
ABŞ prezidenti Barak Obama 24 aprel müraciətində yenə “soyqırım” ifadəsindən istifadə etməyəcək. Bu barədə “Associated Press”ə Ağ Evdən bildiriblər.
ABŞ hökumətindəki mənbə də B. Obamanın “soyqırım” yerinə, ötən illərdə olduğu kimi, böyük fəlakət mənasına gələn “meds yegern” ifadəsini işlədəcəyini deyib. O, regional ortaqlarla birgə işi davam etdirmək üçün bu mövqeyin doğru olduğuna inandıqlarını söyləyib: “Bu il fərqli bir dildən istifadə etməyimizi gözləyənlər olduğunu bilirik və onlara hörmətlə yanaşırıq. Lakin həm keçmişin fərqində olub, həm də hazırda insanların həyatını xilas etmək üçün regional ortaqlarımızla birgə işi davam etdirmək naminə ötən illərdə ortaya qoyduğumuz yanaşmanın doğru olduğuna inanırıq”.
Aprelin 21-də Erməni Milli Komitəsinin icraçı direktoru Aram Amparyan Ağ Ev administrasiyasının rəhbəri Denis Makdonaf və Milli Təhlükəsizlik üzrə məsləhətçinin müavini Ben Rodsla görüşüb. Ağ Ev rəsmiləri ona bildiriblər ki, Obama 24 aprel çıxışında soyqırım sözünü işlətməyəcək. Görüşdə sonra Amparyan administrasiyasının tutduğu mövqedən qəzəbləndiklərini bildirib. Onun sözlərinə görə, problem ondadır ki, Ağ Ev bu məsələdə məhz Ərdoğanın istədiyi mövqedən çıxış edir. Ağ Evdən verilən məlumatda bildirilir ki, ABŞ-ı Ermənistanda maliyyə naziri Ceykob Lyu təmsil edəcək.


