərində körpünün tikintisi üçün ayrılan vəsaitlərin istifadəsinin auditi aparılıb. Müəyyən edilib ki, obyektlərin layihə-smeta sənədlərinin hazırlanmasına görə müvafiq satınalma prosedurları həyata keçirilməyib. Iddiaçıların təqdim etdiyi qiymət cədvəlləri və satınalmalar üzrə bağlanmış müqavilələrdə satın alınacaq malların mənşəyi göstərilməyib. Tikinti obyektləri üzrə son ödəmələr texniki təminat müddəti gözlənilmədən həyata keçirilib, 1 halda yolun əsaslı təmiri zamanı istifadə olunan qruntun dərəcəsi və daşıma məsafələri təqribi olaraq  qəbul edilib. Yolun layihə-smeta sənədləri dövlət ekspertizasından keçirilməyib.
Obyektlərin layihə-smeta   sənədlərinin “nəzərdə tutulmayan işlər və xərclər” və “müvəqqəti bina və qurğular” bölmələrində nəzərdə tutulan vəsaitin müvafiq qaydada sənədləşdirilməsi aparılmadan işlərin qəbulu aktında yerinə yetirilən işlərin dəyərinə daxil edilərək birbaşa podratçıya ödənilib. Körpülərin tikintisi və əsaslı təmiri başa çatdırılıb istifadə olunmasına rəğmən, körpünün keçidləri müvafiq qaydada sınaqdan keçirilməyib və Dövlət Qəbul Komissiyası tərəfindən  istismara qəbulu təmin edilməyib, 2 halda obyektlər müvafiq qaydada uçota alınmayıb, dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitdən ayrılmış və istifadə edilmiş vəsait Cəmiyyətin nizamnamə kapitalına daxil edilməyib.