Müsavat başqanının həbsdəki müavini sensasion ifadə verdi

Müsavat başqanının həbsdəki müavini Fərəc Quliyev məhkəməsində sensasion ifadə verib. O, deyib ki, həbs olunan zaman  MCQMİ də ondan musavat.com saytına müdaxilə etməyini istəyiblər.

22 apreldə keçirilən məhkəmə iclası Fərəc Kərimlinin ifadəsi ilə başlayıb. O ifadəsində deyib: " Mən 18 yaşımdan Müsavat Partiyasının üzvüyəm. Atam Raqif Kərimli Müsavatın Laçın Rayon təşkilatının uzun illər sədri olub. Mənim həbsimə sanksiya verilməsinin səbəbi ailəmizin müsavatçılığı və mənim özümün Müsavat Partiyasının gənclər təşkilatın işində xüsusi fəallığım, Müsavat Partiyasının sosial şəbəkələr üzrə məsul şəxsi, musavat.org.az və musavat. com (Feysdəki) səhifələrinin admini olmağım, kompüter texnologiyalarını mükəmməl bildiyim üçün sosial şəbəkələrdə və bütövlükdə internetdə rejimin korrupsiya əməllərinin, gənclərə və siyasi fəallara qarşı hakimiyyətin apardığı repressiya siyasətinin ifşası işinin xalq arasında təbliğini təşkil etməyimdir.
Mən öz fəaliyyətimi psevdonimlə (Turan Türk) icra etdiyim üçün kimliyimi müəyyən edə bilmirdilər. Həbsxanada mənə məlum oldu ki, məni xüsusi xidmət orqanlarının Müsavat gənclər təşkilatına yeritdikləri, indi Almaniyada olan Tural Sadıqlı vasitəsilə "ifşa" edərək həbs edə biliblər. Mənə istintaq zamanı işgəncə verdilər dedilər ki, əgər bu, üstündən heroin çıxdığına dair sənədləri imzalamasan təhqir edəcəyik. Evinizə 15 kq heroin və silah-sursat ataraq atanı həbs edəcəyik . Razılaşmadım, özümü pəncərədən atmaq istəyirdim. Sonra dedilər xəstəxanadakı ananın yanına adam yerləşdirmişik, onu öldürəcəyik. Ondan sonra mən imzalamağa məcbur oldum.
Məni müstəntiq Behbudova təhvil verdilər və guya mənimlə "səmimi" söhbət etmək istədiyini bildirdilər. 3-4 gün ərzində mənimlə Müsavat haqda, Müsavatın Qurultayı haqda sual  – cavab etdilər. İsa Qəmbərlə, Arif Hacılı ilə münasibətlərimi soruşdular. Musavat.com saytına müdaxilə etməyimi istədilər.

Sonda demək istəyirəm ki, mən siyasi sifarişlə həbs olunmuşam. Həbsimin səbəbi Müsavat Partiyasındakı fəaliyyətimdir".

Dövlət ittihamçısı çıxışa hazır olmadığı üçün məhkəmə 29 aprelə təxirə salındı. Məhkəmənin işində Müsavat Partiyasının rəhbərləri də iştirak ediblər.  
 
Musavat.com bildirir ki, ifadədə adı çəkilən Tural Sadıqlının və ciddi iddialara məruz qalan DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin cavab haqlarını tanıyırıq və onların mövqelərini dərc etməyə hazırıq (Musavat.com)