Türkiyə mediası 19 iyun aksiyasına geniş yer ayırdı
Türkiyə mətbuatı Ictimai Palatanın 19 iyun aksiyasını geniş işıqlandırıb. Qardaş ölkədə yayımlanan “CNN Türk” kimi nüfuzlu televiziya kanalı, “Dünya Times”, “World bulletin” və başqa bu kimi tanınmış xəbər portalları Ictimai Palatanın 19 iyun aksiyasına diqqət ayırıblar.
“CNN Turk” kanalı 19 iyun aksiyasından hazırlanmış reportajı “Azərbaycanda işlər qarışıq”, “Dünya Times” xəbər portalı “Ərəb baharı Azrbaycana sıçradı”, “World Bulletin” isə “Azərbaycanda müxalifətə icazə yoxdur” başlığı ilə yayımlayıblar.
Xəbərlərdə deyilir ki, Azərbaycanda müxalif partiyaların və ictimai fəalların yaratdığı Ictimai Palatanın 19 iyunda keçirilən etiraz aksiyası öncəsi hökumət qüvvələri paytaxt Bakıda fövqəladə iş rejiminə keçib. Mərkəzi küçələrə, xüsusən də aksiyanın təyin olunduğu “Nərimanov” kinoteatrının ətrafını polislər mühasirəyə alıb. Vətəndaşların sərbəst hərəkət etmək imkanları məhdudlaşdırılıb.
19 iyun aksiyasıyla bağlı reportajda o da vurğulanır ki, Ictimai Palata tərəfdarları yalnız hökumət qüvvələrinin gözlədiyi kimi “Nərimanov” kinoteatrı qarşısında yox, eyni zamanda Bakının müxtəlif yerlərində aksiya keçirərək şüarlarını səsləndiriblər. Aksiya iştirakçıları sərbəst toplaşmaq azadlığının bərpa olunmasını, siyasi məhbusların azadlığa buraxılmasını və ölkədə siyasi islahatların keçirilməsini tələb ediblər.
Türkiyə mediası Azərbaycan hakimiyyətinin müxalifətin dəfələrlə səsləndirdiyi tələblərə baxmayaraq tələb olunan yerlərdə dinc aksiya keçirilməsinə icazə vermədiyini bildirib. Lakin ölkə müxalifəti bütün qadağalara rəğmən, yenə də elan etdikləri yerlərdə aksiyalarını keçiriblər. Təhlükəsizlik qüvvələri müxalifət tərəfdarlarına qarşı zor tətbiq edib. Onlarla müxalifətçi həbs olunub.
Siyasət şöbəsi



