Bakı sakininin mülk problemi həll edilməyib

Şikayətçi hüququnun pozulduğunu bildirir

 
Əliyeva Nərgiz adlı şikayətçi “Azadlıq”a məktub göndərib. Məktubda deyilir: “Mən 1993-cü ildə Məmmədov Əsgərlə  evlənmişəm. Birgə evlilikdən bir qızımız,1994-cü il təvəllüdlü Məmmədova Xədicə  anadan  olub. Ərim 1978-ci ildə birinci nigahdan olan arvadı Tərifə Məmmədovadan  boşanıb və ailəsi ilə əlaqəsi kəsilib. 
2004-cü ildə həyat yoldaşım Məhəmmədi qəsəbəsində iki mərtəbəli 9 otaqlı həyət evi aldı. 19 dekabr 2005-ci  ildə  isə Əskər vəfat etdi. Onun birinci nikahından olan arvadı və övladları mənim  yaşadığım evi əlimdən almaq istəyirdilər. Onlar yoldaşımın hüzr məclisinə  gələrək, ərimin qırxi çıxandan  sonra evi tərk etməyimizi tələb etdilər. Yoldaşımın hüzrü ilə bağlı bütün xərcləri özüm çəkirdim. Çıxılmaz vəziyyətdə qaldığımı görən Şərqiyyə adlı bacımın əri Həsən Məmmədov Dilarə Vəliyeva adlı vəkili mənə kömək məqsədilə bizə gətirdi. Dilarə əvvəlcə ərimin adından köhnə tarixlə saxta alqı-satqı müqaviləsi hazırladı. Ərizənin mətnini mənə diqtə edərək 01.12.2004-ci il tarixə tərtib etdi. O, tanımadığım Ceyran Ələsgərovanın özünün doğma xalası olduğunu, narahatlığa əsas görmədiyini dedi. Dilarə müqavilədə Əsgərin imza yerini saxladı və məndən 500 manat pul alaraq rəssamlara qol çəkdirəcəyini bildirdi. Dedi ki, evi Ceyranın adına rəsmiləşdirib sonra mənə bağışlayacaq. Əvəzində də məndən 20 faiz evin pulunu istədi. Bundan sonra o, Yasamal Rayon Məhkəməsində evdə tərtib etdiyimiz həmin müqavilənin bağlanmış hesab edilməsi ilə bağlı iddia qaldırdı. Yasamal Məhkəməsi 07 aprel 2006-cı il tarixli qətnaməsilə müqaviləni bağlanmış hesab edərək Abşeron rayonu Məhəmmədi kəndində yerləşən ev üzərində Ceyranın mülkiyyət hüququnu tanıdı. Daha sonra Apelyasiya Məhkəməsinin 08 dekabr 2006-ci il tarixli qətnaməsilə Yasamal məhkəməsinin qətnaməsi qüvvədə saxlandı. 
Dilarə bizə gələrək mənə çoxlu vədlər verirdi. O mənə boş kağıza qol çəkdirərək dedi ki, evi öz adına salıb sonra mənə bağışlayacaq. Artıq Ceyran, onun bacısı qızları və Dilarə  Abşeron məhkəməsində mənim mülkümlə bağlı müraciət etmişdi. Bu dəfə Ceyran Dilarəni məhkəməyə vermişdi. Bu o vaxt idi ki, artıq Şərqiyyənin əri Həsən rəhmətə getmişdi. Dilarə  and içdi ki, o evi Ceyrandan alıb mənə verəcək. Onu da qeyd edim ki, Dilarə qızım Xədicəyə də məhkəmədən bir az qabaq boş vərəqlərə qol çəkdirmişdi. 
2012-ci ildə Əsgərin böyük oğlu Vaqif  Xətai Polis Şöbəsinə müraciət edərək Dilarənin tərtib etdiyi alqı-satqı  müqaviləsinin saxtalığını, imzanın Əsgərə məxsus olmadığını bildirdi. Dilarə müstəntiq və Vaqiflə dil tapıb anlaşdı və o işi bağladılar. 2013-cü ildə Dilarəyə verdiyim etibarnaməni notariusda ləğv elətdirdim. Lakin bir müddətdən sonra Abşeron məhkəmə icraçıları məndən evi boşaltmağı tələb etdi. Mən  Abşeron məhkəməsinə müddətlə bağlı müraciət etsəm də təmin edilmədi. Ədliyyə Nazirliyində olanda icraçılar mənə zəng edib bildirdilər ki, evə gəlmə, yoxsa cinayət işi açacağıq.
Baş prokurorun birinci müavini Rüstəm Usubov cinayət işinin başlanması haqqında 22 yanvar 2014-cü ildə qərar qəbul edib. Səbail rayon prokurorluğunda CM-nin 125-ci maddəsilə cinayət işi başlanması haqqında qərar qəbul edilib. Xahiş edirəm, bu məsələlərə aydınlıq gətirib problemimin çözülməsinə yardımçı olasınız".
Sosial şöbə