Tehranla Bakının müştərək hərbi komissiya yaratmasının pərdəarxası

 

İran Səudiyyə Ərəbistanının Azərbaycanda möhkəmlənə biləcəyindən narahatdır

Iran və Azərbaycan birgə müdafiə komissiyası yaratmaq barədə razılığa gəliblər. Bu barədə aprelin 21-də keçirilən mətbuat konfransında Iranın Bakıdakı səfiri Möhsün Pakayin bildirib.
Bu razılıq Iranın müdafiə naziri Hüseyn Dehqanın Azərbaycana səfərinin yekunlarına görə əldə olunub. Komissiyaya hər iki ölkənin müdafiə nazirləri rəhbərlik edəcək, deyə səfir bildirib. O əlavə edib ki, komissiyanın məqsədi “təhlükəsizlik, o cümlədən sərhəd təhlükəsizliyi məsələləri üzərində birgə iş” olacaq. “Bundan başqa, hərbi-texniki əməkdaşlıq məsələlərinə baxılacaq”, – deyə diplomat bildirib. “Bundan başqa, iki ölkə dini radikalizmə qarşı birgə mübarizə haqqında razılıq əldə edib”, – deyə o qeyd edib. Ikitərəfli münasibətlərin digər aspektləri haqqında danışan səfir bildirib ki, Iran və Azərbaycan arasında Astara şəhərində yeni körpü tikintisi haqqında razılıq əldə olunub. “Düşünürəm ki, yaxın gələcəkdə bu istiqamətdə zəruri addımlar atılacaq”, – deyə diplomat bildirib.
Astara-Rəşt-Qəzvin dəmir yolu layihəsi Iran ərazisində yeni dəmiryolu qolunun tikintisini nəzərdə tutur. Bu dəmir yolu Azərbaycanın Astara şəhərini iranın Astara, Rəşt və Qəzvin şəhərləri ilə birləşdirəcək.
Bəzi ekspertlərin fikrincə, Iranın müdafiə naziri Hüseyn Dehqanın Azərbaycana səfəri və Bakı ilə müştərək hərbi komissiyanın yaradılması IŞID (Iraq Şam Islam Dövləti) təhlükəsindən irəli gəlir. Lakin bunu Azərbaycanla vaxtlar Səudiyyə Ərəbistanı arasında yaxınlaşma ilə izah edənlər də var. Qeyd edək ki, ölkə başçısı Ilham Əliyevin Səudiyyə Ərəbistanına səfəri zamanı bu ölkə ilə bir sıra razılaşmalar əldə olunub. “Əl Ərəbiyyə” telekanalı Ilham Əliyevin səfərini şərh edərkən Səudiyyə Ərəbistanının Iranın qonşuluğunda möhkəmlənməsinin vacib olduğunu xüsusi qeyd etmişdi. Bütün bunlar əlbəttə ki, Iranı narahat etməyə bilməz. Bu baxımdan ekspertlər düşünür ki, Tehran düşmən münasibətdə olduğu Səudiyyə Ərəbistanının Azərbaycanda möhkəmlənməsinə qarşı müəyyən addımlar atmaq zərurəti duyub. Nəticədə Bakı ilə müştərək hərbi komissiyasının yaradılması ideyası gündəmə gəlib.