Tələbələrə zorla YAP-ın köynəkləri geyindirilir FOTO

Büdcə təşkilatlarına isə tapşırıblar ki, Avropa Oyunlarında hərə bir ölkəyə azarkeşlik etsin

Azərbaycan Dillər Universitetinin tələbələrinə zorla Yeni Azərbaycan Partiyasının köynəklərini geyindirərək, onları avtobusla Bayraq Meydanına aparıblar. Musavat.com-un məlumatına görə, orada onlara flaşmob keçiriləcəyini deyiblər. Tələbələrin öncədən bu haqda heç bir məlumatları olmayıb. Adi günlərdə olduğu universitetə təhsil almağa gəliblər, amma onları flaşmoba aparıblar. 
Tələbələrin razılığı olmasa da, bunu etməyə məcbur qalıblar. Çünki əvvəllər də eyni universitetin rəhbərliyi Avropa Oyunları zamanı könüllü olmaq üçün tələbələri zorla qeydiyyatdan keçirib. Və etiraz edənləri də “Yaxşı fikirləşin, imtahanları nəzərə alın” deyərək, hədələyib. 
Universitet rəhbərliyi üçün tələbələr artıq bir piar vasitəsinə çevrilib. Kimlərəsə yarınmaq üçün tələbələrdən istifadə edən universitet rəhbərliyinin hərəkətləri yəqin ki, Təhsil Nazirliyinin gözündən yayınıb. 
Əksi təqdirdə, təhsil almağa gələn tələbələr başqa məqsədlər üçün istifadə edilməzdilər.
REAL Hərəkatının Idarə Heyətinin üzvü Altay Göyüşov da facebook səhifəsində maraqlı məlumat paylaşıb: “Ayrı-ayrı büdcə təşkilatlarında işləyənlərə, həmçinin bəzi universitetlərin tələbələrinə deyiblər ki, siz üzümüzə gələn mötəbər yarışlar dövründə azarkeş olacaqsınız. Filan təşkilat Britaniya azarkeşi olacaq, filan təşkilatın əməkdaşları Estoniya və sairə. Onların idmançıları udanda hoppanıb-düşməli, sevinməlisiniz.
Indi də məlum olur ki, əməkdaşlar azarkeşi olduqları ölkələrin himnlərini də əzbərləməlidirlər".