b.esed2

Müxalifət Bəşər Əsədə qarşı birləşdi

Suriyada rejim əleyhdarları Milli Şura yaratdı; diktatorun xalqa müraciəti gözlənilir

Hakimiyyət əleyhinə etirazların yatırılması məqsədiylə hökumət qüvvələrinin keçirdiyi qanlı əməliyyatlar davam etdiyi Suriyada Bəşər Əsədin xalqa müraciəti gözlənilir. Bu gün baş tutacaq müraciətdə Əsədin son hadisələrə münasibət bildirəcəyi və ölkədə gərginliyin azaldılmasını hədəfləyən radikal qərarların açıqlanacağı söylənilir.
Üç aydan artıq müddətdir hakimiyyətə qarşı xalq üsyanının davam etdiyi Suriyada Bəşər Əsədin xalqa nə deyəcəyi maraqla gözlənilir. Suriyanın Vaşinqtondakı səfiri Imad Mustafa “Əl Haliç” qəzetinə verdiyi açıqlamasında bildirib ki, ABŞ administrasiyası Əsəd rejimini 30 ildən artıqdır beynəlxalq izolyasiyaya məruz qoyub. Diplomat ABŞ başda olmaqla Qərb dövlətlərini Suriyada hakimiyyət dəyişikliyinə cəhddə və ölkədəki gərginliyi artırmaqda günahlandırıb. 
Yayılan məlumatlara görə, Bəşər Əsəd bu gün gözlənilən müraciəti zamanı siyasi partiyalar haqqında qanun ilə yanaşı, ölkəni yalnız hakim BƏƏS partiyasının idarə etməsi ilə bağlı Konstitusiyanın 8-ci maddəsinin aradan qaldırılması kimi mühüm qərarlar verəcək. Suriya diktatorunun xalqa müraciətinin dövlət televiziyası ilə canlı yayımlanacağı bildirilir.
Bu arada Suriya müxalifətinin liderləri birgə bəyanat yayaraq, hakimiyyətə qarşı mübarizə aparmağı hədəfləyən Birləşmiş Milli Şuranın yaradıldığını elan ediblər. “France-Presse” agentliyinə danışan rejim əleyhdarlarının təmsilçisi bildirib ki, Milli Şura Suriya hakimiyyətinə qarşı olan bütün ictimai-siyasi qüvvələrin və müxtəlif hərəkatların birliyidir. Artıq Milli Şuraya Suriyada və ölkənin hüdudlarında və kənarda yaşayan nüfuzlu ictimai-siyasi xadimlər və rejim əleyhdarları qoşulublar.
Suriyalı hüquq müdafiəçilərinin yaydığı məlumata görə, hökumət qüvvələri ordunun keçirdiyi qanlı əməliyyatlardan qurtulmaq üçün Türkiyə ərazisinə sığınmağa çalışan dinc sakinlərə mane olmağa başlayıblar. Təhlükəsizlik qüvvələri evlərə soxularaq qaçmağa hazırlaşan vətəndaşları təhdid və həbs edirlər.
“AP” agentliyi müxalifət təmsilçilərinə istinad edərək bildirib ki, suriyalı əsgərlər Türkiyə ilə sərhəddə yerləşən şəhər və qəsəbələrə nəzarəti artırıblar. Yollarda yoxlama məntəqələri yaradılıb. Hərbçilərin sərhədə yaxın Bdama və Riha kəndlərində apardıqları əməliyyatlar zamanı 100-dən artıq suriyalı həbs olunub.

Informasiya şöbəsi