Hikkəyə qurban verilən Azərbaycan

Ermənidən betər olan kimdir?

 
Deməli, bu hakimiyyətin korrupsiya layihələrini tənqid edən şəxslər, təşkilatlar, qəzetlər bir qayda olaraq “ermənipərəst” damğası ilə “mükafat”landırılır. Çünki,  hakimiyyət üçün puldan və vəzifə kürsüsündən daha müqəddəs, daha dəyərli heç nə yoxdur. Bu gün 100-ə yaxın siyasi fəalın şərlənərək həbs olunması, müstəqil mətbuatın sıradan çıxarılması, məhkəmələrin oyuncaq quruma çevrilməsi də məqsədyönlüdür və hakimiyyət kürsüsünü itirmək təhlükəsindən doğur.
Son dövrlər isə hakimiyyət üçün ən önəmli məsələ Avropa Oyunlarıdır. Bu tədbirin Azərbaycana heç bir gəlir gətirməyəcəyi, əsl Avropa Oyunlarının 2017-ci ildə Qlazqoda keçiriləcəyinin deyilməsinə baxmayaraq, hakimiyyət Avropa Oyunlarını əzizləməkdə davam edir. Qeyd edək ki, Avropa Oyunlarına 8 milyard manat vəsait xərclənməsi, ölkəyə gələn bütün əcnəbilərin, o sıradan ermənilərin xərcinin ödənməsi  ölkə ictimaiyyətinin narazılığına səbəb olub. Çünki, sadə vətəndaş da başa düşür ki, bu tədbirin keçirilməsi onsuz da böhran vəziyyətində ölkəni daha da ağır vəziyyətə salacaq. Amma Azərbaycan hakimiyyəti üçün vətəndaşın nə düşünməsi önəmli deyil. Əsas odur ki, Avropadan gələnlərə xidmət göstərsinlər və bütün dünya YAP hakimiyyətinin qonaqpərvərliyindən danışsın.
Milli Məclisin ötən gün keçirilən iclasında da Avropa Oyunları gündəmə gəlib və bu tədbirə qarşı çıxış edənlər sərt şəkildə tənqid edilib. Spiker Oqtay Əsədov isə “Avropa Oyunlarına qarşı çıxanlar ermənidən də pisdir” deyib. 
Bəli, Oqtay Əsədova görə Azərbaycanın 20 faiz ərazisini işğal edən, 10000-dən artıq vətəndaşımızı qətlə yetirən, 1000-lərlə soydaşımızı əlil həyatı yaşamağa məhkum edən, 1 milyon insanı yurd-yuvasından didərgin salmış ermənidən də pisdir. Bunlar öz cılız maraqlarının təmin olunması naminə, ölkə vətəndaşını “ermənidən betər” hesab edirlər. Ümumiyyətlə, bu ölkənin ən dəyərli qələm adamları, siyasətçiləri, ziyalıları, gəncləri, hüquq müdafiəçiləri  “erməni” damğası ilə ittiham ediliblər. Dəfələrlə yazmışıq ki, ermənilərə qarşı ən böyük sevgi Azərbaycan hakimiyyətinin fəaliyyətində əks olunub. Sadəcə olaraq  Azərbaycan cəmiyyəti “erməni” məsələsinə həssas olduğuna görə hakimiyyət bu amildən vətəndaşı şərləmək üçün istifadə edir. Məhz buna görə Qarabağ münaqişəsinin həlli hakimiyyətin marağında deyil. Çünki, ermənilərlə problem həll olunduqdan sonra “ermənipərəst” ittihamının dozası aşağı düşəcək.
Qayıdaq Oqtay Əsədovun vətəndaşı “erməniləşdirmək” cəhdinə.  Göründüyü kimi, hakimiyyət öz iyrənc siyasətindən imtina etməmək üçün öz vətəndaşını erməni adlandırmağa da hazırdı.  Yuxarıda qeyd etdiyimiz kimi, azadlıq, demokratiya, şəffaflıq tələb edən, korrupsiyaya, yaltaqlığa, monopoliyalara etiraz edən vicdanlı insanlar, bu gün şərlənərək həbs edilib və onlara “erməni” ləkəsi vurulub.
Beynəlxalq aləm də hakimiyyətdən siyasi məhbusların azad edilməsini, insan haqlarının təmin olunmasını tələb edir.  Amma hakimiyyət daxildən və xaricdən səslənən tənqidləri “ermənipərəst” arqumenti ilə cavablayır və bununla da öz hakimiyyətinin ömrünü uzatmağa çalışır.
Bir sözlə, hakimiyyət dövlətin maraqlarını, perspektivlərini  öz hikkəsinə qurban verir. Oqtay Əsədovun “ermənidən betər” ittihamı da bu hikkənin davamıdır. Avropa Oyunları ilə bağlı yazılan tənqidi məqalələri 100 minlərlə insan oxuyur və dəstəkləyir. Deməli, Oqtay Əsədov 100 minlərlə vətəndaşı “ermənidən betər” hesab edir.
Unutmayaq ki, erməni ilə döyüşdə şəhid olanların, qazi olanların sığorta haqqını yeyən də, Qarabağ qazisini intihar həddinə çatdıran da, erməniyə hesab ödəyən, erməni truppasını ölkəyə dəvət edən də bu hakimiyyətdir. 
Indi seçim sizindir. Ermənidən betər olan kimdir?
S.Novruz