Üzü ABŞ-a suç keçisi, üzü Rusiyaya pravoslav keşişi

xanbahadir@mail.ru
 
Bakı Apelyasiya Məhkəməsi. Suç kürsüsündə “Azadlıq” radiosunun ünlü əməkdaşı Xədicə Ismayıl. Onu Azərbaycan məhkəmə tarixində ilkin olaraq Əli Insanova uyğulanmış səskeçirməz qəfəsə salıblar. Ə.Insanov keçmiş baxan, X.Ismayıl jurnalist. Birinci “dövlət çevrilişi” suçlaması ilə tutuldu, korrupsiya suçlaması ilə yarğılandı. Ikinci, az qala, “adam öldürmə” suçlaması ilə tutuldu, Ə.Insanovun ikinci suçlamasına yaxın suçlama ilə yarğılanmaqdadır. Qəfəs oxşarlığı nədədir? Hər ikisinin rejim cinayətlərini açıb deyəcəyi qorxusunda! 
“Azadlıq” radiosu pulunu superdemokratiya dövləti olaraq tanınmağa çalışan ABŞ-ın, daha doğrusu, ABŞ Konqresinin verdiyi söz özgürlüyü qurumudur. Xədicə bu quruma, bu qurumun qarantı ABŞ-ın dövlət gücünə arxalanaraq Əliyevlər ailəsinin Yer üzünü bürümüş biznes imperiyasının astarını üzünə çevirirdi. Xədicənin suçu bu!
Bilmirəm, gözüm pis gördüyündəndi, nədəndi: rejimin Xədicəni oturtduğu qəfəsdə mən Xədicənin yerinə… ABŞ dövlətinin oturdulduğunu görürdüm! O boyda dövlət yox yerdən suçlama kürsüsündə oturdulurkən, özü də korrupsioner bir rejimin əlilə oturdulurkən, başqa cür desək, suçsuz yerə dustaq edilirkən, eləcə durub susurdu! Susurdu deyəndə, susur; bax, bu mənə çatmır!
Iki əliyevçi baxan – Əli Insanovla Fərhad Əliyev yalan-gerçəyi çox da bəlli olmayan “ABŞ-a yönəlik çalışmalarla bağlı” tutuldu. Onları KQB-FSB generalları Lebedvlə Ruşaylo tutub əliyevçi “ədliyyə” sisteminə pay vermişdi. Əliyevçi hakimiyət sistemində Suveren Azərbaycan dövlətinin gerçək suverenliyi onda bəlli oldu. Sən demə, demokratik prinsiplərdə olduğu kimi: KQB-FSB hüquqları başlayan yerdə Suveren Azərbaycanın hüquqları bitib-qurtarırmış! Indi bizə əliyevçi suverenliyin hüquqlarının harda qurtardığı bəllidir, ancaq KQB-FSB adlanan supersuveren qurumun hüquqlarının harda qurtardığı bəlli deyil. Sözsüz, bunu məhkəmə çıxışlarından göründüyü kimi, əliyevçi rejimin gizlinlərini, demək olar, bütünlüklə bilən Ə.Insanovun özü də bilmir. Onları ABŞ dövlətinin yardımına güvənərək “dövlət çevrilişinə çalışma” suçlaması ilə tutsalar da, soruşdurma sürəcində suçlamanı dəyişib korrupsiya alanına dönüşdürdülər. Görünür, soruşdurma dönəmində tutuqlular dövlət çevrilişi etmək istəmədiklərini, eləcə korrupsiya yönümlü iş birliyində bulunduqlarını bildirdikləri üçün rejim başçısı, eləcə də soruşdurmaçı yoldaşlar belə buyurublar: “Yaxşı, siz deyən olsun: çevriliş olmasın, korrupsiya olsun”. Beləcə, tutanla tutuqlanan konsensusa gəlir. Biri sonadək konsensus yolu tutduğundan bir çox illər sonra bağışlanır, o biri sonadək konsensus yolu tutmadığından “qurdla qiyamətə qalaraq” uzun sürəli rejim tutuqlusuna çevrilir. Bunlar öz yerində.
Öz yerində olmayan nədir? Öz yerində olmayan: ABŞ Azərbaycanda bir belə güclü ikən ABŞ-Batı demokratiyasına güvənərək korrupsiya-repressiya rejiminə qarşı çıxanların ardıcıl olaraq tutulub damlanmasıdır. Təkcə son prezident seçkisi dönəmində ABŞ-ın başlıca, hər baxımdan ayrılmaz ortağı olan Ingiltərə Əliyevlərlə 40 milyard dollarlıq qazlı kontrakt qolladı. Onlar indiyədək ata-bala Əliyevlərdən nə istəyiblər, alıblar. Ancaq onlar nəyə görəsə indiyədək Azərbaycanda onların başlıca ideya arxadaşları olaraq tanınan bir çoxlarını, ən başlıcası, Leyla Yunusla Xədicə Ismayılı qoruya bilməyiblər. Başqa cür desək, onları istəyib ala bilməyiblər. Nədən? Rejimin əlindən!
Vəkillər bəlli hüquqlarından yararlanaraq Xədicəylə görüşüb danışmaq istədiklərini bildirdilər. Hakim nə desə yaxşıdı: qoyun konvoydan icazə alım. Məhkəmə zalında konvoydan “icazə” istəyən hakimdən-məhkəmədən nə gözləyirsiz? Mən bunu oxuculardan deyil, bir sıra superdemokratiya dövlətlərindən soruşuram. Onların bu yerdə cavab verə bilməmək hüququnu bəri başdan tanıyıram!