Futbola bir Abdullayev bəs etmirdi?

xaqaniquzeyli@gmail.com
 
Stalinin acı xatirəsinə
 
Yazıma elə Stalinlə bağlı və mövzumuza yaxın bir lətifə ilə başlamaq istəyirəm… 
– Sovet rejimini amansız tənqid edən yazıçılar Daniyel və Sinyavski ilə nə edəcəyinə qərar verməkdə çətinlik çəkən Nikita Xruşşov cadugərlərin köməyi ilə Stalininin ruhunu köməyə çağırır. Hal-əhvaldan sonra Xruşşov dərdini söyləyir. Stalin Sinyavskinin futbol komentatoru olub-olmadığını sorurşur. Xruşşov cavabında yazıçının sadəcə soyadının Sinyavski olduğunu söyləyir. O zaman Stalin deyir: – Nikita, iki Sinyavski nəyimizə lazımdır axı?..
Yazım heç də detektiv yazar Çingiz Abdullayevin “Neftçi” klubuna başqan gətirilməsinə həsr olunmayıb. Mən bu yazımda həm də rejimin avtoritar, ictimaiyyətlə qətiyyən hesablaşmayan addım və davranışlarından bəhs etməyə çalışacam. Əvvəlcə əlahəzrət futbolla məsələni çürüdək.
Yazıçı Çingiz Abdullayevin “Neftçi”yə təyinatından sonra mətbuata verdiyi açıqlamadan bir sitat gətirmək istəyirəm. O elə ilk müsahibəsində… xaricdəki dostları vasitəsilə ilə “Neftçi”ni beynəlxalq turnirlərdə oynatma şansı olmasından bəhs etdi. Yəni Çingiz müəllim telefonu götürür və fransalı detektiv yazar dostuna zəng edir… Deyir, Pyer, Mişel Platinidən(UEFA prezidenti – X.Ə.) xahiş elə, “Neftçi”nin filan turnirdə iştirakını təmin etsin…
Təsəvvür edək ki, bu baş tutur və “Neftçi”, “Barselona”, “Yuventus” və “Mançestr Yunayted”lə birlikdə hansısa turnirə qatılır. Neftçinin turnirdə göstərəcəyi nəticələri kənara qoyaraq,  Platininin bu turnirdən sonrakı aqibətini təsəvvür edin. Avropa mətbuatı onun haqda elə şeylər yazardı ki, o yəqin ki, növbəti seçkini gözləməyib istefa ərizəsi yazardı…
Hərdən mənə elə gəlir ki, Rövnəq Abdullayev futbolu inkişaf etdirmək, yox , onu tamamilə məhv etmək üçün gətirilib. Təsəvvür edin, futbol tarixinin bəlkə də ən ədalətsiz 11 metrlik cərimə zərbəsini təyin edən Xaqani Məmmədov bu gün futbol hakimlərinə başçılıq edir.  Azərbaycan futbolunun əfsanə isimləri bu gün Moskvada kafe işlədir, ticarətlə məşğul olur. Azərbaycan futboluna bu gün də çox şey verə biləcək Maşallah Əhmədov tikinti sektorunda çalışır və s.
Rövnəq Abdullayevin bəxti onda gətirib ki, Stalin epoxasında yaşamayıb. Təsəvvür edirsinizmi, Fələstin (0:2) məğlubiyyətindən sonra onun aqibəti necə olardı?..
Yazını başlamazdan əvvəl, onun futbolumuz haqda verdiyi açıqlamaların əksəriyyətini nəzərdən keçirdim. Ironiya və təbəssüm dolu bu açıqlamalardan məlum olur ki, biz, doqquz milyonluq xalq, futboldan bixəbərik, kiçik hesablı məğlubiyyətlərlə təsəlli tapmalıyıq. Saysız-hesabsız məğlubiyyətlərimizin heç olmasa birinin məsuliyyətini öz üzərinə götürməyi fikrindən belə keçirmir. 
Ölkədəki avtoritarizm futbolumuzda olduğu kimi, həyatımızın bütün sahələrinə sirayət edib. Kiçik və maraqlı bir haşiyə çıxmaq istəyirəm. Mövzumuza aid olmasa da, heç uzaq da deyil. 
Təxminən iki il öncə, ARDNŞ-də təhlükəsizlik üzrə mühəndis çalışan soydaşımız, Qarabağ müharibəsi veteranı bizə müraciət etdi. Dedi ki, idarə müdirimiz mənə qərəzli münasibət bəsləyir, hər gün mənə “ərizəni yaz, burdan get” deyir. Səbəbini öyrəndim və sözün əsl mənasında şoka düşdüm. Məsələ belə olub. Rövnəq Abdullayevin sosial şəbəkə üçün verdiyi video-müsahibədə işdən azad edilənlərin siyahısında səhvən onun da adı gedib. Məhəmməd adlı idarə müdiri bu yanlışlığı düzəltmək əvəzinə, mühəndisi nə yolla olur-olsun işdən azad etməyə qərar verir. Və R.Abdullayevin o müsahibəsindən nə az nə çox, düz 11 ay sonra mühəndis işdən qovulur…
Mən bu yanlışlığı yoluna qoymaq üçün ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin adlı şəxslə əlaqə yaratmaq istədim. Təsəvvür edə bilirsinizmi, bu çabanı şəxsən Rövnəq Abdullayevlə görüşmək üçün sərf etsəydim, yəqin, alınardı. Məcbur olub mesaj göndərdim, cavab verdi ki, iclasdayam və sualınıza cavab verə bilməyəcəm. Nəticədə tərkibində  iki azyaşlı uşaq olan bir ailə çörəksiz qaldı… 
Bu kədərli hadisə mənə Stalinlə bağlı daha bir lətifəni xatırlatdı. Rus dilini zəif bilən xalqlar rəhbərinin hər çıxışından sonra dilçi?alim Lunaçarskinin rus qrammatikasına etdiyi dəyişikliklər haqda lətifə…
O ki, qaldı iki Abdullayev məsələsinə, futbolumuza Abdullayev lazımdır, amma onun adı Əsgər olsa, daha yaxşı olardı… 
Serbiyanı diz çökdürən məşqçimizi deyirəm…