Mən ermənipərəst olsaydım…

Elmar Şahtaxtinski
Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda (AZAD)

Azərbaycan hökuməti rəsmiləri tez-tez öz siyasi rəqiblərini, mülki fəalları, insan haqları müdafiəçilərini ermənipərəst adlandırırlar. Danışmağına millətçi kimi danışırlar, lap ultra-millətçi kimi. Amma bu damğanı sağa sola yapışdıranların öz əməllərinə baxanda anlamaq çətin olur ki, bunların nəzərində ermənipərəst olmaq nə deməkdir. Bəndənizə də ara-sıra bu epiteti işlətdiklərindən, qərara gəldim ki, fikirlərimi bir yerə toplayıb yazım: mən Azərbaycan hökumət rəsmilərinin təsəvvürlərində canlandırdıqları “ermənipərəst” olsaydım, nə edərdim.

Beləliklə:

Mən ermənipərəst olsaydım, çalışardım ki, Azərbaycanda millətin haqlarını pozan, azadlıqlarını tapdalayan bir rejim hökm sürsün. Azərbaycanlıların dovləti saxtakarlıqla, ədalətsizliklə, fırıldaqla, oğurluqla, yaltaqlıqla idarə edilsin.

Məni Azərbaycanın neft, qaz, zəngin milli sərvətləri qorxudardı. Gecə-gündüz çalışardım ki, onları mənimsəyən, talan edən bir hakimiyyət qurulsun. Təki bu var-dovlət xalqa, milli maraqlara, təhsilə, orduya, əhalinin rifahina, Qarabağı geri qaytarmağa xərclənməsin. Qoy hamısı yalnız bir ailənin, bir neçə oliqarxın ofşor hesablarına, villalarına, kef çəkməyinə, lent kəsməyinə, xarici ölkələrdə xeyriyyə edib ad qazanmağına xərclənsin. Azərbaycan millətinə isə yerə tökülən qəpik-quruşdan başqa bir şey çatmasın.

Çalışardım ki, Azərbaycanın dövlət büdcəsi mənasız tədbirlərdə talan edilsin. Yüz milyonları Avrovizion, səkkiz milyardı Olimpiada adı altında dağıdardım, yeyərdim. Lazımsız saraylar, stadionlar tikərdim. Erməni idmançılarının “şotunu” verərdim. Azərbaycanlıların isə evlərini başlarına uçurardım, birdən manatın məzənnəsini dəyişib camaatın illərlə yığdığı pulu bir günün içində konfet kağızına çevirərədim.

İqtisadiyyatı bir neçə tayfa monopoliyasının nəzarətinə verərdim. Onlar qoy azərbaycanlıları baha qiymətlərlə soysunlar, iş görən sahibkarları sıxsınlar. Camaatın ağır zəhmətlə qazanılmış varlarını, mülklərini fırıldaqla və zorla əllərindən bu monopolistlər alsınlar. Ölkəni, milləti “minib-çapsınlar”. Etiraz edənləri isə tutsunlar, döysünlər, susdursunlar.

Vətən uğrunda qan tökən qaziləri çörək puluna möhtac qoyardım. Orduda elə şərait yaradardım ki, əsgərlər xəstəliklərdən ölsünlər, bir-birini döyüb-öldürsünlər, təhqir etsinlər, şəxsiyyətlərini itirsinlər. Hər yerdə rüşvətxorluğun, oğurluğun yayılmasına çalışardım.

Ölkədə qorxunun, yaltaqlığın yayılmasına kömək edərdim. Təki Azərbaycan millətinin dəyərləri korlansın, zəhərlənsin. Yaltaqlar, qorxaqlar, ikiüzlülər irəli çəkilsin, əqidəli, mərd insanlar isə cəzalandırılsınlar. Qoy heç kim təmiz ideallara, düzgünlüyə, azadlığa inanmasın, meyl göstərməsin. Hamı əyriliyə, yalana, köləliyə, qul olmağa razı olsun.

