İctimai Palata daha ciddi işlərlə məşğuldur

Arzu Səmədbəyli İqbal Ağazadənin IP ilə bağlı söylədiklərinə şərh vermək istəmədi

“Ümid Partiyası”nın sədri Iqbal Ağazadə “Reytinq” qəzetinə müsahibəsində bildirib ki, təmsil etdiyi təşkilat IP-ə üzv olmaq istəsəydi, bunu çoxdan edərdi. I.Ağazadənin sözlərinə görə, “Ümid” IP-in fəaliyyətini doğru saymır və düşünür ki, bu təşkilatın yaranışı müxalifəti daha gücsüz vəziyyətə saldı.
I.Ağazadənin IP ilə bağlı söylədiklərinə şərh vermək istəməyən Müsavat başqanının müavini Arzu Səmədbəyli bildirdi ki, təşkilat öz fəaliyyəti ilə məşğuldur: “Biz daha ciddi işlərlə məşğul olur, təşkilatımızın fəaliyyətini genişləndiririk. Ictimai Palatanın regionlarda yerli təşkilatlarının yaradılması buna misaldır”.
Ümid sədrinin müavini Nəsimi Məmmədli bildirdi ki, partiya funksioneri kimi onun sədrin açıqlamaları ilə bağlı şərh verməsi etik olmazdı. I.Ağazadənin fikirlərinin IP-də onun barəsində sərgilənən mövqeyə adekvat olduğunu deyən N.Məmmədli vurğuladı ki, əgər hazırda Azərbaycanda bir avtoritar rejim mövcuddursa, mübarizəni ona qarşı yönəltmək lazımdır: “Bir-birimizə qarşı bəyanatlar verməyimiz daha çox rejimə xidmət və sərf edir. Hər kəs yaranmış situasiyadan çıxış yollarını axtarmalıdır. Fəaliyyətimiz müxalifətdaxili proseslərin daha da gərginləşməsinə yox, yumşalmasına xidmət etməlidir. Mən bu istiqamətdə səylərimi davam etdirsəm də, hələ bir nəticə yoxdur”.

Xəyal