Bu verilişin müəllifi Xoşqədəm yox, Əliyevlərdir

xaqaniquzeyli@gmail.com
 
Insanların bir iqlim qurşağının doqquzunun mövcud olduğu  ölkədən  “öz xoşuna” baş götürüb, soyuq diyarlara hansı səbəblər üzündən getdiyi haqda fikirləşmisinizmi? Sizə asan gəlməsin, bu çox ağrılı bir prosesdir…
…Son on-beş ildə mənə bir neçə dəfə Bakı-Moskva qatarı ilə səyahət etmək nəsib olub. Bəlkə də bir az bayağı çıxacaq, amma sizi inandırıram ki, çox kədərli anlar yaşadım, hətta bir neçə dəfə qəhərləndim (ağsaçlı bir ananı keçid məntəqəsində rus məmurlarının təhqir etməsi, onunla qeyri-insani davranışa tamaşa etmək sizə asan gəlməsin). Mənə elə gəldi ki, bu qatarda məndən başqa hamı bir-birini tanıyır. Vaqondakıların az qala hamısı  tanış idi. Moskvaya göyərti satmağa gedən yaşlı qadından tutmuş , mövsümi qazanc dalınca gedən müəllimə qədər hər kəs bir-birini xatırlamağa çalışırdı. Hamının ən azı bir neçə tanışı ortaya çıxırdı. Müxtəlif mövzuda söhbətlər edən bu yol, həm də tale yoldaşları hər hərəkətləri ilə məni heyrətləndirirdilər. Onların heç biri öz taleyindən şikayətlənmir, onları qürbətə sürükləyən səbəblərdən danışmırdı. Sanki bir təbii fəlakətin, zəlzələnin, yaxud da dəhşətli quraqlığın qurbanları idilər, onların bu uzun, obrazlı desək, yelkənsiz gəmi ilə təhlükəli, eyni zamanda kədərli “səyahətə” çıxmasında başqa səbəb yox idi…
Rusiyada əhalinin son siyahıya alınmasında (2012) məlum oldu ki, təkcə Moskva vilayətində azərbaycanlılar ümumi sayın 14%-ni təşkil edir. Bu o demək idi ki, onlar yalnız yerli əhaliyə “uduzurlar”. Bu, təxminən üç milyon qürbətçi soydaşımız deməkdir. 
Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində tapılan və axtarılan insanların Azərbaycanı nə vaxt tərk etdiklərinə diqqət etmisinizmi? Etməminizsə, o verilişlərin videoyazılarına baxın, əgər yenidən başlayacaqsa, diqqətli olun…
Əksər kütləvi köç tarixlərinin,  Əliyevlərin SSRI və müstəqillik dönəmi zamanı hakimiyyət  illərinə təsadüf etdiyinin şahidi olacaqsınız. Bu, birmənalıdır. Sadəcə Xoşqədəmin verilişində süjet dramatik olduğundan bu kiçik, əslində əhəmiyyətli məqamlar çox qabardılmır. Insanları səbəb yox, bir-birini tapanların təsirli görüş səhnələri,  axıtdıqları göz yaşı  cəlb edir. Bu verilişdə tapılanlara çox nadir hallarda “nədən bu məmləkətdən baş götürüb getdin” sualı  verilir. Məsələnin mahiyyəti də bundadır…
70 və 80-cı illərdə ölkəni əsasən qazanc və təhsil səbəbindən tərk edirdilər. O zaman rüşvət ali məktəblərə, eləcə də həyatımızın digər sahələrinə  “iməkləyə-iməkləyə” daxil olmağa başlayırdı. Şərti olaraq ilk “böyük köç” adlandırdığımız axın məhz o zaman baş verdi. Bundan başqa respublikadakı ağır əmək şərtləri və digər sovet respublikalarına nisbətən aşağı maaş da soydaşlarımızın Şimala və digər vilayətlərə axınına rəvac verdi…
Ötən yazılarımın birində 70-80-ci illərdə Azərbaycan koxozunda çalışmış insanları… Xirosima və Naqasaki faciələrindən sağ çıxanlarla müqayisə etmişdim. Müqayisə simvolik olsa da, oxşarlıqlar yox deyildi. Həftənin yeddi gününü gün çıxandan batana qədər tarlada çalışan insanların sağ qalanına bu gün rast gələndə diqqət etsəniz, yəqin ki, mənə haqq verəcəksiniz. 60-70 yaşlı insanlar, xüsusən də qadınlar, sanki yumağa bənzəyirlər…
 Bəli, insanlar doğma yurdlarını bu gün də tərk edirlər. Son axınların, köçlərin məqsədi  nə qazanc, nə də təhsildir. Bunun adı –  “bir parça çörək dalınca” deməkdir. Bəli, əziz oxucu, yazımın əvvəlində bəhs etdiyim kədərli müşahidələrimin yalnız bir adı var – “son çarə”…
Keçi can hayında, qəssab piy axtarır… ANS və ATV-nin “Səni axtarıram” verilişi üstündə davasına başqa ad vermək, sadəcə mümkün deyil… Bir millətin faciəsi bax beləcə şouya çevrilir… 
Milyonlarla qürbətçi soydaşlarımızın nədən bu cənnət məmləkəti tərk etmələri haqda düşündünüzmü?..
Reytinqiniz başınıza dəysin, ay bədbəxtlər…