ABŞ Ukraynaya 18 milyon dollarlıq yardım göndərəcək

Birləşmiş Ştatlar Ukraynaya 18 milyon dollara yaxın yardım göndərəcək.
 
Ağ Ev bildirib ki, vitse- prezident Joe Biden aprelin 20-də Ukrayna prezidenti Petro Poroshenko ilə telefon söhbətində bu barədə danışıb.
 
Məlumata görə, 17.7 milyon dollar münaqişədən ziyan çəkmiş bölgələrdə sığınacaq, ərzaq vauçerləri, su, səhiyyə, sanitariyaya xərclənəcək.
 
Biden ATƏT-in daimi atəşkəsə yönəlik cəhdlərini alqışlayıb. O, Rusiyanı əvvəlki sazişlərə əməl etməyə, Rusiya-Ukrayna sərhədi boyunca əsgərlərin yerdəyişməsini dayandırmağa çağırıb.
 
Bu arada ABŞ və Ukrayna hərbçilərinin birgə təlimləri başlanıb ("Azadlıq" radiosu).