Əli Kərimli hüquq müdafiəçisinin hökmdə göstərilməyən "cinayətindən" yazdı
Rəsul Cəfərovla bağlı verilən məhkəmə hökmünə AXCP sədri Əli Kərimli kəskin münasibət bildirib. AXCP lideri facebook səhifəsində bu barədə yazaraq, Rəsul Cəfərovun hökmdə göstərilməyən "cinayət"ini açıqlayıb:
Bu gənc hüquq müdafiəçisini tanıyırsınız? Rəsul Cəfərov ölkəmizdə demokratik dəyişikliklər üçün çalışan mütərəqqi gənclərimizdəndir. Bu gün onu qurama ittihamlarla 6 il 6 ay müdddətinə azadlıqdan məhrum etdilər. Siz hökmdə yazılanları boş verin, əsl “cinayəti” siyasi məhbusları müdafiə etməsi, demokratik dəyişikliklər üçün çalışması idi. Ölkəmizdə Avroviziya yarışması keçirilən ərəfədə Rəsul bəy “Demokratiya üçün oxu” kampaniyasını təşkil etdiyi üçün hökumətin qara siyahısına düşüb.
Rəsul Cəfərovun demokratik dəyişikliklər uğrunda mübarizəsində özünəməxsus, olduqca sakit bir üslubu var idi. O, Xədicə xanım kimi hakim ailənin korrupsiya əməllərini araşdırmırdı, Seymur Həzi kimi hər yazısında, çıxışında İlham Əliyevi şəxsən tənqid etmirdi, Leyla Yunus kimi ölkədəki siyasi məhbus probleminə görə dövlət başçısının şəxsi məsuliyyətindən danışmırdı, Asif Yusifli kimi Qarabağ qazisinin özünü öldürmə həddinə çatdırıldığına görə şəhərin mərkəzinə mitinq təyin etmirdi. Amma Rəsul bəy də ardıcıl olaraq demokratik dəyərlərin möhkəmlənməsi üçün çalışırdı. Nəticəsini artıq bilirsiniz.
Rəsul Cəfərovun uzun müddətə azadlıqdan məhrum olunduğu gün diqqəti niyə onun mübarizəsində seçdiyi olduqca sakit, normalda heç kimi qıcıqlandırmalı olmayan üslubuna cəlb etdim? Uzun müddət bəzi demokratiya uğrunda mübarizəyə yeni qoşulan dostlarımızda belə yanlış təsəvvür formalaşmışdı ki, guya bu mübarizənin bir çox iştirakçıları öz sərt mübarizə tərzləri ilə hökuməti aqressiv hərəkətlərə sövq edirlər. Azərbaycanlılara tanış olan “günah öləndədir” düşüncə tərzi siyasətə yeni başlayan bir çox dostlarımıza da sirayət etmişdi. Hətta bir çoxları ölkədəki repressiyalara “şərait yaratdığına” görə prinspial müxalifət təşkilatlarını qınamağa da başlamışdılar. Biz o zaman da izah edirdik ki, ölkədə status-kvonu dəyişməyi arzulayan, buna çalışan hər bir kəs rejimin hədəfindədir. Acı təəssüf hissi ilə qeyd etməliyəm ki, son illərdə rejimin həyata keçirdiyi silsilə həbslər bizim haqlı olduğumuzu sübut etdi. İntiqam Əliyevin, Anar Məmmədlinin, Arif Yunusun, Rauf Mirqədirovun, Yadigar Sadıxlının, Pərviz Həşimlinin, o cümlədən bu gün haqqında hökm elan edilmiş Rəsul Cəfərovun və bir çox başqalarının belə sərt cəzalandırılmasını necə izah edəcək hər zaman repressiya qurbanlarının özünü haqsız çıxaranlar?
Rejim təkcə oğru və korrupsioner deyil, həm də anti-millidir. Bu xalqın bütün savadlı, əqidəli, demokratik dəyişiklik arzulayan işıqlı övladlarını özünə təhlükə sayır, fürsət düşdükcə onları əzib sıradan çıxarmağa çalışır. Amma bu repressiyalar həm də xalqımızın böyük demokratik potensialını ortaya çıxarır. Narahat olmayın, biz çoxuq, bizi həbs edib qurtara bilməzlər, tam əksinə, biz ölkəni dəyişikliklərə sövq edəcəyik. Bütün siyasi məhbuslarımız da haqq etdikləri azadlıqlarına qovuşacaq!
***
Rəsul Cəfərovun üzv olduğu REAL Hərəkatı çıxarılan hökmlə bağlı bəyanat verib. Bəyanatda deyilir:
REAL Hərəkatı İdarə Heytənin üzvü Rəsul Cəfərov 2014-cü ilin avqust ayının 2-də qondarma ittihamlarla həbs edilib. İstintaq və məhkəmə araşdırması zamanı Rəsul Cəfərova qarşı irəli sürülən bütün ittihamların siyasi sifariş olduğu bir daha öz təsdiqini tapdı.
Bu gün Ağır Cinayətlər Məhkəməsində hakim ittihamın təqdim etdiyi aktı sadəcə üzündən oxumuş, müdafiə tərəfinin təqdim etdiyi sübutları nəzərə almamış, Rəsul Cəfərova 6,5 il azadlıqdan məhrumetmə hökmü çıxardaraq, bütün bu işin Rəsul Cəfərovun ictimai və siyasi aktivliyinə görə hakimiyyət tərəfindən siyasi sifariş olduğunu göstərmişdir. Rəsul Cəfərovun siyasi və vətəndaş mövqeyinə görə belə ağır cəzaya məhkum edilməsini hakimiyyətin ölkədə vətəndaş cəmiyyətinin susdurulması və məhv edilməsi siyasətinin tərkib hissəsidir.
