Göyçay və Qubadan sonra növbə Salyana çatdı…
Bu rayonda internet-klubların fəaliyyəti də nəzarət altındadır; sosial şəbəkələrə daxil olmağa icazə yoxdur
Bölgələrdə demək olar ki, yalnız rayon mərkəzlərində yaşayan əhali internetdən istifadə edə bilir. Çünki bir sıra rayonların elə kəndləri var ki, orada yaşayanlar nəinki internet, hətta telefondan istifadə edə bilmirlər. Düzdür, bəzi kəndlərdəki telefonlar elektronlaşdırılsa da, hələ bu da onların internetdən istifadəsinə imkan vermir.
“Azadlıq”a daxil olan məlumata görə, elektron ATS-ə malik olan kəndlilər ADSL və dial-up internet xidmətindən istifadə etmək üçün 25 nəfərlik qrup yaratmalıdır. Həmin qrup evinə internet çəkdirmək istədiyi barədə rayon rabitə şöbəsinə müraciət etməlidir. Bu müraciətlərə baxıldıqdan sonra onlara razılıq verilib-verilməyəcəyi bəlli olur.
Təbii ki, belə prosedur insanları çəkindirir. Hərçənd kənd yerlərində bu məsələdə maddi imkansızlıq da öz sözünü deyir.
Ancaq elə rayonlar da var ki, orada durum fərqlidir. Bəzi rayonların mərkəzlərində sakinlər evlərinə internet çəkdirəndə də, ondan istifadə edəndə də müxtəlif maneələrlə qarşılaşmalı olur. Məsələn, Salyan rayonunda sürətli internet həm çox bahadır, həm də vaxtaşırı müxtəlif problemlərlə istifadəçiləri incidirlər.
Dövlətin nəzarətində olan bir provayderin əlində əsir qalmış salyanlılar 1mb/s sürətli internetə sahib olmaq üçün 20 manat aylıq abunə haqqı ödəyir. Amma provayderin nümayəndəsi qoşulma haqqı olaraq 5 manat da əlavə alır. Buna sözümüz yox, çünki paytaxtda da belədir. Məsələ burasındadır ki, Salyanda istənilən vaxt interneti kəsə və bunun səbəbilə bağlı istifadəçiyə əsaslandırılmış cavab verməyə bilərlər. Daha doğrusu, şikayət edən sakinlərə verilən ənənəvi cavab belə olur: “Bizlik deyil, Bakıdan kəsiblər”.
Bundan başqa, internetin pulu gecikdiriləndə dərhal kəsilir. Buna da sözümüz yox. Amma növbəti ayın abunə haqqı ödəniləndə xəttin açılması üçün istifadəçidən əlavə 5 manat pul alırlar. Adını da qoyurlar “qoşulma haqqı”…
Bu barədə “Azadlıq”a məlumat verən qaynağın sözlərinə görə, rayonlardakı provayder mərkəzlərindən bildiriblər ki, maneələr onlardan asılı məsələ deyil, Bakıdan idarə olunur.
Mənbə onu da qeyd edir ki, Salyanda internet klubların fəaliyyəti də xüsusi xidmət orqanlarının nəzarəti altındadır. Hətta internet-klublarda sosial şəbəkələrə daxil olmaq da qadağan edilir. Yalnız oyunlarla baş qatmağa icazə verilir.
Xatırladaq ki, “Azadlıq” bir müddət əvvəl analoji qadağaların Göyçay və Quba rayonlarında da olduğu barədə xəbər vermişdi.
Ramin DEKO



