Azadlıq aşiqinin azadlıqdan məhrum edilməsi

“Azadlıq aşiqi” kəlməsini heç vaxt ikrahla söyləməmişəm. Hətta Nemət Pənahlıya qəzəbli olanda da. Çünki mən uzun illər görmüşəm ki, bu kəlməni ironiyaya çevirənlər əsasən Azərbaycanın azadlığına biganə qalanlar və azadlıq hərəkatına qoşulmayanlardır, hətta bu hərəkata qarşı çıxanlardır. Daxilən xalq hərəkatını qəbul etməyənlər orada iştirak etməməsinə, yaxud bu hərəkata qarşı olmalarına don geyindirmək üçün müxtəlif üsullarla onu gözdən salmağa çalışıblar.

Əslində, Nemət Pənahlı onları maraqlandırmır. Bu bir bəhanədir. Guya Nemət Pənahlı, yaxud başqa birisi meydanda olmasaydı, həmin adamlar xalqın azadlığı uğrunda mübarizənin təmənnasız cəfakeşləri olacaqlarmış. Meydan isə illərdir boşdur, amma bu adamların izi də görünmür orada. Heç söhbət meydana-mitinqə çıxmaqdan da getmir, ölkədəki reallığı dilə gətirmək belə onların ağıllarına gəlmir. Bir sözlə, “Azadlıq aşiqi” kəlməsini ikraha çevirənlərin böyük əksəriyyəti bununla Nemət Pənahlını yox, xalq hərəkatını hədəfə alıblar.

Mitinqçilərin “oturub-durması” kimi mahiyyətdən uzaq baməzələrlə qəşş edənlərin bu gün xalqın nə günə salınmasından danışmağa istəyi və cəsarəti yoxdur. Indi xalqı Heydər Əliyevin heykəli önündə iki qat əyilməyə məcbur edirlər. Bu mənzərələrə aid fotolara baxanda adam xəcalət təri tökür. Hüquqları əlindən alınan, sərvətləri talanan bütöv bir xalqı oyuncağa çeviriblər…

Onu da anlayıram ki, kifayət qədər mürəkkəb ictimai-siyasi fəaliyyət yolu keçən Nemət Pənahlıya cəmiyyətimizdə münasibət birmənalı deyil. Onu qınayanların, sevməyənlərin heç də hamısını yuxarıdakıların sırasına aid etmək olmaz. Ən azı, Nemət Pənahlının birdən-birə Heydər Əliyevin yanında peyda olması, nəhayət, son parlament seçkilərində iştirakının müəmmalı məqamları hər zaman kimlərinsə qınaq obyekti olaraq qalacaq. Indiki vaxtda, xüsusən də onun özünün həbsdə olduğu müddətdə, həm də şərlənərək həbs edildiyi bir vaxtda bu mövzuya toxunmaq istəmirəm. Nə də demək istəmirəm ki, gördünüzmü, ay Nemət Pənahlı, hakimiyyətə gəlməsi üçün çalışdığın Heydər Əliyevin qurduğu rejim sənə nələr etdi. Məhz indi bunları deməyin yersiz və hətta haqsız olduğuna qəti əminəm.Indi yalnız bir sözün vaxtıdır: Nemət Pənahlı siyasi məhbusdur, şərlənərək tutulub, onu həbs edənlər bununla cinayət törədiblər. Qalan bütün suallar, məsələlər yalnız və yalnız Nemət Pənahlının daxili müzakirələrinin predmetidir. Yaxud kənar mövzuların. Bütün hallarda biz onun haqqını müdafiə etməliyik. Bunu etməsək, bizimlə onu və başqalarını şərləyərək həbs edənlərin arasında az fərq olar.

Mən bu mövzu üzərində niyə xüsusi dayandım. Cəmiyyətin dürüstlüyü naminə! Insan nəyisə əsas tutub, haqdan qaçmalı deyil. Heç nə bizə haqqı deməyə mane olmamalıdır. Məhz bu məsələdə ayrı-seçkilik olmaz. Əksi isə həm fərdi, həm ictimai faciələrə gətirir. Qoy mənəvi məsuliyyətlər qüvvədə qalsın. Amma kimisə haqsız tuturlarsa, biz onu da öz dostumuz, həmkarımız, partiyadaşımız kimi müdafiə etməliyik. Birincisi, ona görə ki, biz dostumuzu, həmkarımızı, partiyadaşımızı müdafiə etmək üçün ortada deyilik. Ikincisi ona görə ki, həqiqəti, ədaləti müdafiə etmək bizim borcumuzdur. Biz bununla fərdləri yox, bütünlüklə cəmiyyəti müdafiə edirik. Həm də bununla haqsızlığa qarşı çıxırıq. Heç bir hakimiyyətin xoşuna gəlmədiyinə görə adamları şərləyib tutmaq haqqı yoxdur.