Bəxtiyar Sadıqovun vətənpərvərlik meyarı

Yaxud demokratiya tələb edənləri söyüb, Qarabağı işğal edənləri sevmək öhdəliyi

Ötən sayımızda “Azərbaycan” qəzetinin səhifələrində yer almış antiQərb yazılarından söhbət açmışdıq. Belə ki, hər dəfə ABŞ-Azərbaycan münasibətlərində soyuqluq yarananda rejim mətbuatı Qərb ölkələrini korrupsiyada, insan haqlarının pozulmasında, ermənipərstlikdə ittiham edirlər. Yəni Azərbaycan hakimiyyətinə qarşı bütün tənqidlərə “sən özünsən” cavabı verilir.  
Çox marqlıdır ki, bir dəfə də olsun ölkə həqiqətlərindən yaza bilməyən, ədalətsizliyə, yalana, talana “mıkk” etmək cəsarətində olmayan adamlar, Qərbi söymək məqamı gələndə növbədənkənar hücuma keçirlər. 
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Yeni Müsavat”a müsahibəsində bu canfəşanlıqlarına belə don geyindirib: “Mən demək istəyirəm ki, mətbuat, söz azadlığı bizdə də var, Amerikada da. Əgər amerikalı jurnalist istədiyini yazıb, istədiyi mövzunu öz qəzetinin səhifəsinə çıxara bilirsə, bunu biz niyə eləməyək? Ikincisi, Azərbaycanla bağlı ikili standartlar var. Çox ağrılı haldır. Azərbaycan həqiqətlərini təhrif olunmuş formada danışmaq, Azərbaycanı həmişə korrupsiyada, mətbuat, söz azadlığını boğmaqda, jurnalistləri həbsə atmaq kimi həqiqətə uyğun gəlməyən informasiyalar var. Belə olanda bizim də bir vətəndaş, vətənpərvər insan kimi haqqımız çatır və Azərbaycandakı söz və mətbuat azadlığı da bizə imkan verir deyək ki, a bala, bir özünüzə baxın. Biz bunu hansısa şöhrət naminə, divident götürmək naminə etmirik. Sadəcə, haqsızlıq insanı ağrıdır. Yəni biz bu faktı bilir və yazırıq.ÿAzərbaycanın vətənpərvər jurnalisti kimi Azərbaycan haqqında başqa ölkələrin mətbuatında, Avropa Parlamenti qondarma soyqırım barədə qərar çıxaranda buna etiraz etməli və yazmalıyıq. Onların üzünü də göstərməliyik ki, onlar kimdir.ÿƏn qorxunc dövlət, ən təhlükəli yerdir Amerika… Insanların qorunmadığı, dövlətin himayəsinin hiss edilmədiyi, başdan-başa terror, şəxsiyyətə qarşı cinayətin baş alıb getdiyi bir yerdir”.
Bəxtiyar Sadıqov oxucunu inandırmaq istəyir ki, “Azərbaycan” müstəqil qəzetdir və belə yazılar daxili tələbatdan doğur. Guya, bunu şan-şöhrət xatirinə, hökumətin mövqeyini gücləndirmək üçün etmirlər. Guya, bu yazılar vətənpərvərliyin təcəssümüdür.
O zaman sual meydana çıxır. “Azərbaycan” qəzeti Bakıya gələcək erməni heyətinə pul xərcləyənləri, erməni truppasını ölkəyə dəvət edənləri niyə tənqid etmir? Bəxtiyar Sadıqovun rəhbərlik etdiyi qəzet Azərbaycan xalqını təhqir etmiş Jirinovskinin Bakıya dəvət olunmasına niyə etiraz bildirmir? Əgər belə vətənpərvərsinizsə, Qarabağ qazilərinə, şəhid ailələrinə sığorta pulu verməyən hökuməti niyə sıxmırsınız?
Qarabağı işğal etmiş, Xocalı soyqırımına, 20 Yanvar faciəsinə “yaşıl işıq” yandırmış Rusiyanı niyə tənqid etmirsiniz? Vatikanla bağlı niyə qalaq-qalaq yazılar yazmırsız? Heydər Əliyev fondu Vatikanda 10-larla layihə həyata keçirib, milyonluq xeyriyyə işləri görüb. Bunu niyə görməzdən gəlirsiniz?
“Azərbaycan” qəzeti ölkədəki korrupsiyadan, təhsilin, səhiyyənin, məhkəmə sisteminin bərbad vəziyyətindən niyə yazmır? Bu necə vətənpərvərlikdir ki, vətəndaşı səfil vəziyyətinə salmış monopoliyalara etiraz edə bilmir?
Hələ ki, ABŞ prezidenti, onun nazirləri haqqında korrupsiya faktları yoxdur, ABŞ-da hansısa məmurun ərzaq məhsullarını monopoliya etməsi, Barak Obamanın qohumlarının dərman biznesini nəzarətdə saxlaması, məktəb binasını 10 dəfə baha qiymətə tikməsi kimi fakt yoxdur.
Çox qəribədir. Siyasi məhbusların azad edilməsindən, insan haqlarına hörmətdən, korrupsiyanın ləğvindən söhbət düşəndə və buna görə hakimiyyət tənqid ediləndə, “Azərbaycan” qəzetinin vətənpərvlik damarı şişir.
Deputat-redaktorun nəzərinə çatdırmaq istəyirik ki, vətənpərvərlik vətəndaşın əzilməsinə, vətəninin yağmalanmasına haqq qazandırmaq deyil, vətəni dağıdanlara etiraz edə bilməkdir. Yəni bu antiQərb kampaniyası başqa “pərvər”liklərin göstəricisidir.
Azad