ABŞ-ın Cənubi Florida ştatından olan 61 yaşlı poçtalyon bir nəfərlik vertolyotu qanunsuz şəkildə Vaşinqtonda ABŞ Kapitolisinin həyətinə endirdiyi üçün həbs edilib. Kapitolini ziyarət edən turistlər binadan bir neçə yüz metr aralıda vertolyotu görmələrinə təəccübləniblər.
Polis dərhal Kapitolinin ətrafını ictimaiyyətə bağlayıb. İtlər və robot detektorları isə vertolyotda mümkün partlayıcı maddələr axtarıb.
"The Tampa Bay Times" qəzeti pilotun Doq Hyu olduğunu müəyyənləşdirib. Qəzet onun maliyyə islahatına diqqətlərini çəkmək üçün Konqresin 535 üzvünə məktub çatdırmaq istədiyini bildirib.
"Times" bildirib ki, xüsusi xidmət orqanlarına D.Hyunun Vaşinqtona uçacağı barədə xəbərdarlıq edilib. Xüsusi xidmət agenti onu evində sorğu-sual edib, lakin heç bir tədbir görməyib.
Qəzet bildirib ki, D.Hyu agentə intihara və ya zorakılığa meylli olmadığını və vertolyotunu heç bir hökumət binasına vurmayacağını deyib.
Vaşinqtonun hava sahəsi təhlükəsizlik səbəblərindən son dərəcə məhdudlaşdırılıb. Qadağan edilmiş zonaya daxil olan təyyarələrin vurulma ehtimalı var.
Kapitoli polisi, Xüsusi Xidmət və Milli Təhlükəsizlik Nazirliyi insidentlə bağlı şərh bildirməyib ("Amerikanın səsi").


