Şahbaz və Dilqəmi geri verməyən Rusiya, Qarabağı geri verərmi?
Ermənilər tərəfindən əsir götürülən soydaşlarımız Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətində azadlıqdan məhrum edildi. Onlar doğma yurdlarına, doğmalarını ziyarət etmək üçün getmişdilər. Ermənilər isə işğal etdikəri ərazidə qondarma məhkəmə qurub, onlar barəsində hökm verdilər. Bu hadisə erməni vəhşiliyinin növbəti təzahüri idi.
Təbii ki, bütün beynəlxalq qurumlar bu hadisəyə münasibət bildirməli və soydaşlarımızın azadlığı təmin edilməlidir. Əslində, Azərbaycan hakimiyyəti Dilqəm Əsgərovu və Şahbaz Quliyevi asanlıqla ölkəyə qaytarmağa borcludur. Çünki, soydaşlarımızı əsir edənlər, hökumətimizin ən yaxın dostu olan Rusiyanın himayəsindədir. Yəni, Ermənistan Rusiyanın “sözəbaxan uşağı” olduğu üçün Rusiya bu məsələni dərhak həll edə bilər. Bunu, hakimiyyət təmsilçiləri də etiraf edirlər. Bir müddət öncə YAP-çı deputat Siyavuş Novruzov demişdi ki, Rusiya istəsə, bu gün girovların hər ikisi azadlığa çıxar, Ermənistan Rusiyanın forpostudur və düşmən ölkə Rusiyasız heç bir addım atmır.
Bugünlərdə isə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da bu məsələyə toxunaraq bildirb: “Azərbaycan dövləti, Azərbaycan Ordusu ermənilərin əlində olan azərbaycanlı girovları Ali Baş Komandan cənab Ilham Əliyevin göstərişi ilə öz evlərinə gətirəcək. Bunu ermənilər də eşidib bilsinlər. Sonra ziyanı onlar çəkəcəklər. Nə qədər ki, gec deyil, düz yola gəlsinlər və onları azad etsinlər. Bizdə də elə girovlar var. Biz də onların başına elə oyun aça bilərik. Bunu istəyirlər?”
Baş nazirin müavini daha sonra qeyd edib ki, bu məsələnin həllində ilk növbədə Rusiya öz köməyini göstərməlidir: “Çünki onlardan biri – Dilqəm Əsgərov Rusiya vətəndaşıdır. Şahbazın Quliyevin isə həyat yoldaşı Rusiya vətəndaşıdır. Biz araşdırdıq. Rusiyanın tam imkanı var ki, onları ekstradisiya etsin. Vaxtilə 1988-ci ildə Sumqayıtda qırğınlar törətmiş və onlarla insanın qanına bais olmuş Eduard Qriqoryanı ekstradisiya etdilər. Bəs indi niyə etmirlər?”.
Bununla yanaşı, Ə.Həsənovun fikrincə, nə Qərb, nə də Rusiya bu məsələdə bizə kömək etməyəcək və Ermənistan da onları bizə veməyəcək.
Əvvəla, Ilham Əliyevin soydaşlarımızı ölkəyə necə qayatarcağını Əli Həsənov açıqlamayıb. Yəqin, hərbi sirr olduğuna görə açıqlamayıb. Əgər, onların geri qaytarılması “lazım”ın ümidinə qalacaqsa, məsələ aydındır.
Amma məsələnin ən önəmli tərəfi Rusiya amili ilə bağlıdır. Azərbaycan hakimiyyəti bütün vasitələrlə Rusiyaya sığınıb, Rusiyanın maraqlarından çıxış edir, bütün dünya ilə Rusiyaya görə düşmən olub və məqam gələndə bu ölkəyə maddi yardımlar etməkdən, Rusiya nümayəndələrini hədiyyə yağışına tutmaqdan da çəkinmir. Əvəzində isə Rusiya Ermənistanı daha həvəslə, daha ciddi şəkildə maliyyələşdirir. Bəs, “Rusiya ilə münasibətləri qorumalıyıq” deyənlər, Rusiyanın 5-ci kolon rolunu oynayanlar, əsir düşmüş soydaşlarımızın taleyinə görə Rusiyadan niyə izahat tələb etmirlər? Bir halda ki, Dilqəm və Şahbazın taleyi Rusiyanın əlindədir, Rusiya bu addımı niyə atmır?
Əli Həsənov etiraf edir ki, Rusiya erməni vətəndaşı Eduard Qriqoryana qarşı bu addımı atıb. Eyni zamanda onu da etiraf edir ki, Rusiya Dilqəm və Şahbazı ölkəyə qaytarmayacaq. Belə olan halda Rusiyanın himayəsinə sığınmağın, Rusiyaya eşq elan etməyin mənası nədir?
Əgər Rusiya 2 vətəndaşımızın geri qaytarılması üçün addım atmırsa, işğal altında olan torpaqlarımızı geri qaytaracaqmı?
Ümumiyyətlə, Rusiya ilə yaxınlaşmaq bizə nə verib? Rusiya Qarabağın işğalından, Xocalı soyqırımından, 20 yanvar faciəsindən başqa bizə hansı xoş günləri nəsib edib?
YAP hakimiyyətinin bu qədər beyətindən sonra Rusiya 2 soydaşımızın geri qaytarılmasına belə ehtiyac duymursa, bu ölkə ilə əməkdaşlığın nə önəmi var?
Barak Obamanı ikiüzlü adlandıran “milli maraq” mühafizəçiləri, Putinin sayı itmiş simasından niyə üz döndərmir?
Bir sözlə əsir soydaşlarımızın azadlığı, Azərbaycan hakimiyyətinin “qarşılıqsız sevdiyi” Rusiyanın əlindədir. Deməli, eyni zamanda Azərbaycan hakimiyyətinin əlindədir. Hakimiyyət soydaşlarımızın azadlığını şərt kimi ortaya qoya bilər. Bir vaxtlar dünyanı enerji məsələləri ilə şantaj etdikləri kimi. Amma etməyəcəklər. Çünki, bu hakimiyyət xarici siyasətini şəxsi maraqlar üzərində qurur. 100-lərlə Dilqəmin, Şahbazın həyatı, hakimiyyət kreslosundan önəmli deyildir.
Hakimiyyət Rusiya ilə “mən səni sevəcəm, sən sevməsən də” prinsipi ilə münasibət qurub. Amma etiraf edirlər ki, bu münasibətin millətə və dövlətə zərrə qədər də xeyri yoxdur.
Ilham