“Uğurlu iqtisadiyyata” gedən yol müasirləşmədən keçir

Hakimiyyətin indiki kursu isə vətəndaşların itkilərinin çox olacağını deyir

 
Dövlətin inhisarçı müdaxiləsi və Azərbaycanın iqtisadi, ictimai və siyasi həyatının manipulyasiyası kursu davam etməkdədir. Azərbaycan prezidenti Ilham Əliyevin hökumətin aprelin 10-da keçirilən müşavirəsindəki çıxışı əsasında belə bir nəticəyə gəlmək olar.
Iclasdakı çıxışını prezident uğurlu olaraq səciyyələndirdiyi 2015-ci ilin birinci rübünün yekunları üzərində qursa da, vaxt çərçivəsini aşaraq, 2014-cü ilin yekunlarını və bu ilin perspektivlərini də əhatə edirdi.
“Uğurlu” rübün yekunları rəqəmlərlə ifadədə sanki, həqiqətən də görünür, ÜDM-in 5 faizlik artımı, qeyri-neft sektorunun 7%-lik sənaye artımı kimi. Lakin ilk üç ayın xronikasını təhlil etsək, görmək olar ki, artım ÜDM məbləğin 33% ucuzlaşan manatla deyil, dollarla hesablanması sayəsində qeydə alınıb. Devalvasiyaya uğramış manatla olan büdcənin aşağı dollar ekvivalenti ilə yenidən hesablanması kimi. Qeyri-neft sektorunun inkişafı isə neft qiymətlərinin kəskin şəkildə ucuzlaşması və müvafiq olaraq neft sektorunun ÜDM-dəki payının azalması sayəsində baş verib.
Prezident manatın devalvasiyası haqqında uğurlu və vaxtında həyata keçirilmiş əməliyyat kimi danışıb. Onun fikrincə, bu əməliyyat insanların həyat səviyyəsinə təsir göstərməyib. Amma heç kim üçün sirr deyil ki, milyonlarla insan ilk növbədə istehlak səbətində böyük yer tutan idxal qeyri-ərzaq məhsullarının alıcılıq qabiliyyətini 30% itirib.
Əliyev, əvvəlki kimi, qəzəbli şəkildə öz avtonom kursunun həyata keçirilməsinə xarici müdaxilənin yolverilməz olduğundan danışsa da, “müasirləşmə” sözünün dəfələrlə istifadəsi onun artıq Azərbaycanın müasirləşməsi üzrə Avropa proqramı ilə razılaşdığını göstərir. Bu proqram Brüsseldən yumşaq şəkildə ötürülsə də, amma şərtləri sərtdir. AB və Azərbaycan arasında “strateji müasirləşmə haqqında” Saziş hələ ötən ildən hazır olsa da, yalnız mayda AB Şərq Tərəfdaşlığı sammitində imzalanacaq. Sənəd inhisardan, proteksionizmdən, hər yerdə olan dövlət nəzarətindən imtinanı nəzərdə tutur, həmçinin ədalətli rəqabət, iqtisadi və siyasi azadlığın təşviqi üçün şərait yaradır. Prezident yekun nitqində bu tezisləri xatırladıb.
Əlbəttə, hər şey o qədər də gözəl olmayacaq və bu, ilk növbədə hakim elitanın kapitalların və maddi resursların eyni əllərdə cəmləşməsinə yönəlmiş şəxsi layihələrinin irəli sürülməsi üçün dövlət vasitələrindən və alətlərindən istifadə siyasətindən imtina etmək istəyinin olmaması ilə bağlıdır. 2008-ci ildə BVF-nin qabaqcadan xəbər verdiyi hazırkı böhrandan çıxan, maliyyə və istehsal sisteminin neft qiymətlərindən, habelə inhisarlardan həddindən artıq asılı olduğunu nümayiş etdirən dərslər göstərir ki, bu siyasətin davam etdirilməsi əvvəlki kimi orta təbəqəsi geniş və güclü olan cəmiyyətin müxtəlifləşmiş inkişafını gecikdirəcək.
Azərbaycanın müstəqillik əldə etdikdən sonrakı 20 ildən çox təcrübəsi göstərdi ki, siyasi rejim bir səbəbdən Çin, Dubay, Sinqapur, Malayziya, Polşa, Baltikyanı ölkələrinin keçid iqtisadiyyatlarının nümunəsində ölkənin inkişafını təmin edə bilmədi – iqtisadi azadlıqlar və kapitalların hərəkət azadlığına zəmanət verilməyib. Və bu gün hökumət müşavirəsinin yekunlarına görə əminliklə demək olar ki, nə ÜDM, nə əhalinin həyat səviyyəsi ölkənin potensialına və ilk növbədə Azərbaycanın insan kapitalına uyğun deyil.
Buna nümunə 2014-cü il üçün adambaşına düşən ÜDM, orta aylıq əmək haqqı və pensiya kimi onsuz da yüksək olmayan göstəricilərdir. Beynəlxalq hesabatlarda bu göstəricilər manatdan 33% ucuz olan dollar ekvivalentində göstərilib. 2014-cü ildə Azərbaycan ÜDM-in həcmi 58977,8 mlrd. manat və ya 1 USD 0,7844 AZN məzənnəsi ilə 75,188 mlrd. dollar təşkil edib. Bu onu göstərir ki, 2015-ci ildə ÜDM ən az 33%, yəni manatın devalvasiyaya uğradığı qədər azalacaq. Bu o deməkdir ki, birincisi, ÜDM təxminən 55 mlrd. dollara qədər azalacaq. Ikincisi, orta aylıq əmək haqqı və pensiyanın dollar göstəriciləri də eyni nisbətdə azalacaq – müvafiq olaraq 540 dollardan 422 dollara (422 manat) və 234 dollardan 182 dollara (182 manat) qədər. Idxal olunan malların və xidmətlərin dəyərinin 30% və daha çox bahalaşdığını da buraya əlavə etsək, vətəndaşların itkiləri böyük olacaq.
Bütün bu göstəricilər üzrə Azərbaycan yuxarıda qeyd edilmiş açıq iqtisadiyyatlı ölkələrdən xeyli və qanunauyğun şəkildə geri qalıb və indi bu məsafə artır. Və Avropa müasirləşmə proqramı olmadan prezidentin bəyan etdiyi uğurlu iqtisadiyyat və hazırkı kurs bu uçurumu azaltmaq iqtidarında deyil.
“Turan” Analitik Xidməti