REAL Hərəkatı bəyan edir ki, ölkədə siyasi və ictimai fəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin sifarişli həbsləri ölkənin gələcəyini ciddi təhdid altına alır və belə qərarları sifariş və icra edənlər tarix və qanun qarşısında mütləq cavab verəcəklər. REAL Hərəkatının Sədri İlqar Məmmədovun və İdarə Heyətinin üzvü Rəsul Cəfərovun siyasi sifariş əsasında həbs edilməsi Hərəkatı öz idealları və dəyərləri uğrunda ardıcıl mübarizədən döndərməyəcək.
***
Hüquq müdafiəçisi Rəsul Cəfərovun məhkəməsi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Ismayılovun sədrliyilə çıxarılan hökmə əsasən, hüquq müdafiəçisi 6 il 6 ay azadlıqdan məhrum edilib. Təxminən 50 səhifəlik hökm oxunarkən məhkəmə tərkibinə daxil olan hakimlərdən biri özünü yaxşı hiss etmədiyindən qısa fasilə verilib. Həmin fasilə zamanı Rəsul Cəfərov bayaqdan uzun-uzadı oxunan hökmün nəticəvi hissəsilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, əgər hökm müəyyən müddətə azadlıqdan məhrum edilməsindən ibarətdirsə, bunu birmənalı şəkildə siyasi sifariş hesab edir: “Yox, əgər şərti cəza verilsə, ədalətin qismən bərpa olunduğunu deyəcəm”.
Fasilədən sonra hökmün elan olunması davam edib. Və nəhayət, hökmün nəticəvi hissəsinin elanından məlum olub ki, Rəsul Cəfərov 3 il dövlət və bələdiyyə orqanlarında rəhbər vəzifə tutması qadağan olunmaqla, 6 il 6 ay azadlıqdan məhrum edilir. Cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
Məhkəmədə iştirak edənlər bu hökmdən sonra alqışlarla Rəsul Cəfərova dəstəklərini nümayiş etdiriblər. Hüquq müdafiəçisi özü də hökmü “saxta ittihamlar əsasında siyasi sifarişlə verilən qərar” kimi qiymətləndirilib.
Rəsul Cəfərovun vəkili Fariz Namazlı bildirib ki, hökmdən apelyasiya şikayəti veriləcək: “Biz bu hökmü tamamilə əsassız və qanunsuz hesab edirik. Biz kifayət qədər sübutlar təqdim etmişdik məhkəməyə ki, Rəsul Cəfərovun heç bir təqsiri yoxdur. Hökmdən apelyasiya şikayəti verəcəyik”.
***
Insan Haqları Klubunun rəhbəri, hüquq müdafiəçisi Rəsul Cəfərovun məhkəməsi yekunlaşır. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Ismayılovun sədrliyilə onun barəsində çıxarılmış hökm elan olunacaq. Dünənki məhkəmə iclasında isə hüquq müdafiəçisi son sözünü deyib.
Rəsul Cəfərov son sözündə prokurorun öz çıxışında onunla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. Qeyd edib ki, prokuror onun bütün sənədləri eyni gündə istintaqa təqdim etməməsinə şübhə ilə yanaşıb. Amma bu şübhələrin heç bir əsası yoxdur: “Mənim nəyisə gizlətmək fikrim olsaydı, ilk gündən bunu edərdim, heç sonra da sənədləri təqdim etməzdim. Halbuki, mən həbsimdən əvvəl üç gün ardıcıl istintaqa sənədləri təqdim etmişəm. Avqustun 2-də barəmdə həbs-qətimkan tədbiri seçiləndə vəkilim Xalid Bağırov idi. O zaman bizim müdafiə taktikamız belə oldu ki, sənədlərin bir qismini artıq təqdim etmişik, indi istintaqın gedişini gözləyək. Görək ki, nə dərəcədə obyektiv aparılır. Sonra qərara gəldik ki, qalan sənədləri istintaqa yox, məhkəməyə təqdim edərik. Məhkəməyə də təqdim etdik”.
Rəsul Cəfərov prokurorun ona “təqsirini etiraf etmək” təklifinə də münasibət bildirib: “Prokuror çıxışında deyir ki, ”təqsirini etiraf etsəydi, yüngülləşdirici hal kimi nəzərə alınardı". Mən törətmədiyim cinayətə görə saxta etirafı qəbul edə bilmərəm. Fəaliyyətimizdə hansısa xırda çatışmazlıq, boşluq olubsa, bunu sərbəst ifadəmdə demişəm. Işə baxanda asanlıqla görmək olur ki, bu beş maddədə nəzərdə tutulan cinayətlərin heç birini mən törətməmişəm.
Mən 2010-cu ildə Insan Haqları Klubunu yaratmışam və həbs olunan günə qədər yalnız ictimai fəaliyyətlə məşğul olmuşam. Heç kimlə düşmənçiliyim, ədavətim olmayıb. Baxmayaraq ki, ədalətsiz həbs olunmuşam, amma kiminləsə düşmənçilik aparmaq niyyətim yoxdur. Burada da qıcığa səbəb olacaq fikirlər səsləndirmək istəmirəm".
Rəsul Cəfərov məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib: “Sizdən xahişim odur ki, məhkəməyə təqdim etdiyimiz sənədləri, vəkillərin çıxışlarındakı dəlilləri nəzərə alaraq, bəraət hökmü çıxarasınız. Yalnız bu halda ədalət bərqərar oluna bilər”.
Aytən