“Azərros”un VI hesabat birləşdirici qurultayının yekun hissəsində Söyün Sadıqovun Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu tənqid etməsi diaspora təşkilatlarında və hakimiyyət daxilində birmənalı qarşılanmayıb.
Bu barədə “Azadlıq”a məlumatlı mənbə bildirib. Xatırladaq ki, Söyün Sadıqov həmin qurultayda “Azərros”un prezidenti seçiləndən sonra Polad Bülbüloğlunu qurumdakı münaqişəyə laqeyd münasibətinə, Abbas Abbasovun əməllərinə reaksiya vermədiyinə görə tənqid edib. O, həmçinin Polad Bülbüloğlunun Rusiya vətəndaşları olan həmvətənlərinin öz tədbirlərini keçirmək üçün öncədən icarə haqqı ödənilmiş yerlərdən qanunsuz çıxarılarkən, bu kimi hallara reaksiya verməməsinin başa düşmədiyini bildirib.
Maraqlıdır ki, həmin tədbirdə Polad Bülbüloğlunun müavini Qüdsi Osmanov da iştirak edib. O, Söyün Sadıqovun tənqidlərinə heç bir reaksiya verməyib. Mənbənin sözlərinə görə, diaspora təşkilatlarında və hakimiyyət daxilində əsas müzakirə mövzusu olan da Qüdsi Osmanovun susqunluğudur.
Hakimiyyət dəhlizlərində belə mülahizələr irəli sürülür ki, Qüdsi Osmanov perspektivdə Polad Bülbüloğlunun postuna keçmək üçün onun barəsində tənqidlərə laqeyd yanaşıb. Onun Söyün Sadıqovla yaxınlığının da bu niyyətdən irəli gəlir. Yəni, Qüdsi Osmanov bu məsələdə Rusiyada azərbaycanlıların ən iri təşkilatlarından olan “Azərros”un da dəstəyini qazanmaq niyyətindədir.