Tər içində çalışardım ki, Azərbaycanın istedadlı, azad fikirli, mərd gəncləri, ictimai xadimləri, ziyalıları zindanlara atılsın, döyülsün, sındırılsın, ya da məcburən ölkəni tərk etsin. Təzə qanunlar verərdim ki, ölkədən gedənlər bir də geri qayıda bilməsinlər, ölkəyə qayıtmağın özünü kriminallaşdırıb ondan bir yeni cinayət məcəlləsi maddəsi düzəldərdim.

Qoy bu millətin beləcə başı kəsilsin – başının üstündə ləyaqətli, istedadlı, tərəqqipərvər liderləri olmasın. Həqiqəti deyən, haqqı tələb edən heç kəs qalmasın. Təki Azərbaycan milləti başıaşağı gəzib qorxu içində yaşasın. Nəinki zəbt edilmiş torpaqları azad etmək, heç öz yaşadığı şəhərə, kəndə, elə-obaya, heç öz evinə belə yiyə durmağı fikirləşəcək bir halı qalmasın.

Azərbaycanın Məhəmməd Əmin Rəsulzadə kimi dəyərli, tarixi şəxsiyyətlərinin adlarını, abidələrini ortadan yığışdırardım. Yerinə KQB generalından büt düzəldib xalqa millət banisi kimi sırıyardım, şəkillərini, heykəllərini hər tinbaşı qoyub bu xalqın keçmişini, gələciyini həmin bu bütə bağlayardım.

Qoy dünyanın başqa xalqları Tanrıdan insana verilmiş azadlıqlar ətrafında dövlətlər qursunlar. Qoy başqaları özlərinə layiq, azad şəkildə öz iradələrini ifadə edən rəhbərlərini seçsinlər. Azərbaycanlılar isə təki şəxsiyyətə pərəstiş üzərində gülünc, geridə qalmış bir idarəçilik sisteminin zülmü altında sürünsünlər. Qoy bu diyarda 21-ci əsrdı padşahlıq atadan oğula keçsin.

İstəyərdim, Azərbaycanın belə bir üzdəniraq hökuməti olsun ki, təkcə onun mövcudluğu azərbaycanlıların adını dünya miqyasında ləkələməyə bəs etsin. Təki Azərbaycan dünyada korrupsiya, diktatura nümunəsi kimi tanınsın, adı Afrikanin ən geridə qalmış dövlətləri ilə birgə çəkilsin. Qoy nəinki Qarabağ uğrunda mübarizədə uğur qazanmaq üçün diplomatik nüfuzu çatmasın, heç normal ölkə kimi belə hörməti olmasın.

İyirmi ildən çox hakimiyyətdə olub, işğal altında qalan torpaqların bir qarışını belə azad etməyə qadir olmayan bir rejim qurardım, ona xidmət edərdim. İşğalçı ölkənin prezidenti ilə bir yerdə xizək sürüb, azərbaycanlılara vətənpərvərlik nağılları danışardım, boş vədlər verərdim.

Qarabağda müharibənin ən qanlı vaxtında, Naxçıvanda Ermənistan hökuməti ilə separat atəşkəs imzalayardım ki, ermənilər rahat öz qüvvələrini cəmləyib Qarabağda azrəbaycanlılara qan uddursun. Ermənilərin yumruq kimi birləşmiş qüvvələrinə qarşı vuruşan Azərbaycan milli hökumətinə qarşı qiyam hazırlayardım, müharibənin ortasında azərbaycanlıların milli hökumətini devirib xaos yaradardım.

Zəngilanda erməni işğalçılarının əlinə düşməmək üçün Arazı keçib İrana qaçmaq istəyən qocalar, qadınlar, uşaqlar çayın sularında boğularkən, mən Bakıda hakimiyyəti ələ keçirərdim, özü də təmtəraqlı mərasimlərlə.
Mən Qarabağın ermənilərə təslim edilməsi bahasına hakimiyyətə gəlib, qətlə yetirilmiş azərbaycanlıların qanı, sümüyü üzərində azərbaycanlılara düşmən olan bir rejim qurardım.

Mən ermənipərəst olsadım, həmin bu rejimi ikiəlli dəstəkləyərdim. Əlimdən gələni edərdim ki, bu rejim heç vaxt dəyişməsin. Gecə-gündüz, qış-bahar ona xidmət edərdim.