Hirslənib kompüterini güllələdi

ABŞ-da Colorado Springs şəhərinin sakini kompüterini güllələdiyinə görə polisə aparılıb.
Kompüterinə qəzəblənmiş kişi elektron cihazını bayıra çıxararaq onu 8 güllə atəşilə ilə dəlik-deşik edib.
"Kompüterində problemlər yaranıb, onları həll etməyə çalışıb, lakin bacarmayıb, nəticədə cihazı bayıra çıxararaq güllələyib”, polis rəsmisi bildirib.
Şəhər hüdudlarında odlu silahdan istifadə etdiyinə görə Lucas Hinch polis tərəfindən saxlanılıb, lakin qısa müddətdən sonra sərbəst buraxılıb.
Yerli medianın yazdığına görə, hadisəni törətdiyi zaman Lucas qanunları pozduğunun fərqində olmayıb.
Bununla belə, bu məsələdə son qərarı məhkəmə verməlidir, hakim isə onu necə cərimələndirəcəyi barədə qərar çıxarmalıdır.
Colorado Springs Gazette nəşrinə danışan polis rəsmisi deyib ki, güllələnmiş kompüter son bir neçə ay ərzində sahibini təngə gətirmişdi.
Qəzetin yazdığına görə, hadisə baş verən gün Lucas kompüterini ctrl+alt+delete düymələrini eyni anda basmaq yolu ilə yenidən yükləməyə cəhdlər göstəribmiş, təkrar-təkrar buna çalışsa da cihazı, necə deyərlər, "sözünə baxmayıb".
Boğaza yığılmış kompüter sahibi nəhayət cihazı arxa bağına çıxararaq orada ona 8 güllə buraxıb.
"Onun cihazdan qisasalma üsuluna yalnız paxıllıq etmək qalır. Həmin kompüteri bərpa etmək daha mümkün olmayacaq", qəzet yazıb.