Fərəməz Abbasova qarşı böhtan yazısında şəhid atasının adından istifadə edilib
Bu ilin yanvarın 24-də şərlənərək həbs edilən Masallının Xıl kəndinin axundu Fərəməz Abbasov barədə rayon icra hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni Həyat” qəzetində də böhtan atılıbmış. Özü axunda qarşı böhtan kampaniyasının effektini artırmaq üçün şəhid atasının adından istifadə edilib.
Yeri gəlmişkən, Azərbaycan hakimiyyətinin şəhid ailələri, məcburi köçkünlərin adından rəqiblərinə qarşı iyrənc kampaniyada istifadə etdiyi birinci hal deyil.
Fərəməz Abbasovun oğlu Əmin Abbasov baş verənlər barədə “Cənub xəbərləri” qəzetinə bunları deyib: “Masallıda, icra hakimiyyətinin təsisçiliyi ilə çıxan ”Yeni həyat” qəzetində “Xəyanəti pisləyirik” adlı yazı çap olundu. Yaşadığımız Xıl kəndindən şəhid Milli Qəhrəmanın atası Eynulla Eynullayev, Xıl kənd bələdiyyəsinin sədri Vəlihəd Fərzəliev, Xıl məktəbinin direktoru Şəmsiyyə Məmmədovanın imzaları ilə çap olunmuş bu yazıda atama qarşı böhtan xarakterli ittihamlar irəli sürülmüşdü. Guya, bunlar dəfələrlə atama xəbərdarlıq etmiş, atama “ağıl” vermək istəmiş, amma atamı başa sala bilməyiblər. Guya, atamın geyimi, bizə gələn qonaqlar onları şübhələndirirmiş.
Biz bu haqsızlığa, ailəmizə atılan böhtana aydınlıq gətirmək üçün öncə həmin 3 nəfər həmkəndlimizə müraciət etdik. Onların hər üçü dedi ki, bu yazıdan bizim xəbərimiz yoxdur, adımızdan istifadə edib, o yazıya imza qoyublar.. Milli Qəhrəman atası Eynulla kişi hətta dediklərini yazılı şəkildə yazıb bizə verdi. Biz də vəkil tutub bu böhtanla bağlı Masallı Rayon Məhkəməsinə müraciət etdik.
22 aprel 2011-ci ildə Nemət Musayevin sədrliyi ilə bu məsələyə baxdılar. Şəhid atası Eynulla kişi məhkəmədə də hiddətlə bildirdi ki, bu yazıdan qəti xəbəri yoxdur. Dedi ki, bu yazı həm mənim adıma, həm şəhid övladımın adına ləkədir. O hətta qəzet redaktoruna belə böhtançı yazıya görə çox ağır sözlər dedi.
Məktəb direktoru olan qadın isə utandığından məhkəməyə gəlmədi. Amma dəfələrlə bildirib ki, bu yazıdan onun xəbəri yoxdur.
Yalnız kənd bələdiyyəsinin sədri bildirdi ki, şifahi şəkildə redaksiyaya müraciət edib.
Əyyub Mehdiyev məhkəmədə bu əməlinə görə bizdən üzr istədi.
Işə sədrlik edən hakim Nemət Musayev də ədalətlə çıxış edərək bildirdi ki, adam yıxılana balta vurmaz, onu başından batırmaz, sabah o həbsdən çıxandan sonra üzünə necə baxacaqsınız”.
Əmin Abbasov deyib ki, “Yeni həyat” qəzetinin redaktoru məhkəmədə üzr istəsə də, qəzetdə bu barədə məlumat verməyib: “Buna görə biz qərardan Apelyasiya Məhkəməsinə müraciət etdik. Artıq hazırlıq iclası keçirilib, iyunun 23-də isə əsas proses başlayacaq. Tələbimiz odur ki, ailəmizə böhtan atanlar ciddi cəzalansın. Ən azından qəzet o yazını hansı səhifədə, hansı şriftlə çap etmişdisə, elə o cür də təkzib çap etsin”.
Fərəməz Abbasovun oğlu sonda deyib ki, baş verənlər barədə ölkə mətbuatına da müraciət etmək niyyətindədirlər.



