Şeyxin qudası Mübarəkə görə həbs olundu

İspaniya polisi Misirin eks-prezidenti Hüsnü Mübarəyin ən yaxın adamlarından misirli iş adamı Hüseyn Salamı və onun oğlu Xalid Salamla birlikdə türkiyəli iş adamı Əli Evsəni də həbs edib. Onların hamısı “çirkli pul yuma”, rüşvət və sui-istifadə ittihamları ilə həbs edilib.
Türkiyə mediasının “Assoşieyted Press” agentliyinə istinadən yaydığı xəbərə görə, Salamın 33 milyon avroluq hesabı dondurulub. Dondurulan pulları Salam ailəsinin hesablarına Türkiyəli iş adamı Əli Evsən göndərib.
Materialda adı keçən Əli Evsənin Azərbaycandakı iş fəaliyyəti, burada avtomobil nəqliyyatı, otel və ticarət sahələri ilə məşğul olduğu barədə də qeydlər var.
Bildirilir ki,1962-ci ildə Adanada doğulan, ancaq illərdir Azərbaycanda fəaliyyət göstərən Əli Evsənin “Eagle Aviation Europe” adlı bir havaçılıq şirkəti də var. Azərbaycana hüquq təhsili üçün gedən Evsən 1990-cı ildə “Evsən Groupu” qurub. Qrup şirkətləri arasında avtomobil şirkəti “Azsamand Service”, ticarət mərkəzi “Elitaya Complex”, soyuducundan paltaryuyan maşınına qədər istehsal edən “Azerbaijan Electronics” fabriki də var. Əli Evsənin bir də xalça atelyesi olduğu, onun şirkətlərində 3 minə yaxın adamın çalışdığı bildirilir.
Qeyd edək ki, Əli Evsən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin qudasıdır. Şeyxin oğlu Məhəmməd Əli Evsənin qızı ilə ailə qurub.