Əmanətlərin dollarlaşması banklara nə vəd edir?

Samir Əliyev: «Dollarda olan depozitlərin payının artması manatla kredit verilməsi imkanlarını getdikcə məhdudlaşdırır»

 
Azərbaycanda bu ilin fevral ayında kommersiya banklarında manatla depozit qoyuluşunun azaldığı barədə məlumat vermişdik. Mərkəzi Bankın aprelin 14-də açıqladığı məlumata görə, bu ilin fevral ayında manat depoziti yanvar ayına nisbətən 17 faiz azalıb. Yanvarda manat depoziti 6 milyard 878.6 milyon, fevralda isə 5 milyard 643.3 milyon olub.
Əvəzində xarici valyuta ilə depozit yanvar ayı ilə müqayisədə 50 faiz artıb. Yanvarda xarici valyuta 4 milyard 331.5 milyon, fevralda isə 6 milyard 507.6 milyon olub.
Əslində bu tendensiya bankların onsuz da ağır olan durumunu bir qədər də qəlizləşdirib. Çünki əmanətçilərin dollar hesabına keçməsi bank qarşısında dollar öhdəliyi yaradır. Bu isə manatın ikinci devalvasiyasının gözlənildiyi bir zamanda bankları çətin durumda buraxır. Çünki dollar əmanətlərinin sayının artması həmin əmanətlərin faizlərinin də dollar ilə qaytarılmasını zəruri edir.
Iqtisadçı Samir Əliyev bildirdi ki, həqiqətən də əmanətlərin tədricən dollara keçirilməsi müşahidə olunmaqdadır. Hazırda dollarda olan əmanətlərin payının 60 faizə çatdığını deyən S.Əliyev bildirdi ki, halbuki bu rəqəm bir müddət əvvəl 40 faizdən də az idi: “Martda bu göstəricinin daha da yüksəldiyi məlum olacaq. Hazırda bankların manatla deyil, dollarla kredit verməsinin səbəbi məhz budur. Banklar əgər əmanətləri dollar ilə götürürsə, onlara həmin vəsaiti manata çevirmək sərf etməyəcək. Dollarda olan depozitlərin payının artması manatla kredit verilməsi imkanlarını getdikcə məhdudlaşdırır”.
S.Əliyev hesab edir ki, ona görə banklar faiz dərəcələrinə yenidən baxmalıdırlar. Çünki əgər əvvəl manatla dollar əmanətləri arasında fərq yox idisə, hazırda bu istiqamətdəki balans dolların xeyrinə dəyişib.
Xəyal