İdxal iki dəfədən çox azaldı. “Marja” Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2015-ci ilin Yanvar-Mart ayları ərzində Azərbaycana 10035 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdur. Bu da, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 12476 ədəd və ya 55,4% azdır. 2015-cü ilin Yanvar ayında ölkəmizə 4090 ədəd, Fevral ayında isə 3421 ədəd, Martda isə 2524 ədəd nəqliyyat vasitəsi olunmuşdur.
2015-ci ilin Yanvar-Mart ayları ərzində 203 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri (avtobuslar), 9256 ədəd minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 500 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri və 76 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunmuşdur.
MİNİK AVTOMOBİLLƏRİNİN İDXALI 54%-dən ÇOX AZALIB
2015-ci ilin Yanvar-Mart aylarında 2014-cü ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin idxalı 11049 ədəd və ya 54,4% azalıb.
2015-ci ilin Yanvar ayında 3870, Fevral ayında 3161 ədəd, Mart ayında isə 2225 ədəd minik avtomobili idxal olunub.
NƏ ÜÇÜN AZALIR?
Ekspertlər bildirirlər ki, avtomobil idxalının azalması Avro 4 standartına keçid, kreditlərin sərtləşdirilməsi və aksiz vergisinin dərəcələrinin artırılması ilə bağlıdır.
Ölkəmizə 2012-ci ildə 101 255 ədəd, 2013-cü ildə isə 104385, 2014-cü ildə 63368 ədəd avtomobil idxal olunmuşdur.


