Rusiya Azərbaycanın qaz alıcılarını təhdid edir

Rusiyanın energetika naziri: «Azərbaycan qazı AB-ın istehlakı üçün dənizdə damladır»
 
Avropanın 2025-ci il üçün qaz idxalından asılılığı indiki 200 milyard kubmetrdən, 300 milyard kubmetrə qədər artacaq. Bunu Rusiyanın energetika naziri Aleksandr Novak “Rossiya 24" telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Türkiyədən keçərək Azərbaycana çatdırılacaq 10 milyard kubmetr Azərbaycan qazı AB-ın istehlakı üçün dənizdə damladır və Rusiyanın təchizat həcmlərini yaxın perspektivdə heç nə ilə əvəz etmək mümkün deyil. ”Biz Avropanın şəxsi hasilat imkanını, dünyanın digər regionlarından təchizat imkanlarını dəyərləndiririk. Avropanın idxal asılılığının artacağını görürük. 2025-ci il üçün ekspertlərin qiymətləndirmələrinə görə, qaz idxalından asılılıq indiki 200 milyard kubmetrdən, 300 milyard kubmetrə qədər artacaq. Bununla əlaqədar Avropanı Rusiya ilə enerci dialoqunun bərpasına çağırırıq", – Novak qeyd edib.
Nazir Avropa Birliyini, siyasi tərkibi istisna edərək, konstruktiv dialoqu bərpa etməyə çağırıb: “Brüsselin apardığı siyasət nəticəsində qaz istehlakçıları və istehsalçıları arasında uzunmüddətli sabitlik pozuldu, nəticə isə Avropanın enerji təhlükəsizliyinin təminatı üçün riskin artması oldu”.
Maraqlıdır ki, Rusiyadan Azərbaycana yönəlik mesajlar birinci dəfə deyil səslənir.
Bu arada hakimiyyətəyaxın informasiya agentliyi olan “Trend”də maraqlı bir yazı dərc edilib. Yazı da qeyd edilir ki, Rusiya son zamanlar yürütdüyü siyasət ilə Azərbaycanın təbii qaz satdığı ölkələri təhdid edir.
Müəllif yazısında qeyd edilir: “Avropanın Rusiya qazından asılılığını azaltmaq arzusu ilə, həmçinin Azərbaycandan ”mavi yanacaq" əldə etmək istəyi ilə üzləşən Moskva birbaşa təhdidlərə keçib.
Rusiya mətbuatının yazdığına görə, “Qazprom”, “Cənub axını” və “Türk axını” qaz kəmərlərinin əleyhdarlarını qaz satışını dayandırmaqla hədələyib. Bununla yanaşı, “Qazprom” son xəttini tikməyi, bundan sonra isə Ukrayna vasitəsilə qaz nəqlini dayandırmaq niyyətindədir. Beləliklə, Moskva Rusiya qazını almaq istəyənlərə cənub istiqamətini göstərir…
…Digər tərəfdən, RF “Cənub Qaz Dəhlizi”nin Rusiyanın qaz satışına birbaşa alternativ olacağı və bu layihənin daha tez reallaşacağı həqiqəti qarşısında Azərbaycan qazının alıcılarına qarşı birbaşa təhdidlərə keçib. Axı, “Türk axını”na hədəflənən ölkələrin əksəriyyəti Azərbaycan qazının gələcək alıcılarıdır.
Əgər qarşıdurma Yunanıstanın yeni hökuməti kimi Moskvaya simpatiyası olan siyasətçilərin nüfuzu çərçivəsində həyata keçirilirdisə, artıq nəticə əldə etməyən Rusiya hədələməyə başlayıb.
Bununla yanaşı, Brüssel və ciddi problemlərlə üzləşmiş Afina arasında gərginlik hiss olunur. Moskva bu qopmanı gücləndirmək istəyir. Bu məqamda Yunanıstanın baş naziri Aleksis Tsiprasın Rusiyaya səfərini də qeyd etmək lazımdır".
“Trend”in hakimiyyətdə mötəbər mənbələrinin olduğunu nəzərə alsaq, təhdidlə bağlı yazının müəyyən əsaslar olmadan dərc edilməsi inandırıcı görsənmir.
 
Vəfa Quluzadə: “Azərbaycan qazının həcmindən asılı olmayaraq onun Avropaya nəqli Rusiyaya təhlükə yaradır”
 
Politoloq Vəfa Quluzadə bildirdi ki, Azərbaycan qazının həcmindən asılı olmayaraq onun Avropaya nəqli Rusiyaya təhlükə yaradır. Çünki Azərbaycan qazı ilə başqa ölkələrin təbbi ehtiyatları birləşərək Avropanı təmin edəcək. V.Quluzadənin sözlərinə görə, bu isə Avropanın Rusiyadan asılılığını heçə endirəcək: “Rusiya üçün əsas təhlükə məhz budur. Qərbin strategiyası ondan ibarətdir ki, Avropanı Rusiyanın enerji daşıyıcılarından xilas etsin. Çünki Rusiya bu enerji daşıyıcılarını siyasi alət kimi istifadə edir. Rusiyanın belə bir açılamalarla çıxış etməsi də təsadüfi deyil. Rusiyanın energetika naziri Azərbaycan qazının onlar üçün təhlükə olmadığını desə də, Rusiya Azərbaycan da daxil olmaqla digər qaz satan ölkələri təhdid edir. Bu da ondan xəbər verir ki, Rusiya bu tendensiyalara ciddi yanaşır”.
Xəyal